AYO-nu “boz kardinal” idarə edir – Həmid Herisçinin iddiası

AYO-nu “boz kardinal” idarə edir – Həmid Herisçinin iddiası

Postmodernistlər, Azad Yazarlar Ocağı (AYO) üzvləri arasında başlanan söz atışması bitənə bənzəmir. Hər gün yeni ittiamlar, yeni ağır sözlər tirajlanır. Bir zamanın eyni amal uğrunda mübarizə aparan söz adamları sözdən hazırlanan qılıncları ilə bir-birinin üstünə hücum çəkiblər. 

Son olaraq da publisist-yazar Həmid Herisçinin mərhum Rafiq Tağı barədə dedikləri bu atəşi daha da alovlandırdı. Musavat.com onun bu fikirlərini elə vaxtilə yaxın dostu, “silahdaşı” olan Rasim Qaraca ilə dartışmasını təklif etdi. Hər ikisi eyni vaxtda “Yeni Müsavat”ın debat otağında olsalar da, bir-birilə söhbətləşib, çay içib dərdləşsələr də, debat alınmadı.

Daha doğrusu, H.Herisçi debata razılaşdı, R.Qaraca isə bunun üçün uyğun vaxt olmadığını dedi. Beləcə, tərəflərlə ayrı-ayrılıqda söhbətləşmək zorunda qaldıq. R.Qaraca ilə söhbət dünən yayımlanmışdı. Linkə bax http://musavat.com/news/medeniyyet/yaxshi-yashamagin-yolu-kechmish-dostlara-tepik-atib-qabaga-getmek-olmamalidir_395478.html

İndi isə H.Herisçinin qalmaqal yaradacaq söhbətinə diqqət edək:

-Həmid bəy, bu günlərdə sizə ədəbi çevrədə yaranan qıcıqlı reaksiya ilə başlayaq. Rafiq Tağı ilə bağlı dedikləriniz olduqca mənfi qarşılandı. Ən azı ona görə ki, Rafiq bəy ölüb və ölənin də dalınca danışmazlar….

–Mərhumların dalınca danışmaq ənənəsini ədəbiyyatımıza məhz Rafiq Tağı gətirdiyi üçün bu iradları anlaya bilmirəm. Ünvanı səhv salıblar. Sualı gərək Rafiqin özünə verərdilər vaxtiylə. Mənə gəlincə həmişə diriləri ittiham etmişəm, sözü üzə demişəm.

“Qısası, ölülərin arxasınca danışmaq ənənəsi Rafiqdən gəlir. Nə tökərsən aşına, o da gələr başına-bu çox banal həqiqət, bəli axırda Rafiqdə də öz təsdiqini tapdı”

Bu mənada məni onun “tələbə”si sayın. Xahiş edirəm ki, cavabımı ironik qəbul edəsiz.

-Yenə də özünüzü onunla bağlı dediklərinizə görə haqlı hesab edirsiz? İsrarlısız… 

-Əlbəttə. Peyğəmbərimə, görmədiyi, tanımadığı rəhmətlik atama, özümə sataşdığına görə fikirlərimdə haqlıyam. Nəzərə alın ki, mən onun cavabını sağ ikən vermişəm. Özü mənə deyirdi ki, Azərbaycan xalqının çox gizli bir komnpleksini aşkarlayıb. Azərbaycanlının özünü söyəndə cavab vermir, atasını söyəndə cavab qaytarır.. O, bir həkim kimi bu kompleksi aşkarlamışdı, tam soyuqqanlı olaraq həyata keçirirdi.

– Mən bu mövzuda AYO sədri Rasim Qaraca ilə də danışdım. Vaxtilə birgə yaratdığınız bu qurumun indi düşdüyü vəziyyətlə bağlı… Eyni məsələni sizdən də soruşum. Niyə belə oldu? Bir-birinizdən qopduz, incidiz, birgə mübarizədən imtina etdiz… Səbəb nə idi? 

-Dostlarımı itirdim, bəli. Ağrılı prosesdi. Ortaya girib su bulandıranlar çox oldu deyəsən. Postmoderndən ayrılıb konspirologiyaya, mistisizmə üz qoymağımı silahdaşlarım qəbul etmədi. Aradakı çatlar bax burdan başlayıb axır lap dərinləşdi. İndi də özünün pik nöqtəsinə gəlib çatıb. Rəqiblərimin mövzusu tükənib deyəsən. Bu səbəbdən köhnə alovların közünü qurdalamaqla özlərinə nisgil tapırlar. Ədəbiyyata mövzuları həmişə elə mən vermişəm. Bu dəfə də qıt bazarınıza mövzu vermiş oldum.

-AYO-çular niyə parçaılandı? 

-2011-ci ildə AYO-nun məxfi, “boz kardinalı” aşkarlandı. Boz kardinal pərdə arxasından başladı qurumu maliyyələşdirib, idarə etməyə. Üzvlərin bəzilərini işə düzəltdi, bəzilərinə sayt verdi. Başladı AYO vasitəsilə ədəbi prosesə nəzarət edib, onu yönləndirməyə. Sözsüz ki, burda ən böyük maneə Həmid Herisçi idi. Rafiqə də, digərlərinə də həmin əmrləri o boz kardinal ötürdü. İndi də o pərdə arxasında həmin adamdır.

-O adamın adını açıqlamaq olar? 

-Sübutsuz danışmağı sevmirəm. Əlimdə foto, video,eləcə də audio yazıları olmadığı üçün ad çəkməyəcəm.

-O adam siyasi hakimiyyətdəndir?

-Mövzunu qapayaq. Mən cavabımı verdim.

– Daha bir fırtına isə Murad Köhnəqalanın AYB sıralarına üzv olub, Anarla görüşməsi, onun barəsində müsbət fikirlər səsləndirməsindən sonra qopdu. Öncə qısaca onu soruşum… Sizin buna münasibətiniz necədir? 

-Əvvəlcə mən Anar barədə yazdım. Murad sonra qoşuldu bu təşəbbüsümə. Ancaq mən bu təşəbbüsün sonrasını tutmadım-yəni AYB-yə üzv olmaq, təqaüd almaq kimi xam xəyallara varmadım. Düzü prosesi ilk olaraq elə Anarın özü başladı-bir nəfər gəldi hüzurumu, “Göz muncuğu” romanının jurnal variantını atdı masam üzərinə. Dedi ki, bəs bu roman sən barədədi.

Vaxtiylə Anarla aramızda ciddi ədəbi toqquşmalar olub. Əsəri oxuduqca gözlərimə inanmırdım. Əhlimanın bioqrafiyası mənimkiylə demək olar ki, eyniydi. Qəhrəman Akademiyada işləyir (mən də vaxtiylə Akademiyada işəlmişəm). Okkult elmlərlə məşğuldu (folklor şöbəsində çalışmışam), Pirlərə-filana gedib-gəlir. Mərəzədə Diri Baba ocağını, Naxçıvanda Əshabü-kəhfi öyrənir ( ANS-dəki “Gizli azərbaycan” verilişimdə bu ünvanları qarış-qarış gəzmişəm). 8-ci mikrorayonda yaşayır ( ünvanım dəqiqdi). Elmi rəhbərinin adı Qafarzadədir (atamın adı Qafardı). Əhliman bu alimin guya sehirli Təbriz xalçasını yandırıb məhv etməlidir (biz təbrizliyik, xalçaçıyıq, bu cür sehirli kodlu xalçalar da biz də az deyil). Anara görə mənim bu istedadımdan məxfi qurumlar məharətlə istifadə edib öz rəqiblərini sıradan çıxarırlar (vaxtiylə məni Rafiq Tağını bax bu cür mistik yolla qətlə yetirməkdə ittiham etmişdilər). Anara görə Əhlimanda uzaq söhbətləri eşitmək məharəti da mövcuddur. Povestin axırındakı cümlələr isə lap qorxuludu. Anar qeyd edirdi ki, məxfi qurumlar bu məharətlərimdən istifadə edib axırda məni qətlə yetirəcəklər. MTN zabitinin dilindən barəmdə povestdə görün bir nə deyilir: “Məncə, hə. İşini görsün, sonra özünü aradan qaldırmaq asandı. Bax belə. Şimali Azərbaycan ədəbi cameəsi gizli də olsa, qiymətimi verib. Povest yazıb barəmdə. Məni bax bu cür dəyərləndirib.

Əsərdə növbəti istedadım barədə bax bu sözlər özünə yer tapıb: “Əhlimanın özü də çox uzaqda edilən söhbətləri belə aydın eşitməsinə mat qalırdı. Bunu izah da edə bilmirdi, amma düşünürdü ki, əgər biz telefon, radio vasitəsiylə ən uzaq məsafələrdən səsləri eşidə biliriksə, nədən insan qulağının da belə imkanları olmasın. Hər halda, bəzi insanların belə qabiliyyəti ola bilər. Güman ki, mən özüm də elə nadir insanlardanam. Hər halda, gözümün təsir gücünə inanan tək bir özüm deyiləm, bunu bilən və bundan istifadə etmək istəyənlər də varmış. Qoy onlar öz oyunlarını oynasınlar, mən də öz oyunumu oynayacam. Görək kim kimə kələk gələcək. Bu işdə məni cəlb edən məsələ başqadır. Məni arxadan bıçaqlayanların çoxusu cəzalarına çatdı, indi növbə Qafarzadənindir. Fürsəti fövtə vermək olmaz”.

Romanı oxuyub barəsində müsbət rəy yazdım.

Bilirsiz, Anar bu romanında rasional deyil, irrasional zərrəni axtarıb. Bu, mənim indiki ədəbi meyarlarıma tam uyğundur. Demək, Anarla aramızda bir körpü yaranıb, uçurum deyil.

-Demək istəyirsiz ki, proses burdan başlanıb… 

-Əslində AYB ilə aramızdakı dialoq bu nöqtədən başladı.

-Sonra nə oldu? 

-Sonra bu cığıra istər-istəməz başqaları qoşdu. O cümlədən Murad Köhnəqala. Yolları açıq olsun. Mən özümü nə AYO-da, nə AYB-də görürəm. Təklikdə, tənhalıqda görürəm.

– Bəs Muradın bu addımı? 

  • Özü bilər. Qatışmıram. Biganəyəm.

-Ev, təqaüd almaq istəyini normal qarşılamırsız? 

-Ehtiyacı varsa müraciət etsin.

Məncə, onun iqtisadi vəziyyəti son dərəcədə ağırdır. Muradı başa düşürəm

–  Bir çoxuna görə, dostlarından gözlədiyi qayğı və dostluğu görmədiyi üçün bu addımı atdığını deməsi bəhanədir… Sizcə?

-Azad yazarlar həmişə azaddırlar. Halal xoşu olsun. Mən bir dəfə AYB binasına daxil olanda eynəyim gözümdən ayrılıb yerə düşdü. Qırıldı. Növbəti itkim daha ciddi ola bilər deyə daha AYB-yə ayaq basmaq fikrində deyiləm.

-AYO-çuları bir araya gətirməyən səbəblərdən biri də hərəsinin bir yerdə, bir işlə məşğul olmasıdır deyirlər. Pul olmayanda ümumi amal da arxa plana keçir deyəsən… Elədir?

Xainliyi sevmirəm. Lazım gələndə əlim titrəməyəcək. Tətiyi sıxacam

– Siz bu günlərdəki Tiflis səfərinizdə Seymur Baycanı da gördüz. Yazınızı oxudum – çox miskin, həyatın sanki dibindən yazırmış kimi yazmışdız… Sizin gözünüzdə Seymur Baycanın Tiflis tablosu bu qədərmi acınacaqlı idi?

-Bəli. Təəssüf ki, beləydi o görüş…Görünür orda siyasi sığınacaq almaq üçün harasa müraciət edib. Belə hallarda gərək sığınacağını tərk etməyəsən. Gördüklərim Anarın “Otel otağı”nı xatırlatdı. Təəssüf. Yazarlarımızın xaricdə  Anar qəhrəmanlarının taleyindən çıxa bilməməsini görmək, bəli, çox ağrılı mənzərəydi mənimçün.  Bayaq İlham Tumas zəng edib APA TV-də məni Muradla qaladiator döyüşlərinə dəvət edir. Biz romalı olsaydıq bu yeni Kolizeyin səhnəsinə çıxardım. Ancaq biz Qafqaz əhliyik, bizdə it boğuşdurmaq adətdi.

-Sizcə, hazırda ədəbi çevrədə başlanan bu burulğan nə qədər davam edəcək?

“Ədəbiyyata yeni, köhnə mövzuarı həmişə mən vermişəm. Görünür bu dəfə də mənim adımdan istifadə edib, ədəbi həyatı qızışdırmaq istəyirlər. Haram xoşları olsun”

(musavat.com)