Çempionlar Liqası: “Qarabağ” bu gün debüt edəcək – Londonda

Bu gün Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsində debüt edəcək.

Ağdam təmsilçisi “Stemford Bric” stadionunda İngiltərənin “Çelsi” komandasının qonağı olacaq.

Qarşılaşmanı Yunanıstan Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Anastasios Sidiropoulos olacaq.

Qarabağ” “Çelsi” ilə qarşılaşmanın hazırlıqlarını tamamlayıb. Komandamızın son məşqi oyunun keçiriləcəyi “Stamford Bric” stadionunda baş tutub. Futbolçularımız isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetiriblər. Son hazırlıq təxminən 1 saat davam edib.

Bu, Qurban Qurbanovun yetirmələrinin Londona ikinci səfəridir. Belə ki, iki il əvvəl UEFA Avropa Liqasının qrup mərhələsində Ağdam təmsilçisi “Tottenhem”lə üz-üzə gəlib. Azərbaycan və İngiltərə klublarının hələlik yeganə duelinin hər iki görüşündə britaniyalılar qalib gəliblər. “Qarabağ” Londonda 1:3, Bakıda 0:1 hesabı ilə uduzub.

“Çelsi”–“Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Qeyd edək ki, “Qarabağ” komandası qrup mərhələsinədək Gürcüstanın “Samtredia”, Moldovanın “Şerif” və Danimarkanın “Kopenhagen” klublarından üstün olub.