İlham Əliyev Pirallahı rayonuna getdi – FOTO

İlham Əliyev Pirallahı rayonuna getdi – FOTO

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda balıq yetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub.

Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə rayonda və kompleksdə yaradılan şərait barədə ətraflı məlumat verdi.

***

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunun içməli su təchizatı layihəsinin açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyəti adından çıxış edən Ülkər Şirinova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.

Sonra Azərbaycan Prezidenti “Pirallahı qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlərin texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış oldu.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verdi.

Prezident İlham Əliyev Pirallahı rayonuna təmiz içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Pirallahı rayonunda “Nərəkənd” layihəsi çərçivəsində yaradılacaq “CMS Properties” MMC-nin balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısına müəssisə barədə məlumat verildi. Bildirildi ki, qapalı tipli fermada ildə 75 ton rus nərəsinin və 25 ton çökə ətinin, habelə 4 ton kürünün istehsalı nəzərdə tutulub. Həmin fermada dənizdən təchiz olunan su süzgəcdən keçirilərək duruldulacaq, duzluluğu müvafiq səviyyəyə çatdırılacaq və qapalı sistemdə təkrar dövriyyə olunacaq.

Prezident İlham Əliyev balıqyetişdirmə fermalarının təməlini qoydu.