Paris kitablarda – 6 seçim (FOTOLAR)

Paris kitablarda – 6 seçim (FOTOLAR)

Deyirlər ki, Parisdə edə biləcəyiniz ən yaxşı şey orada azmaqdır. Memarlıq nöqteyi-nəzərindən dəqiq tikilmiş şəhər birinci, ikinci, üçüncü və daha sonrakı səfərlərdən sonra belə sizi araşdırmaçı-səyahətçi rejimində saxlayır. Turist olaraq bu şəhəri özünüz üçün kəşf etməkdən qorxmayın, çünki özünüzü parisli hesab etməyiniz üçün orada anadan olmaq mütləq deyil. Ancaq Parisdə yenidən dünyaya gəlmək olar!

Sevgi şəhərinə belə “səyahətdə” təkcə bələdçi və Tripadvisor deyil, həm də böyük romanlar kömək edir. Mopassan, Zolya, Stendal, Hüqo – bu siyahını uzatmaq olar. Bu yazıçılar və onların virtuoz təsvir etmə qabiliyyəti sayəsində bizim nənə və babalarımız qatar və təyyarələrsiz başqa şəhərlərə gedə bilirdilər. Paris onun sakinlərinin tanıdığı kimi tanımaq və artıq orada olmusunuzsa, şəhərə yeni baxışla baxmaq üün bir neçə əsəri sizə təqdim edirik.

“Böyük binalar yüksək dağlar kimi əsrlərin məhsuludur”
“Lap əvvəldən” başlayın və klassiklərə müraciət edin. Onların romanları artıq zamanın sınağından keçib. Bütün fransız yazıçılardan daha çox fransız olan Viktor Hüqonun yazdığı “Notrdam kilsəsinin qozbeli” fransız dilində ilk tarixi romandır. Yazıçı bizi orta əsr Fransasının qorxulu küçələrinə aparır. “Notrdam kilsəsinin qozbeli” öz əksini baletdə, opreda, kino və məşhur myuziklda tapıb. Romanın əsl qəhrəmanları Kvazimodo, hətta Esmeralda deyil, məhz orta əsr memarlqı əsəri olan Notr-Dam de Pari kilsəsidir. Məhz Parisin qotik abidələri, Hüqonun əsərlərinin mərkəzində dayanır. O, bu məşhur əsərini 19-cu əsrdə sökülmək təhlükəsi altında olan qotik kilsəni qorumaq məqsədilə yazmışdı. Beləliklə, romantik dram yaratmaq yolu ilə Hüqo Avropada qotik abidələrin qorunması və təmiri uğrunda hərəkata başlanğıc vermiş oldu. Əsəri oxuduqdan sonra qorqulyalaral bu əzəmətli binaları daha da əzəmətli görəcəksiniz.

Paris kitablarda...

“Paris, demək olar, heç nə ilə məşğul olmadan, əla zaman keçirməyin mümkün olduğu yeganə şəhərdir”
Remark “Kalvados” alma brendisini bütün dünyaya tanıdan və tərifləyən yazıçı kimi tanınır. Ancaq itirilmiş nəsilin alman yazıçısı aşağı Normandiyanın alkoqol içkilərinin üstünlüklərini təsvir etməkdən başqa şeylərlə də tanınır. O, öz “Zəfər Tağı” əsərində Fransa paytaxtını xüsusilə gözəl təsvir edir. 20-ci əsrin ən kədərli romanı çoxlu sayda sitatlara bölünüb. Bayırda 1938-ci ildir. Doktor Ravik almaniyalı cərrahdır və üstəlik qaçqındır. Joan isə yarıingilis, yarırumın, aktrisa və müğənnidir. Qəhrəmanların sonsuz çırpınmalarını təsvir edərək, Remark gecə Parisini onun yarıboş bistro, çoxsaylı otel və insanları ilə gündüz olduğundan tamamilə fərqli şəkildə göstərir.

Paris kitablarda...

“Sevgi şəhəri. Dəbdəbə şəhəri. Qorxu şəhəri. Şənlik şəhəri”
Tarixi romanlara bədii ədəbiyyatdan daha çox “hörmət edirsinizsə”, diqqətinizi Edvard Rezerforda və onun “Paris” əsərinə yönəldin. Onun əsərlərini oxumaq üçün “diqqət cəmləmək” – ən doğru sözdür. Bu ingilis yazıçı öz fikrini qısa şəkildə izah edə bilmir. O, təkcə Paris deyil, həm də London və Nyu-Yorkun tarixini böyük-böyük cildlərə sığışdırıb. Bununla belə, əgər Hüqo vurğunu qotik binalara edirdisə, Rezerford Parisin bütün tarixini bədii yanaşma ilə gözəl təsvir edə bilib. Siz sanki 7 ailə barədə əsər oxuyursunuz, əslində isə 13-cü əsrdən 1968-ci ilə qədər Sena sahillərindəki şəhərin xronikasına yüklənirsiniz. İmpressionistərin həyatı, yeni başlayan yazıçıların ağır yolu, Eyfel qülləsinin tikintisi, fransız ailələrinin genealoji ağacı – bu 800 səhifəyə gücünüz çatsa, Paris sizə tamamilə fərqli görünməyə başlayacaq. Romantik qablaşdırmada bu sayda faktlar öz izini mütləq qoyacaq və sizin növbəti səfərinizdə çox yararlı olacaq.

Paris kitablarda...

“Paris bir növ okeanı xatırladır. Sən köpək balığısansa, okean yaşamaq üçün əla yerdir”
Digər ingilis yazıçı (qəribə deyil ki, ingilislər səssiz şəkildə fransızlara nifrət edirlər, onlar isə öz növbəsində ingilislərə qarşılıq verirlər, ancaq bir-birləri haqqıında möhtəşəm əsərlər yazmağa davam edirlər) Stefan Klark bir əsr sonra Paris və onun sakinləri barədə yumoristik hekayə yazmaq üçün Fransaya gəlir. Hekayə çoxmilyonluq tirajla satıldı və ilk aydaca bestsellerə çevrildi. Onun “Tanrı, Fransanı qoru” əsərində Paris həyatının ən dəqiq detalları (təbii ki, ingilis yumoru ilə) toplanıb. Yumor bir qırağa, bu əsəri sarkazm kitabı adlandırıblar. Fransa paytaxtına gələrək, Klark burada həmişəlik qalmaq qərarı verdi. Bu isə onun bu şəhərə simpatiyasından xəbər verir. Gizli simpatiyadan. Öz qonşuları üzərində sarkazm toplusunda ustalıqla gizlədilmiş simpatiya. Paris barədə bütün həqiqəti – tıxaclar və çirkli küçələr, növbələr və dəhşətli büroktratiya, snobçuluq və acıdillik – bilmək istəyənlər üçün əla qiraət. Siz peşman olmayacaq və parislilər barədə hər şeyi olduğu kimi öyrənəcəksiniz!

Paris kitablarda...

“Bəxtin gətirib və gəncliyini Parisdə yaşamısansa, daha sonra harada olmağından asılı olmayaraq, o, ömrünün sonuna qədər səninlə qalacaq, çünki Paris – həmişə səninlə olan bayramdır”.
Heminquey pərəstişkarlarının sevimli romanı – Pulitzer laureatının Senanın sol sahilində yaşadığı illərdə yazdığı avtobioqrafiyası. “Həmişə səninlə olan bayram” Parisə “Toronto Starr” qəzetinin müxbiri olaraq gələn amerikalı yazıçı gənc Ernest barədə danışır. 20-ci əsrin əvvəlinin heyranlığı, Paris küçələri, istedadlı yazıçı və rəssamlar və müəllifin ilk sevgisi – Hedli Riçardson. 1956-cı ilə Parisə qayıdan Heminquey “Ritz” otelinin zirzəmisindən öz qədimi çamadanını götürür. Çamadanda o, Parisdə olduğu ilk illər və təəssüratları təsvir olunduğu “yüzillik” qeydlərini tapır. Köhnə gündəlikləri yenidən işləyərək və dəyişikliklər edərək onları ən son işlərindən biri olan “Təhlükəli yay” qaralamalarına daxil edir. Beləliklə, ktiab 1964-cü ildə yazıçının ölümündən sonra dördüncü arvadı Meri tərəfindən redaktə edilmiş və buraxılmışdır.

“Paris heç vaxt bitmir və burada olan hər kəs onu özünəməxsus şəkildə tanıyır”, – deyə Heminquey yazırdı. Bunu yoxlayın və səfər öncəsi doğru ədəbiyyat götürməyi unutmayın!

Paris kitablarda...

Mənbə: http://www.buro247.az/media/books/paris-kitablarda.html