“Haqqıxlı günü” toplantısı – Qədim yurda Novruz diləkləri

“Haqqıxlı günü” toplantısı – Qədim yurda Novruz diləkləri

“İzimiz”, işğaldakı torpaqlarda itən milli mənəvi dəyərlərin araşdırılması və tanıdılması İctimai Birliyinin təşkil etdiyi növbəti “Haqqıxlı günü” toplantısı Çanaqqalanın zəfəri günündə keçirilib.

Kənd ağsaqqalları, ziyalılar, gənclər və qonaqların da iştirak etdiyi toplantı bir kəndin timsalında Qərbi Azərbaycanın, tərk edilmiş yurdun milli bayramı, Novruz adət-ənənələri və bu bayramın o yurdda necə keçirilməsi mövzusuna həsr olunub. Toplantını giriş sözü ilə açan Birliyin sədri Ayişə Nəbi Birliyin fəaliyyəti barədə məlumat verib, toplantının keçirilmə səbəbini dilə gətirərək toplantını idarə etməyi filologiya üzfə fəlsəfə doktoru, əməkdar müəllim, Mingəçevirdə ilk lisey-məktəbin yaradıcısı və direktoru Mayıl İsmayılova həvalə edib.

Geniş biliyə və savada malik olan hörmətli Mayıl müəllim məcburi tərk edilmiş, amma unudulmamış doğma yurdumuz haqqında maraqlı çıxış edib.

Sonra sözü ağsaqqallara verib.

Ağsaqqallardan Mədət Mustafayev, Talıb Nəbiyev, Kazım Kazımov, Firuzə Əfəndiyeva qədim el adətlərimizdən danışaraq bu toplantıda iştirak etdiklərinə görə məmnunluqlarını bildiriblər. Sonra tanınmış müəllim Səməddin İbrahimov, mühəndis Üzeyir Məmmədov, qonaq araşdırmaçı yazar Nizami Tapdıqoğlu, müəllimələr Zümrüd Kazımova, Gülümnaz İbrahimova, Rəfiqə Hüseynova, geoloq-alim Vaqif Həsənov, mühəndis Oruc Rzayev, elmi işçi Xalidə İbrahimova, Həqiqət Alıyeva, Namidə Kazımova və başqaları maraqlı çıxışlar edərək erməni işğalında olan yurdumuzda itirilən mənəvi mədəni dəyərlər, novruz adət ənənələri haqqında dolğun məlumat veriblər.

Qeyd ediblər ki, Novruz bu gün də yaşanır, amma o yurdda bu adətlər bir başqa dad verib: “Biz hələ də o qədim yurdu unuda bilmirik, unutmaq istəmirik. Ora bizim ilkinliyimiz, sonumuzdur. Biz ora qayıdacağıq” – deyən iştirakçılar, bundan sonra da toplantıların davam etməsini arzulayıblar. Axır Çərşənbə diləyi olaraq da “Biz bu gün Qərbi Azərbaycan Muxtar respublikasının yaranmasını və bizim öz qədim və doğma yurdumuza sərbəst gediş-gəlişimizin təmin olunmasını azru edirik” – deyiblər.

Toplantı xoş novruz arzuları, niyyətləri, sonda qədim yurdun özəl şirniyyatı olan kömbə və qatlamalı çay süfrəsi ilə başa çatıb. (Metbuat.az)