Ermənilərin daha bir uydurması üzə çıxdı

Düşmən iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndi istiqamətində növbəti təxribat törətdi. Təxribatın hədəfi isə kəndin dinc sakinləri oldu. İnsanlığa sığmayan bu əməlin qurbanı üç günahsız dinc sakin oldu. Aldıqları mərmi yaralarından  50 yaşlı Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyeva öz evlərinin həyətində həlak oldu. Bir nəfər yaralandı. Silahlı Qüvvələrimizin təmas xəttində düşmənlə üzbəüz mövqelərdə yerləşən bölmələrinin cavab tədbirləri nəticəsində düşmən susduruldu.

Xarici ölkələrin nümayəndələri Alxanlıda

İyulun 6-da Azərbaycandakı xarici səfirliklərin  hərbi attaşeləri,  ölkəmizdə akkreditasiya olunmuş media nümayəndələri Alxanlı kəndinə gediblər. Onların bu səfərini Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu və Füzuli Rayon İcra Hakimiyyəti birgə təşkil etmişdilər.
Alxanlılar onu da yaxşı bilirlər ki, Ermənistan silahlı birləşmələrinin təxribatlarını Azərbaycan Ordusunun bölmələri heç vaxt cavabsız qoymur, şiddətli cavab atəşilə düşməni hər dəfə susmağa məcbur edir. Amma həmin axşamüstü…
– Yoldaşım Hamayılla kartof vardı, onu çıxardırdıq, – Mətləb Quliyev deyir: – Gördüm ki, mərmi başımızın üstündən fışıldaya-fışıldaya keçib, qardaşımgilin həyətinə düşdü. Dedim, Hamayıl, qardaşım Salmangilin evini vurdular. Balaca körpəyə, qadınlara atəş açmaq insanlığa sığası şey deyil.
Həlak olanlar Alxanlı kənd qəbiristanlığında dəfn ediliblər. Ancaq düşmənin yenə təxribat törədə biləcəyi səbəbindən  mərhumların yas mərasimi Alxanlı kəndində deyil, doğma yurdlarından didərgin salınmış soydaşlarımızın məskunlaşdığı Zovucuq-5 qəsəbəsində keçirilib. Qəlpə yarası almış 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva isə təcili hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb. Hərbi həkimlərimizin səyilə qadının həyatını xilas etmək mümkün olub.
Hərbi attaşelər və media nümayəndələri öncə Müdafiə Nazirliyinin hərbi hospitalında oldular, düşmən mərmisinin qəlpəsindən ağır  yaralanmış Sərvinaz Quliyevaya baş çəkdilər. O, minaatan mərminin partlaması nəticəsində sinəsindən, qolundan və ayağından qəlpə yarası alıb.
Palatada qonaqlar qarşısında Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev qeyd etdi ki, düşmən cəbhəboyu kəndləri daim atəşə tutur, dinc insanlar qətlə yetirilir. Onun sözlərinə görə, dinc sakinlərin hədəfə götürülməsi terrorçu Ermənistan rejiminin qaniçən mahiyyətini nümayiş etdirir.

Hədəf dinc sakinlər, uşaqlardır

Əliyalın insanlara divan tutmaq, qocalara, qadın və uşaqlara qarşı vəhşiliklər törətmək, metrolarda, avtobuslarda terror aktları həyata keçirmək insani simalarını itirmiş  erməni faşistlərinin çoxdankı adətidir. Meşəlidə, Xocalıda, Qaradağlıda düşmənin törətdiyi qırğınlar zamanı da dinc sakinlər hədəfdə olmamışdımı? Xocalıda erməni hərbçiləri 106 qadını, 63 uşağı amansızlıqla qətlə yetirmişdilər. Ermənilər əllərinə keçən soydaşlarımıza heç vaxt rəhm etməmişlər. Bu ölkədə bütün dünyanın qınadığı terroru dövlət səviyyəsində himayə edirlər. Alxanlıda baş vermiş qanlı hadisə də buna sübutdur. Bu cinayətkar əməlləri törədən ermənilər gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklər.
Atəşkəs barədə razılıq imzalandıqdan sonra da düşmən dəfələrlə təmas xəttinə yaxın yaşayış məntəqələrimizdə dinc sakinləri  hədəfə alır, atəşə tuturdu. 2011-ci il martın 8-də erməni snayperin Ağdam rayonunun işğal altındakı Şıxlar kəndi istiqamətindən açdığı atəş bir azərbaycanlı uşağın –  Orta Qərvənd kənd sakini, 2002-ci il təvəllüdlü Bədəlov Fariz Arif oğlunun həyatına son qoymuşdu.


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin statistikası acınacaqlıdır: düşmənin törətdiyi vəhşiliklər nəticəsində 193 azərbaycanlı uşaq  qətlə yetirilib. 61 uşaq itkin düşüb, 27-si əsirlikdən qayıtmayıb. 1994-cü ildə atəşkəs rejimi elan olunmasına baxmayaraq, 33 azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 19-u yaralanıb. Alxanlı kəndinin balaca sakini – iki yaşlı Zəhra da  onlardan biridir.
Beyinləri Qaregin Njdenin faşist ideyaları ilə zəhərlənmiş erməni millətçilərinin, zabit və əsgərlərinin  əsl siması budur. Onlar üçün insani dəyərlər yalnız beynəlxalq təşkilatların gözünə kül üfürmək üçündür. Onlar hər şeyi öz maraqlarına uf demədən qurban verir, cinayət və vəhşiliklərdən çəkinmirlər. İki günahsız insanın qətlə yetirilməsi növbəti dəfə bunu sübuta yetirir.
Səfər iştirakçıları Alxanlı kəndinin qəbiristanlığında torpağa tapşırılmış körpə Zəhranın və onun nənəsinin məzarını ziyarət etdilər, ürək ağrıdan mənzərəni gözlərilə gördülər. Zəhranın qəbrinin üzərinə qoyulmuş qanlı məsum çöhrəsi adamın ürəyini dağlayır. Yəqin ki, qəbiristana gəlmiş hər kəs o anda  düşünürdü: ermənilər bu günahsız  körpəyə necə qıydı?

Düşmənin iftirası ifşa olundu

Alxanlıdakı qanlı hadisədən sonra ermənilərin hərbi rəhbərliyi məlumat  yaydı ki, guya  onlar  bizim bölmələrin hücum fəallığının qarşısını almaq məqsədilə, Silahlı Qüvvələrimizə qarşı cavab tədbiri görərək “Alxanlıdakı atəş nöqtəsini” susdurublar.
Düşmənin növbəti dəfə Gebbelssayağı  yalan uydurduğunu insidentin qurbanlarının hərbçilər deyil, dinc sakinlərin olması da sübuta yetirir. Məgər evinin həyətində  Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra döyüş postumu qurmuşdular?
Digər tərəfdən, bu, o deməkdir ki, düşmən məqsədyönlü şəkildə dinc sakinləri atəş hədəfinə çevirib. Mülki vətəndaşlara qarşı sözün həqiqi mənasında terror həyata keçirib.
Hadisə yerində olmuş hərbi attaşelər və jurnalistlər bir daha düşmənin yalan məlumatlarla beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədinin şahidi oldular.
Müdafiə Nazirliyinin bildirdiyi kimi, hərbi attaşelər və KİV nümayəndələri kənd ərazisində Silahlı Qüvvələrin bölmələrinin heç bir qərargahının və atəş nöqtələrinin olmadığına yerində əmin oldular.
Bu fakt bir daha təsdiq edir ki, Ermənistan silahlı bölmələrinin əsas hədəfi dinc Azərbaycan əhalisi olub. Ermənistan rəsmilərinin kənd ərazisində guya hərbi bölmələrimizin mövcudluğu barədə yaydığı məlumat dezinformasiya və yalandır.
Pakistan səfirliyinin hərbi attaşesi Seyid İmran Əli jurnalistlərə qısa açıqlamasında bildirdi: “Biz Alxanlıya gələrək hadisə yerini öz gözlərimizlə gördük, insanlarla görüşdük. Ermənilərin açdığı atəş nəticəsində dinc insanların – balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsi ciddi narahatlıq doğuran faktdır”.
Kənd sakinləri də düşmənin uydurduğu məlumatı eşidib heyrətlənirdilər: bu qədər həyasızlıq, şərəfsizlik olarmı? Hər bir azərbaycanlının qürur və güvənc yeri olan Azərbaycan Ordusu dinc sakinləri heç vaxt təhlükə altında qoymaz!
Düşmənin növbəti təxribatından qəzəblənmiş kənd sakinləri üzlərini ilk növbədə xarici qonaqlara tutaraq azərbaycanlıların öz torpaqlarında yaşadığını, buna baxmayaraq işğal edilmiş torpaqlarımızda düşmənin belə qanlı təxribatlar törətdiyini, beynəlxalq təşkilatların yol verdiyi ikili standartlardan bezdiklərini dedilər, ya sülh yolu ilə torpaqlarımızın azad ediləcəyini, ya da hər kəsin silaha sarılaraq qüdrətli Azərbaycan Ordusu ilə çiyin-çiyinə  işğal edilmiş ərazilərimizi azad edəcəklərini vurğuladılar.

Ermənilərin daha bir uydurması

Yeri gəlmişkən, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iyulun 5-də Alxanlı kəndi istiqamətində qoşunların qarşıdurma xəttində olub. Alxanlı kənd ərazi nümayəndəsi İlham İsrafilov bizə bildirdi ki, ATƏT rəsmisi ön xəttə gedərək müşahidə aparıb. Sonra o, Alxanlı kəndində qanlı hadısənin baş verdiyi yerə gəlib,  bir sözlə, vəziyyətlə yerində tanış olub. Onu da qeyd edək ki, ATƏT-in Minsk Qrupunun müşahidəçiləri həmin ərazidə dəfələrlə monitorinq aparıblar və hərbi bölmələrimizin yerlərini çox yaxşı bilirlər.
Yeri gəlmişkən, insidentin baş verdiyi gün, iyulun 4-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında qoşunların təmas xəttində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri monitorinq keçiriblər. Həmin gün axşam isə ermənilər məlum təxribatı törədiblər. Üstəlik bəzi erməni KİV-ləri yenə həqiqətdən uzaq məlumatlar yayıblar ki, guya monitorinq zamanı Azərbaycan tərəfi ATƏT-in nümayəndələrini özünün ön mövqelərinə çıxartmayıb. Bununla onlar dünya ictimaiyyətinin diqqətini törədilmiş vəhşilikdən yayındırmağa cəhd göstərmişlər.

Bəs əslində hadisə necə olub?

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif  Dərgahlı söhbətində vəziyyətə aydınlıq gətirdi: “Monitorinqdə iştirak edən nümayəndələrin hər hansı nöqtəyə çıxmasını nə Azərbaycan, nə də Ermənistan  tərəfi müəyyənləşdirir. Əvvəlcədən özlərinin planlaşdırdığı və dəqiqləşdirdiyi mövqeyə çıxmağı ATƏT-in Minsk Qrupunun səhra köməkçisi həll edir. Həmin mövqeyə çıxmamışdan qabaq hər iki tərəfdən iştirak edən nümayəndələr öz aralarında radio rabitəyə girirlər, sonra vizual görüntü olur. Beləliklə, tərəflər təsdiq edirlər ki,  müəyyən edilmiş nöqtələrə çıxıblar. Yalnız bundan sonra Ermənistan və ya Azərbaycan tərəfi yox,  onlar özləri monitorinqi baş tutmuş hesab edirlər. Əslində Ermənistan tərəfinin bu hərəkəti  Azərbaycanın deyil, beynəlxalq qurumların gördüyü işə kölgə salmaq, beynəlxalq ictimaiyyətin diqqətini vacib məsələlərdən yayındırmaq cəhdidir.
Yəni, əslində, ATƏT-in Minsk Qrupunun nümayəndələrinin də təsdiq etdiyi kimi, monitorinq qrafikə uyğun şəkildə keçirilib və insidentsiz başa çatıb. Bütün bunlar göstərir ki, təxribat, yalan, iftira Ermənistan rəsmilərinin fəaliyyət üslubudur.
Jurnalistlər üçün keçirdiyi mətbuat konfransında polkovnik Vaqif Dərgahlı düşmənin Alxanlı təxribatı ilə bağlı onu da bildirdi ki, Ermənistan rəsmilərinin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edir ki, baş verə biləcək hər hansı hadisə ilə bağlı bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.”
Yada istər-istəməz ötən ilin aprelində təmas xətində baş vermiş hadisələr düşür. Həmin ərəfədə də düşmən qarşıdurma xətti boyunca təkcə Azərbaycan Ordusunun ön mövqelərini deyil, həm də cəbhəyanı kənd və qəsəbələrimizi müxtəlif çaplı silahlardan, minaatanlardan, artilleriya qurğularından səhər-axşam atəşə tutur, insanlara, evlərə xətər yetirirdi. Düşmənin, həmin təxribatından sonra Azərbaycan Ordusunun ön xətt bölmələri hərbi əməliyyat nəticəsində neçə-neçə yüksəkliyi, işğal altında olan yüzlərlə hektar ərazini azad etdi. Doğrudanmı, Ermənistan rəhbərliyi Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunu növbəti dəfə yoxlamaq qərarına gəlibmiş?.. (“Azərbaycan Ordusu” qzəeti)

Paylaşın:
Share