Aleksandr Lapşinə 3 il həbs cəzası verildi

Aleksandr Lapşinə 3 il həbs cəzası verildi
print
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə ittiham olunan bloger Aleksandr Lapşinin cinayət işi üzrə növbəti məhkəmə istintaqı yekunlaşıb.

Prosesə hakim Əlövsət Abbasov sədrlik edib.

Prosesdə hökm oxunub.  Hökmə əsasən, Lapşinin ittiham olunduğu Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsinə xitam verilib. Məhkəmə qeyd edib ki, bu maddə ilə verilən ittiham məhkəmə istintaqı zamanı təsdiqini tapmayıb. Hökmdə qeyd edilir ki, Lapşinin Azərbaycan dövlətinin əleyhinə etdiyi çağırışları təxəyülünün məhsuludur, dedikləri ehtimal xarakteri daşıyır.

Məhkəmə Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqdirli bilərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

Lapşinin həbsi ilə bağlı yayılan rəsmi məlumatda bildirilir ki, müxtəlif dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə cinayət əlaqəsinə girərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

Lapşin özünə məxsus http//puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Aleksandr Lapşinin adını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.

A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına məlumatlar təqdim olunub.

Belarus Baş Prokurorluğu 2017-ci il yanvarın 17-də Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar verib… (Virtualaz.org)