Bakılı Erik Xaçaturyan Bakıya gəldi

Bakılı Erik Xaçaturyan Bakıya gəldi

Dünən Bakıda “Ermənistanla Azərbaycan arasında sülh naminə platforma”nın ofisində doğma şəhərini 30 il əvvəl tərk etmiş bakılı Erik Xaçaturyanla görüş keçirilib.

Erikin uşaqlığını keçirdiyi şəhərlə uzun illərdən sonrakı ilk görüşü təsirli keçib. Bakıda təyyarə ilə yerə enən kimi o, tanış küçələri gəzib və addımbaşı bu ifadələri işlədib: “Burada qohumlarım yaşayırdı”, “Bu məktəbdə oxumuşam”, “Bu dostumun evidir”…

“Nəhayət ki, arzuma çatdım. Mən evimdəyəm”, – deyən Erik göz yaşlarını gizlədə bilməyib.

“Sülh platforması” Erik Xaçaturyana doğma şəhərini görmək imkanı verib. Bu, elə də asan başa gəlməyib. Müharibə vəziyyətində olan hər iki ölkə – Azərbaycan və Ermənistan qarşı tərəfin vətəndaşlarının səfərlərinə ehtiyatla yanaşır.

Lakin dünən Platformanın ofisində keçirilmiş görüşdəki qədər səmimi və mehriban mühiti təsəvvür etmək çətindir. Sanki hamı uzun illərdən sonra görüşmüş doğma insanlar kimi idi.

Görüşdə çıxış edən Erik Xaçaturyan bildirib ki, burada keçirdiyi hisslər barədə uşaqlarına danışmaq istəyir, onlara da bu şəhəri göstərmək arzusundadır.