Türkiyədə 1 günlük matəm: İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyədə 1 günlük matəm: İlham Əliyev Ərdoğana başsağlığı verdi

Dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyədə bir günlük matəm elan olunub.

Türkiyənin Nazirlər Kabinetinin yaydığı yazılı məlumatda matəm günü dövlət bayraqlarının yarıyadək endiriləcəyi bildirilir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz qardaşım,

İstanbulun Beşiktaş rayonunda törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri məni olduqca kədərləndirdi.

Biz bu terror aktını lənətləyir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!”.

***

Türkiyənin daxili işlər naziri Süleyman Soylu dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində törədilən terror aktı nəticəsində 29 nəfərin həlak olduğunu, 166 nəfərin yaralandığını bildirib. Həlak olanların 27-si polis əməkdaşı, 2-si dinc vətəndaşdır. Hadisə ilə bağlı 10 nəfər saxlanılıb.

Terror hücumu Beşiktaş rayonunda Vodafone Arena stadionu yaxınlğında yerli vaxtla saat 22:30 radələrində (Bakı vaxtı ilə 23:30) “Beşiktaş”-“Bursaspor” matçının bitməsindən saat yarım sonra baş verib. Bir-birinin ardınca törədilən iki partlayışda çevik polis qüvvələri hədəfə alınıb. Süleyman Soylu partlayışlardan birinin bomba yüklü avtomobillə, digərinin isə canlı bomba tərəfindən törədildiyini açıqlayıb.

Hadisə yerində təhqiqat davam edir.