“Ufak tefek cinayetler” serialının rejissoru: Kimin öldüyü iyunda bilinəcək

“Ufak tefek cinayetler” serialının rejissoru: Kimin öldüyü iyunda bilinəcək

“Cəsur və Gözəl”, “Medcezir”, “Ufak tefek cinayetler” seriallarının və  “Delibal” filminin rejissoru Əli Bilgin Bakıya gəlib. Onun “Qafqazinfo”ya verdiyi müsahibəni sizə təqdim edirik:

– Əli bəy, Azərbaycana xoş gəlmisiz. Səhv etmirəmsə, bu, Bakıya ilk gəlişinizdir. 

– Ötən gün səhər gəlmişik. Bir az İçərişəhəri gəzdik. İlk dəfədir ki, Bakıya gəlmişəm. Daha əvvəl gəlmək niyyətim var idi. Rejissoru olduğum “Delibal” filminin qalası üçün gələcəkdim, alınmadı.

– Niyə gəlməmişdiz?

– Başqa bir proqramım var idi. Qala gecəsi ilə üst-üstə düşmüşdü. Təəssüf ki, alınmadı.

– Azərbaycanda rejissoru olduğunuz “Ufak tefek cinayetlər” serialına olan maraqdan xəbəriniz varmı?

– Açığını deyim ki, yeni öyrənmişəm. Az-çox sosial şəbəkələrdə yazılan şərhlərdən xəbərdar idim. Bura gələndən sonra layihənin daha çox tanındığının şahidi oldum.

– Xəbər yayıldı ki, Oya obrazını canlandıran aktrisa Gökçe Bahadır serialdan gedir, yerinə isə Bensu Soral gətirilir. Bu, doğrudurmu?

– Biz də sizin kimi mediadan oxuduq. Səhər oyandıq, xəbərlərə rast gəldik, oxuduq. Amma belə bir şey yoxdur.

– Çoxu deyir ki, bu serialdakı obrazların davranışları tamaşaçılarda intriqa istəklərini artırır, insanlarla münasibətlərdə yeni taktikalar inkişaf etdirir. Ssenarinin əsas məqsədi nədir?

– Məncə, silahların işə düşdüyü, insanların öldürüldüyü seriallar pis örnək ola bilər. İnsanlara həmişə yaxşı örnək olası layihələr yaratsaq, həyatın real üzü ilə toqquşarıq. Həyat belədir. Serialda həqiqi insanların həyatını əks etdirmirik, amma göstərdiyimiz serialda bu cür qadınların, xarakterlərin olduğunu deyirik. Bizdən daha çox pis örnək hesab ediləcək seriallar var.

– Türkiyə Radio və Televiziya Şurasına (RTÜK) həddinən artıq şikayətlərin daxil olması barədə sosial mediada, səhifələrdə məlumat yayıldı. İddia olundu ki, “Ufak tefek” bağlanır. 

– Bir iş uğurlu və göz önündədirsə, sosial media bundan istifadə edir, “like” toplamaq üçün bu tərz şeylərə əl atır. İnanın, “Ay Yapım”ın rəsmi açıqlamalarından başqa belə xəbərləri ciddi qəbul etmirik. Bu məsələ bizi narahat etmir.

– Aktyor, aktrisaların kaprizləri ilə bağlı nə deyə bilərsiz? Hansı aktyor və ya aktrisa çəkilişlər zamanı sizə problem yaradır?

– Yox, bizdə kaprizli aktyor yoxdur. Onlar uşaq kimidir. Onların daxilində uşaqlıq yatır. Zamanla performanlarında zəiflik hiss olunur. Amma kaprizli deyillər, çox peşəkar insanlardır. Bu işi sevirlər və ciddi yanaşırlar. Yeni simalar deyil, təcrübəli aktrisalardır.

– Təbii ki, hər kəsi serialın ilk səhnəsindəki ölüm maraqlandırır. Eyvandan düşərək ölən şəxsin kimliyi… Bu sirrin açılmasına hələ çox var? Ya sona az qalıb?

– Bu mövsüm finalında ölən şəxsin kimliyi açıqlanacaq. Yəni iyun ayının ikinci həftəsində kimin öldüyünü tamaşaçılara göstərəcəyik.

– Belə başa düşdük ki, serial növbəti mövsümdə də davam edəcək. 

– Davam etməsi planımızda var. Bunu biz də istəyirik. Nəticələr onu göstərir ki, davamı gələcək.

– Türkiyədə bir çox serial reytinq qurbanı olur. Fərqlənmək, tamaşaçının diqqətini cəlb etmək üçün nə etmək lazımdır? 

– Bunun xüsusi bir tərifi yoxdur. Bizim serial tutub, amma başqa intriqalarla zəngin başqa iş ortaya çıxar və alınmaz. Layihədə komanda eyni dildə danışarsa, bir-birini anlayarsa uğur qazanmaq olar.

– Çəkilişlərin getdiyi varlılar məhəlləsi kimi göstərilən “Sarmaşık” az qala hamının dilinə düşüb. Niyə məhz bu ərazi seçildi?

– İçindəki gizlilik nədir bilmirsən, baxmağa qorxursan. Amma eyni zamanda səni özünə cəzb edən bitkidir. Bəzi sarmaşıq növləri meşəni boğar, məhv edər. Bəziləri isə heç ölmür, 4 mövsüm canlı olur. Küçənin adının belə olması planlı bir şey idi. İndi həmin ərazi dəyərli olub. Bizim də rahat çəkiliş etdiyimiz bir məkandır.

– Son olaraq “Ufak tefek cinayetler”in azərbaycanlı tamaşaçılarına sözünüz…

– Biz serialı çəkəndə zövq alırıq. Hekayələrin parçaları hər gün daha çox birləşməyə başlayır. Digər layihələrdən fərqliyik. Hər bölüm bizi təqib etsəz xoşbəxt olarıq. Ümid edirik ki, izləyəndə zövq alırsız. Buradan serialla bağlı eşitdiyim bütün sözləri komandamla paylaşacam. Minnətdaram.

Nizami Kino Mərkəzində yerləşən “Nizami Restaurant and Lounge”a təşəkkürlər.