Azərbaycanda yeni aviaşirkətin biletləri satışa buraxıldı

Azərbaycanda yeni aviaşirkətin biletləri satışa buraxıldı

İyulun 11-dən etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkətinin aviabiletlərinin satışa buraxıldığı rəsmi saytı işə başlayıb.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən bildirilib ki, “www.butaairways.az” saytı üç dildə – Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

Aviaşirkətin ilk reysi sentyabrın 1-ə Tbilisiyə planlaşdırılıb.

İlk mərhələdə aviaşirkət Bakıdan Moskva (“Vnukovo” Hava Limanı), Kiyev (“Julyanı” Hava Limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək. Qış mövsümünün başlanması ilə (bu ilin oktyabr ayının 29-dan) “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul (“Sabiha Gökçen” Hava Limanı) və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq.

Bütün istiqamətlər üzrə minimal tarif cəmi 29 avro (bir tərəfə) təşkil edir. Lou-kost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək. Tariflər barədə ümumi məlumat “Tariflər və xidmətlər” səhifəsində təqdim olunub.

Qeyd edək ki, minimal tarif ilə alınan aviabiletlər qaytarıla və ya dəyişdirilə bilməz. Aviabiletlərin qaytarılması və dəyişdirilməsi şərtləri ilə daha ətraflı “Biletlərinin qaytarılması və dəyişdirilməsi” səhifəsində tanış olmaq mümkündür.

Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz olaraq təqdim olunacaq. İsti yeməyi aviabiletin alınması prosesi zamanı öncədən sifariş etmək mümkün olacaq. Menyu “Təyyarədə qidalanma” səhifəsində yer alıb. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkün olacaq.

Həmçinin sərnişinlərdən tez-tez daxil olan suallar əsasında saytda “Suallar və cavablar” səhifəsi hazırlanıb.

24 saat fəaliyyət göstərən çağrı mərkəzi ilə +994 (12) 493 14 14 telefon nömrəsi (Azərbaycandan zənglər üçün qısa nömrə *0808 növbəti həftədən fəaliyyət göstərəcək), callcenter@butaairways.az  elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq və ya saytdakı əlaqə forması vasitəsilə məktub yazmaq mümkündür.

Bütün yenilikləri və xəbərləri “Buta Airways”in “facebook.com/ButaAirways”, “instagram.com/ButaAirways”, “twitter.com/ButaAirways” sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür.

Qeyd edək ki, aviabiletləri, həmçinin kassalarda və rəsmi agentliklərdən əldə etmək mümkündür. Bütün ödənişlər uçuşun başladığı ölkənin yerli valyutasında mərkəzi bankın ödəniş gününə olan məzənnəsi ilə həyata keçirilir.

“Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. Aviaşirkətin əsası 2016-cı ilin dekabrında qoyulub. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Print Friendly, PDF & Email