Lütfi Zadənin cənazəsi Bakıya gətirildi – FOTO

Lütfi Zadənin cənazəsi Bakıya gətirildi – FOTO
print

Bu gün dünya şöhrətli azərbaycanlı alim, professorLütfi Zadənin cənazəsi Azərbaycana gətirilib.

Cənazəni Heydər Əliyev adına beynəlxalq hava limanında tanınmış akademiklər Rasim Əliquliyev, Telman Əliyev, AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin müdiri Fətəli Abdullayev və digər ziyalılar qarşılayıb.

Qeyd edək ki, Lütfi Zadənin nəşi sentyabrı 26-da ABŞ-dan yola salınmışdı.

Cənazə Heydər Məscidinə aparılacaq və cənazə namazı qılınacaq.

Lütfi Zadə ilə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) olacaq. Mərasim saat 12.00-dan 14.00-dək davam edəcək.

Lütfi Zadənin I Fəxri Xiyabanda dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, dünya şöhrətli alim Lütfi Zadə sentyabrın 5-da 96 yaşında Kaliforniyada vəfat edib.

Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

Daha sonra ABŞ-a köçüb.

Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri idi.  (Teleqraf.com)