“Bir müddət Azərbaycanda yaşamaq bizə maraqlı gələrdi” – Roman Qriqorçukun qızı

“Bir müddət Azərbaycanda yaşamaq bizə maraqlı gələrdi” – Roman Qriqorçukun qızı

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun qızı Yevgeniya Qriqorçuk Sport24.az saytına müsahibə verib.

Həmin müsahibəni sizə təqdim edirik:

– Ailənizdən kənarda – Latviyada yaşayırsınız. Darıxmırsınız?

– Çox darıxıram, nə gizlədim. Təəssüf ki, ailəmlə istədiyim qədər tez-tez görüşə bilmirəm. Ancaq belə də, hər bir görüş qızıl dəyərində olur.

– Daha çox kimin üçün darıxırsınız? Atanız, ananız, yoxsa qardaşınız üçün?

– Bütün ailə üzvlərim üçün çox, lap çox darıxıram və onlarla birlikdə keçirdiyim hər dəqiqəni olduqca yüksək qiymətləndirirəm.

– Ailənizlə tez-tez danışırsınız, yoxsa əlaqəniz azdı?

– Atam mənim üçün hər şeydə nümunədi. Onunla hədsiz fəxr edirəm. Bu səbəbdən daim məsləhət üçün ona müraciət edirəm. Atamla söhbət etmək, ondan nələrisə öyrənmək, onu dinləmək mənə xüsusi zövq verir.

– Futbolu sevirsiniz?

– Atam bu idman növünə məhəbbətimi uşaq yaşlarımdan aşılayıb. Axı, onun üçün futbol həyat tərzidi.

– Nə vaxtsa atanızın komandasının oyununa baxmısınız?

– “Qəbələ”nin uğurlarını izləyirəm və sidq ürəkdən bu komandaya azarkeşlik edirəm.

– Roman İosifoviç komandasına qarşı tələbkardı. Bəs öz uşaqlarına qarşı necə?

– Doğrudan da atam maksimalistdi. Tələbləri ən yüksək həddədi. Ancaq ilk növbədə özünə qarşı, daha sonra isə rəhbərliyi altında çalışan insanlara. İstəyi budur ki, insan özünü işinə 100 faiz həsr etməlidi, hətta bundan da artıq. Qardaşımla mənə valideynlərimiz çox şey verib. Uşaqlıq illərimdə valideynlərim bütün təşəbbüslərimi dəstəkləyir, müxtəlif idman növləri və rəqsdə özümü yoxlamaq imkanı yaradır, müxtəlif məşğələlərə göndərirdilər ki, çoxşaxəli inkişaf edim, yeni biliklərə sahib olum. Buna görə də onlara hədsiz minnətdarlığımı bildirirəm. İndi mənim növbəmdi: onların mənə sərf etdikləri vaxtın, biliyin, gücün qarşılığını verim ki, öz övladları ilə fəxr etsinlər.

– Azərbaycana gəlmisiniz. Ölkəmiz xoşunuza gəlibmi?

– Bir neçə dəfə Azərbaycanda olmuşam. Bu ölkə məni öz gözəlliyi, özünəməxsus ab-havası, qonaqpərvərliyi və əlbəttə ki, mətbəxi ilə heyran edib.

– Atanız Latviyada işləyəndən orda qaldınız, yaşadınız, oxudunuz. İndi orda bank sektorunda çalışırsınız. Ola bilərmi, günlərin biri günü Azərbaycana köçüb burda işləyəsiniz?

– Düşünürəm ki, həyat yoldaşımla bir müddət Azərbaycanda yaşamaq bizə maraqlı gələrdi. Çünki ölkəniz Latviyadan çox fərqlənir.

– Yeri gəlmişkən, yenicə ailə həyatı qurmusunuz. Latviyalıya ərə getmisiniz?

– Həqiqətən də təzəcə ailə qurmuşam. Həyat yoldaşım rus olsa da, dünyaya gözünü Latviyada açıb və həmişə burada yaşayıb.

– Azərbaycanda ukraynalı qızları sevirlər. Bəs Latviyada?

– Elə Latviyada da ukraynalı qızları həm sevirlər, həm də dəyər verirlər.

– Niyə idman sahəsində çalışmadınız və ya idmançı olmadınız?

– Uşaqlıq illərimdə müxtəlif idman növləri ilə məşğul olmuşam. Həmişə nəsə yeni bir şeylə məşğul olmağa meylli olmuşam. Üstəlik, daim yaşadığımız yerləri dəyişirdik. Bu səbəbdən də daim idman növlərini dəyişirdim. Təhsil aldıqdan dərhal sonra işləmək üçün bankdan dəvət aldım. Bu üzdən də idman karyeram baş tutmadı. Hərçənd, ara-sıra futbol agenti olmaq ağlımdan keçirdi.

– Orda futbol matçlarına baxırsınız?

– Əlbəttə! Həyat yoldaşım da futbol azarkeşidi və idman dünyasındakı məlumatlarla yaxından maraqlanır. Elə bu səbəbdən də axşamlar tez-tez televizor qarşısında futbol matçlarını izləyirik.

 


Print Friendly, PDF & Email