“İlham Əliyev hətta əmr etdi ki, sənəd imzalanmasın…”

“İlham Əliyev hətta əmr etdi ki, sənəd imzalanmasın…”

Avropa İttifaqının  noyabrın 24-də Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinin yekun bəyannaməsinin razılaşdırılması yenidən dalana dirənib. Buna səbəb sənədə Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan və Ermənistan tərəfindən bir-birinə zidd müddəaların təklif edilməsidir. Bu haqda “Azadlıq” radiosunun Brüssel müxbiri bildirir.

Məlumata görə hələlik Bakı və İrəvan münaqişəyə dair sənəddə əksini tapacaq formulla razılaşmayıblar. Baxmayaraq ki, sənədin qalan hissəsi ötən gün Avropa İttifaqının üzvü olan 28 ölkənin səfirləri tərəfindən ötən axşam razılaşdırılıb. Üzv ölkələr yekun bəyannamənin Qarabağa və “Şərq Tərəfdaşlığı” ölkələrindəki digər münaqişələrə  dair hissəsini kənara qoymalı olublar. Çünki Azərbaycan və Ermənistan mətnə bir-birlərinə zidd müddəa daxil etmək istəyir.

Bildirilir ki, Brüsseldə diplomatlar hazırdda yaranmış vəziyyətə görə olduqca  narahatdırlar. Çünki iki il əvvəl-“Şərq Tərəfdaşlığı”nın Riqada keçirilən sammitində də  Qarabağa görə analoji vəziyyət yaranmışdı. Nəticədə yekun bəyannaməsinin imzalanması baş tutmaya bilərdi.

“Azərbaycan prezidenti İlham Əliyev Bakını qane edən müddəanın bəyannaməyə daxil edilməməsinə etiraz olaraq sammitə qatılmaqdan imtina etdi. Xarici işlər naziri Elmar Məmmədyarov isə bir neçə saat  ərzində bəyannaməni imzalamaqdan imtina etmişdi və hətta iclas zalından çıxıb getdi, Avropa İttifaqı liderlərini qeyri-müəyyənlik şəraitində buraxdı”-mənbələr deyiblər.

Xəbərdə deyilir ki, həmin sammitdə prezident İlham Əliyev yekun bəyannaməsini imzalamamağı əmr etmişdi, nəticədə sənədin imzalanması bir neçə saat gecikdi. “Bu məsələ yenidən drama çevrilə bilər, Əliyev və Sərkisyan yəqin ki, sənəddə Qarabağa dair onları qane etməyən formullara görə, yaxud sənəddə bu məsələdən danışılmaması səbəbindən yekun bəyannaməni imzalamaya bilərlər”-müxbir xəbər verir.

Avropalı diplomatlar anonimlik şərti ilə bildiriblər ki, bu dəfə Riqada baş verənlərin təkrarlanmaması üçün Brüssel yekun bəyannamədə münaqişələrin adını çəkməməyi qərara alıb, ümumi məzmunlu formulla kifayətlənmək istəyir. Bəyannamənin ilkin variantında bu və ya digər münaqişənin adı göstərilmədən münaqişələrin dinc yolla, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə çağırılır. “Münaqişələrin nizamlanması, etimad mühitinin qurulması və xeyirxah qonşuluq iqtisadi və sosial inkişaf üçün mühüm əhəmiyyət kəsb edir”-sənədin ilkin variantında deyilir. Azərbaycan və Ermənistanın sənədə daxil etmək istədikləri formul isə məlum deyil.

Xatırladaq ki, “Şərq tərəfdaşlığı”nın Riqa sammitində Azərbaycan xarici işlər naziri yekun bəyannaməni ancaq Bakının mövqeyi əks olunmuş xüsusi əlavə ilə birlikdə imzalamışdı. Həmin vaxt xarici işlər naziri Məmmədyarov Bakının mövqeyini belə izah etmişdi: “Biz bildirdik ki, bizim üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsas həlli prinsipi BMT Təhlükəsizlik Şurasının qətnamələridir. Onlar isə bunu sammitin bəyannaməsinə daxil etmək istəmirdilər. Biz də buna etiraz etdik. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri ən önəmli hüquqi sənədlərdir və münaqişə də bu sənədlər əsasında həll olunmalıdır. Bununla belə, sonda razılıq əldə edildi ki, Azərbaycan da bəyannaməni imzalasın, lakin xüsusi rəylə. Mayın 25-də Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinin əks olunduğu xüsusi bəyanat göndəriləcək. Bu bəyanat sammitin yekun sənədinə əlavə ediləcək, bununla da məsələ bitəcək”. (Virtualaz.org)

Print Friendly, PDF & Email