Tramp Putinin dostunu dövlət katibi qoyur

Tramp Putinin dostunu dövlət katibi qoyur

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “ExxonMobile” neft korporasiyasının direktoru Reks Tillersonu dövlət katibi vəzifəsinə təyin etməyə hazırlaşır.

Bu barədə “The Wall Street Journal” Trampın keçid komandasındakı iki vəzifəli şəxsə istinadən yazır.

Mənbələr bildiriblər ki, 64 yaşlı Tillersonun dövlət katibi olmaq şansı qalan namizədlərdən xeyli çoxdur. Ötən həftə Tillerson Trampa görüşüb və gözlənilir ki, onlar bu həftə sonu yenidən görüşəcəklər. Tramp dövlət katibi postuna təyinatını gələn həftə elan etməlidir. Digər namizədlər isə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus və ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Boltondur.

Reks Tillerson Rusiya prezidenti Vladimir Putinlə sıx əlaqələrə malikdir. O, 2011-ci ildə Moskvada energetika sahəsində əməkdaşlığa dair danışıqlar aparıb. 2012-ci ildə Putin Tillersonu “Dostluq” ordeni ilə təltif edib. “ExxonMobile” korporasiyasının rəhbərliyində Tillerson Rusiyaya qarşı sanksiyaların əleyhinə çıxıb. (Virtualaz.org)