Namiq Qursalı – Gözləri yollarda qalan, Qursalı

Namiq Qursalı – Gözləri yollarda qalan, Qursalı
print
Şeirlər

Borcluyam

Doğulduğum, boya-başa çatdığım,

Doğma kəndin torpağına borcluyam.

Yastığına baş qoyduğum, yatdığım,

Ata-baba ocağına borcluyam.

 

Məftunuyam yaylağının, dağının,

Gül ətirli qaymağının, yağının,

Bar dərdiyim ağacının, bağının,

Çiçəyinə, yarpağına borcluyam.

 

Şair kimi meşəsinə, koluna,

Korpüsünə, cığırına, yoluna,

Enişinə, yoxuşuna, yalına,

Hər küncünə, bucağına borcluyam.

 

Aşığının sazı çıxmaz yadımdan,

Qışı, yayı, yazı çıxmaz yadımdan,

Su sonası, qazı çıxmaz yadımdan,

Şad gününə, xoş çağına borcluyam,

 

Namiqəm, yurdumu abad görmüşəm,

Mənalı, maraqlı həyat sürmüşəm,

Körpə kimi qucağına girmişəm,

İsti, rahat qucağına borcluyam.

 

Qursalı

Gözümün nurusan, dilimin qəndi,

Şerimin hecası, qafiyə, bəndi,

Niyə gözün dolub, dağların çəndi,

Gözləri yollarda qalan, Qursalı.

 

Dağda çox cırıbdı çoban çarığı,

Yaralı ayağa vurub sarığı,

Bəsləyib, kökəldib axsaq, arığı,

Xəstəni qoynuna alan, Qursalı.

 

Nəhrəndə çalxanan yağdı, ayrandı,

Kəndimin Ozanı Aşıq Bayramdı,

O çalan məclisdə toydu, bayramdı,

Aşığı yadına salan Qursalı.

 

Boşaldı, dolmadı qaymaqla bal da,

Böyüdü yaralar şamama boyda,

Ağlayıb sızlamaq vermədi fayda,

Göynədib sazını çalan, Qursalı.

 

Babam məscid tikdi, atam bağ saldı,

Dərmədik bostanda neçə tağ qaldı,

Nə dərdim azaldı, yaram sağaldı,

Bu dünya yalandı, yalan, Qursalı.

 

Yerin təkanıyla binalar çökdü,

Buludlar, çeşmələr göz yaşı tökdü,

Ağılar, nalələr sinəmi sökdü,

Fikirə, xəyala dalan, Qursalı.

 

Pəmbəyin başını duman bürüdü,

Tale bizi qəribliyə sürüdü,

Vətən yanğısıyla, canım çürüdü,

Yaralı sazını çalan, Qursalı.

 

Yadıma düşəndə o yerlər hərdən,

Köksümə köz düşür, saçlarıma dən,

Namiqəm, dərdinə dözməyir bədən,

Mən sənin balanam, balan Qursalı.

 

Görərsən

Qapı döyüb hansı evə buyursan,

Bizim eldə hörmət, izzət görərsən,

Süfrədə ədəblə, ağır otursan,

Ləziz yeməklərdən ləzzət görərsən.

 

Bilinməz evlərdə qonağın sayı,

Süzülər fincana samovar çayı,

Hərənin qabına qoyular payı,

Sən də öz qabında qismət görərsən.

 

Əziz qonağımız sən gəzə-gəzə,

Taparsan özünə dost təzə-təzə,

Hər yerdə görərsən zarafat, məzə,

Məclislərdə qulluq, xidmət görərsən.

 

Soruşun qonaqdan söyləsin özü,

Doğma Qursalımdı Pəmbəyin gözü,

Bizdə qanun olar ağsaqqal sözü,

Qız-gəlində namus, ismət görərsən.

 

Namiq deyər dost gəlişi, qədəmi,

Coşdurar əlimdə susan qələmi,

Bəzərəm sözümlə canlı aləmi,

Şerimdə qonağa qiymət görərsən.

 

Namiq Qursalı