Unutmayın, amandı! – şeir

Unutmayın, amandı! – şeir

Əkbər Qurbanov

Unutmayın, amandı!

şeir

Balan kimi süd əmmişik qoynundan,
Dağlar, bizi unutmayın, amandı!
Ayrılarmı balasından analar?
Dağlar, bizi unutmayın, amandı!

Biz köçməzdik, yağı düşmən köçürdü,
Nə zülm ilə eldən – elə ötürdü,
Qohum, qonşu bir – birini itirdi,
Dağlar, bizi unutmayın, amadı!

Köç maşını karvan kimi düzüldü,
Göz yaşımız sinəmizə süzüldü,
Ev – eşikdən əllərimiz üzüldü,
Dağlar, bizi unutmayın, amandı!

Tariximiz, dünənimiz ordadır,
Cavan, qoca – ölənimiz ordadır,
Yeddi arxa dönənimiz ordadır,
Dağlar, bizi unutmayın, amandı !

Dədəmin əlinin bəhrəsi qalıb,
Anamın çatması, nehrəsi qalıb,
Xanası, darağı, cəhrəsi qalıb,
Dağlar, bizi unutmayın, amandı !

Qismət olsa, qayıdarıq, gələrik ,
Yaşayarıq, yenə deyib – gülərik ,
Qocalarıq, vətəndəcə ölərik,
Dağlar, bizi unutmayın, amandı !

İyun 1990 – cı il .

Print Friendly, PDF & Email