Azərbaycan mediası hədəfi göstərdi, Türkiyə xüsusi xidmət orqanları zərbə endirdi

Azərbaycan mediası hədəfi göstərdi, Türkiyə xüsusi xidmət orqanları zərbə endirdi

Xəbər verildiyi kimi Türkiyə hakimiyyət orqanları Azərbaycan hakimiyyətinə qarşı təbliğat aparan jurnalist Aydın Taşın vəsiqəsini (sarı kartını) ləğv edib, onun kurultay.net adlı saytının fəaliyyətini dayandırıb. Aydın Taş Türkiyədə fəaliyyət göstərən anti-Azərbaycan çevrələrinə bağlı idi.

Xatırladaq ki, Türkiyədə bu dairələrin fəaliyyəti, o cümlədən Aydın Taşın məsələsi haqda ilk dəfə jurnalist Eynulla Fətullayev təsisçisi olduğu haqqin.az saytında “Azərbaycan ilanın yuvasını dağıtdı, indi söz Türkiyənindir” başlıqlı məqalə yazıb. (Məqalənin tərcüməsi virtualaz.org saytında dərc olunub: http://virtualaz.org/bugun/77436)

Həmin məqalədə Aydın Taşın Azərbaycanda hakimiyyəti devirməyə çağıran məqalələrindən də bəhs olunmuşdu. Müəllif təəssüflə ifadə edirdi ki, Azərbaycan hakimiyyəti Türkiyənin xahişi ilə ölkə ərazisində Gülən tərəfdarlarına qarşı sərt addımlar atsa da qardaş ölkədə uzun illərdir Azərbaycana qarşı fəaliyyət göstərən dairələrin fəaliyyətinə göz yumurlar.

Məqalədən sitatlar: “İ.Əliyev hakimiyyətinin Türkiyə hökumətinə özünün əsas rəqibi – gülənçilər sektasına qarşı mübarizəsində tam şəkildə siyasi dəstək verməsinə baxmayaraq, bütün bu illər ərzində Türkiyənin siyasi sistemində anti-Əliyev platformasının genişlənməsinə Türkiyənin göz yumması təəccüb və təəssüf doğurur. Bu qaragüruha qarşı heç bir tədbir görülmürdü, halbuki, Azərbaycan hakimiyyəti Ərdoğanın və onun hökumətinin elə ilk çağırışından sonra Türkiyəyə etibarsız görünmüş bir çox dövlət məmurunu və hətta oturuşmuş institutlarını qurban verdi. Lakin elə dünənə kimi Azərbaycan müxalifətinin elə həmin gülənçilər tərəfindən qaynaqlanan bir hissəsi Ankarada və İstanbulda özünü suda balıq kimi hiss edirdi. Kərimlinin gülənçi platforması ruhunda ən pis ideoloji təcavüz misalı ola biləcək “Kurultay” qəzeti isə hələ də hökumətimizə qara yaxır”

“Türkiyə prezidentinin ünvanına bircə hörmətsiz kəlməyə görə Bakıda hər hansı jurnalist işini və hətta azadlığını itirə bilər. Bəs nə üçün Türkiyədə jurnalistlər bizim hakimiyyəti atəşə tutmaqda davam edirlər? Ola bilsin, fikir verməyiblər. Qənimət Zahid və Əli Kərimli ilə olduğu kimi. Ümid edirik ki, bu vəziyyət belə qalmayacaq və “Kurultay” qəzeti özünün rəhbəri Taşla birlikdə tarixin bir küncünə gömüləcək – hazırda siyasi gülənçiliyin gömüldüyü yerə…”. (Virtualaz.org)