Əli Həsənov: Azərbaycanlı sərmayədarlar Qazaxıstan bazarına maraq göstərir

Əli Həsənov: Azərbaycanlı sərmayədarlar Qazaxıstan bazarına maraq göstərir

Noyabrın 27-də paytaxt Astana şəhərində Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan diplomatik münasibətlərinin 25 illiyi ilə bağlı rəsmi qəbul təşkil olunub.

Qəbulda Azərbaycanın nümayəndə heyəti, Qazaxıstanın dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad MƏMMƏDOV tədbiri açaraq qardaş ölkələrimizin münasibətlərinin çox yüksək səviyyədə olduğunu və strateji xarakter daşıdığını qeyd etdi.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV rəsmi qəbulda çıxış etdi.

Tədbir iştirakçılarını salamlayan Əli Həsənov dedi ki, əsrin dörddəbiri tarix baxımından böyük müddət deyil, lakin iyirmi ildən bir qədər çox bundan əvvəl öz müstəqilliyini bəyan etmiş ölkələr üçün bu dövr bütöv bir epoxadır. Ötən 25 il ərzində biz çoxəsrlik dostluq ənənələrini nəinki qoruyub saxlamağa, həm də genişləndirməyə, Azərbaycan-Qazaxıstan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olmuşuq. Bu işdə həm ümummilli lider Heydər Əliyev və millətin lideri Nursultan Nazarbayev, həm də Azərbaycanın indiki Prezidenti İlham Əliyev çox böyük rol oynayıblar.

Azərbaycan-Qazaxıstan ikitərəfli əlaqələrinin mükəmməl müqavilə-hüquq bazasının formalaşdığını vurğulayan Prezidentin köməkçisi bildirdi ki, ötən müddətdə 100-dən çox dövlətlərarası və hökumətlərarası sənəd, o cümlədən “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Bəyannamə” (1997), “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” (2004), “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” (2005), “Azərbaycan və Qazaxıstan prezidentlərinin Birgə Bəyannaməsi” (2017) və digər sənədlər imzalanıb. Bu sənədlər, həmçinin müntəzəm surətdə keçirilən yüksək səviyyəli ikitərəfli görüşlər, səmərəli parlamentlərarası əlaqələr ölkələrimizin müasir mərhələdə yüksək etibara və etimada əsaslanan tərəfdaşlığının dərinləşməsinə və genişlənməsinə xidmət edir.

Ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyini və bir-birini dəstəklədiyini diqqətə çatdıran Əli Həsənov vurğuladı ki, Qazaxıstan 2017-2018-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən Azərbaycan ona səs verən ilk dövlətlərdən biri olub. Azərbaycan Astanada “EXPO-2017” beynəlxalq ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü də dəstəkləyənlərin birincilərindən olub.

Qazaxıstanın da eyni qayda ilə Azərbaycanı beynəlxalq tədbirlərdə və qurumlarda dəstəklədiyini bildirən Prezidentin köməkçisi dedi: “Biz Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi ilə nəticələnmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyinə görə qardaş Qazaxıstanın rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk”.

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələrin yüksək səviyyəsinin ticari-iqtisadi əməkdaşlığa da müsbət təsir göstərdiyini söyləyən Əli Həsənov qeyd etdi ki, Bakının yaxınlığında Beynəlxalq Dəniz Ticarəti Limanının yaradılması, bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, həmçinin Aktau limanının yenidən qurulması və yeni Kurik limanının açılması ölkələrimiz arasında əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Əlamətdar haldır ki, ölkələrimiz arasında iqtisadi əlaqələr təkcə ticarətlə məhdudlaşmır. Azərbaycanlı sərmayədarlar Qazaxıstan bazarına maraq göstərir və bu ölkənin iqtisadiyyatına fəal sərmayə yatırırlar. Azərbaycanda da Qazaxıstan şirkətləri uğurla fəaliyyət göstərir. Sərmayə qoyuluşlarının ümumi həcmi 200 milyon dollara yaxındır.

Prezidentin köməkçisi humanitar əlaqələrin də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını xatırladıb, Azərbaycanın Qazaxıstan ilə bu istiqamətdə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini, Bakı Dövlət Universitetində qazax dili, tarixi və mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyini, Qazax xanlığının yaradılmasının 550 illiyinə həsr edilmiş nüfuzlu beynəlxalq konfransın Bakıda keçirildiyini, paytaxt Bakının küçələrindən birinə böyük Abay Kunanbayevin adının verildiyini və onun barelyefinin açıldığını, qardaş xalqlarımızın tanınmış şəxsiyyətlərinin və yazıçılarının əsərlərinin hər iki dilə tərcümə edildiyini bildirərək dedi: “Bu gün biz Astanada “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatını keçirdik. Müəllifi Mahmud Kasımbekov olan bu kitab Azərbaycan dilinə tərcümə edilib. Bu il Heydər Əliyev Fondu Qazaxıstanın birinci Prezidenti – Millətin Lideri Fondu ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. Həmçinin Bakı Dövlət Universiteti və Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti arasında da memorandum imzalanıb. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Prezident Nursultan Nazarbayev Azərbaycanın ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilib”.

Çıxışının sonunda Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə bir daha təbriklərini çatdıran Əli Həsənov vurğuladı: “Qarşılıqlı münasibətlərin müasir vəziyyətini və perspektivlərini qiymətləndirərək inamla demək olar ki, dövlətlərimiz arasında əlaqələr daha da genişlənəcək və möhkəmlənəcək”.

x x x

Qazaxıstanın energetika nazirinin birinci müavini Maxambet DOSMUXAMBETOV qeyd etdi ki, ölkələrimizi həmişə səmimi dostluq, qardaşlıq və əməkdaşlıq münasibətləri birləşdirib. Azərbaycan ilə Qazaxıstan xarici siyasət məsələlərində də daim bir-birini dəstəkləyir.

Müstəqilliyimizin bərpasından sonra Qazaxıstan ilə Azərbaycan arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə mükəmməl müqavilə-hüquq bazası formalaşdırıldığını vurğulayan Maxambet Dosmuxambetov ölkələrimizin iştirakçısı olduğu enerji, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları layihələrinin əhəmiyyətindən danışdı.

Qazaxıstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu deyən energetika nazirinin birinci müavini bu potensialın reallaşdırılması üçün birgə səylərin vacibliyindən söhbət açdı. “Bizi ümumi tarixi köklər və mədəniyyətlə yanaşı, mehriban qonşuluq və dostluq əlaqələrinin inkişafına yönəlmiş yorulmaz iradə və əzmkarlıq birləşdirir”, – deyə Maxambet Dosmuxambetov əlavə etdi.

Tədbir çərçivəsində Qazaxıstan-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi münasibətilə qazax dilində nəşr olunmuş “İRS-MYRA” jurnalının təqdimatı keçirildi.

Jurnalın baş redaktoru Musa Mərcanlı “İRS”in müxtəlif dillərdə nəşr olunduğunu diqqətə çatdırdı və bu nəşrin məhz qazax dilində çıxmasının təsadüfi olmadığını bildirdi. O əlavə etdi ki, “İRS” jurnalında Azərbaycan və Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığı özündə əks etdirən mövzulara müraciət olunub. Jurnalda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın muğam haqqında geniş məqaləsi dərc edilib.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali ötən 25 il ərzində Qazaxıstan-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini diqqətə çatdırdı, ölkəmizin nümayəndə heyətinə təşəkkürünü bildirdi.

Sonda Azərbaycan nümayəndə heyətinin üzvlərinə “Qazaxıstanın müstəqilliyinin 25 illiyi” yubiley medalı təqdim olundu.

Print Friendly, PDF & Email