Əkbər Qurbanov: Qaldı dağlarda – şeir

Əkbər Qurbanov: Qaldı dağlarda – şeir

Qaldı dağlarda…

şeir

Oğuz yurdum, doğma obam
Qaldı dağlarda, dağlarda.
Qəbirlərdə nənəm, babam
Qaldı dağlarda, dağlarda,

Cənnət idi hər guşələr,
Yaşıl çəmən, göy meşələr,
Kol dibində bənövşələr,
Qaldı dağlarda, dağlarda.

Ürək təmiz, vicdan təmiz,
Şənliyimiz, təntənəmiz,
Adətimiz, ənənəmiz,
Qaldı dağlarda, dağlarda.

Ən səmimi yoldaşlıq da,
Xətir, hörmət, yaxşılıq da,
Qohumluq da, qonşuluq da,
Qaldı dağlarda, dağlarda .

İsti vətən qucağı da,
Ata – baba ocağı da,
Anamın qab – qacağı da,
Qaldı dağlarda, dağlarda.

Əkbər Qurbanov

Noyabr, 2017.

Print Friendly, PDF & Email