Azərbaycan Ermənistana uçan Rusiya təyyarəsini hava məkanına buraxmadı – YENİLƏNİB

Azərbaycan Ermənistana uçan Rusiya təyyarəsini hava məkanına buraxmadı – YENİLƏNİB

Rusiya Müdafiə Nazirliyi Ermənistana və oradan “Suriya istiqamətinə” uçmalı olan İl-76 hərbi-nəqliyyat təyyarəsinin Azərbaycanın hava məkanına buraxılmaması barədə məlumatları təsdiq etmir.

Bu haqda “Novosti Armeniya” agentliyinə Rusiya MN-dəki mənbə bildirib.

“Belə informasiya yoxdur. Bundan əlavə “Suriya istiqamətinə” Ermənistan daxil deyil. İrəvanın “Erebuni” aeroportuna ancaq Rusiyanın Ermənistandakı aviabazasının və 102-ci bazanın həyati fəaliyyəti ilə bağlı uçan təyyarələr enir”– mənbə bildirib.

10:54

Azərbaycanın mülki aviasiya xidməti Ermənistan istiqamətində uçan Rusiya İl-76 hərbi-nəqliyyat təyyarəsinin ölkənin hava məkanına daxil olmasına icazə verməyib.

Rusiya KİV-lərinə istinadən xəbər verilir ki, bu barədə Livejournal-da hava nəqliyyatının işini radar məlumatlarının köməyi ilə izləyən GalandecZP ləqəbli bloqqer bildirir. 

Yerüstü nəzarət məntəqəsi ilə pilot arasında radio danışıqlarının bloqqer tərəfindən yayılmış audioyazısına əsasən İl-76 Ermənistandan “Suriya istiqamətində” uçmalıydı. Lakin Azərbaycan təyyarənin hava məkanından keçməsinə icazə vermədiyi üçün İl-76 qalxdığı aeroporta-Soçiyə geri dönüb. “İrəvana qədər uça bilməyəcəksiniz. Azərbaycan buraxmır. Uçuş qadağan olunub”-dispetçer pilota bildirir. Daha sonra ekipaj Soçi aeroportuna dönmək barədə komanda alır.

Məlumata görə təyyarə Rostov üzərindən uçarkən Azərbaycanın hava məkanına buraxılmayacağı haqda ekipaja məlumat verilib. Bloqqer qeyd edir ki, Azərbaycan əvvəl Suriyaya uçan Rusiya təyyarələrinə icazə verirdi.

Bununla belə məlumdur ki, Azərbaycan Suriyaya uçan Rusiya hərbi təyyarələrinə heç də həmişə icazə verməyib, təyyarələr əksər hallarda Azərbaycanın hava sahəsinə daxil olmamaq üçün Xəzərin üzərindən uçublar. İndiki halda isə təyyarə İrəvanda yerə enəndən sonra oradan Suriya istiqamətində uçmalıydı. (Virtualaz.org)

Print Friendly, PDF & Email