Azərbaycan-Ukrayna dostluğuna həsr olunan konsert keçirildi – Sumı şəhərində (FOTOLAR)

Azərbaycan-Ukrayna dostluğuna həsr olunan konsert keçirildi – Sumı şəhərində (FOTOLAR)

Sumı şəhərində  Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü  ilə Azərbaycanla  Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş  konsert keçirilib.

ASSA news xəbər verir ki, Azərbaycanla Ukraynanın dövlət himnlərinin sədaları altında başlanan dostluq gecəsində  Ukraynanın tanınmış mədəniyyət və incəsənət xadimləri, Ali Radanın deputatları, Sumı vilayətinin rəsmi nümayəndələri, media təmsilçiləri, Azərbaycan səfirliyinin diplomatları və milli diasporumuzun fəalları iştirak edib.

Tədbirdə Azərbaycanla Ukrayna arasında  bir çox sahələrlə yanaşı diplomatik əlaqələrin 25 illik uğurlarından söz açan  Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov ikitərəflı  strafeji münasibətlərin möhkəm əsaslar üzərində qurulmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ikitərəfli iqtisadi, siyasi, elmi mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığını  nəzərə çatdıran fəxri konsul dost və qardaş xalqlarımıza sülh və əminamanlıq, müstəqil dövlətlərimizə  xoş və firavan gələcək arzulayıb.

Dostluq gecəsində çıxış edən Sumı vilayətinin qubernatoru Nikolay Klochko son illər Azərbaycanın Xarkov şəhərindəki fəxri konsuluğun təşəbbüsü ilə ölkələrimiz arasında regional iqtisadi, ticarət, elmi, mədəni  əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

O, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanovu Ukrayna prezidenti Pyotr Poroşenkonun sərəncamına əsasən “3-cü dərəcəli dövlətə xidmət” ordeni ilə təltif olunması münasibəti ilə təbrik edərək, bununla bağlı çıxarılmış qərarı fəxri konsula təqdim edib.

Tədbirdə ölkələrimiz arasındakı iqtisadi-siyasi əlaqələrin inkişaf dinamikasından söz açan Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev beynəlxalq arenada hər iki dövlətin eyni mövqedən çıxış etmələrini müstəqillik tariximizin uğuru kimi dəyərləndirib.

Son illər Azərbaycanın inkişaf edərək bölgədə lider, beynəlxalq arenada böyük nüfuz sahibinə çevrildiyini qeyd edən diplomat tarixin bütün dönəmlərində Azərbaycanla Ukraynanın bir-birilərinə maddi və mənəvi dəstək verdiyini bildirib.

Tədbirdə Milli Məclisin sabiq deputatı Elton Məmmədov, Ukrayna parlamentinin deputatı Oleq Medunitsa və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxış edərək ikitərəfli dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyindən bəhs ediblər.

Sonra söz musiqiyə verilib.

Gecədə Ukraynanın xalq artistlərii Qurban Abbasov, Pavel Zibrov, tanınmış səhnə ulduzlarından Vasili Bondarçuk, Anna Mariya bacıları  və digər  incəsənət  ustalarının şən və həzin  mahnıları, peşəkar rəqs ansambllarının rəngarəng  çıxışları böyük alqışlarla qarşılanıb.