Aprel döyüşlərində sağ gözünü itirən Qarabağ qazisi ziyarət edildi – FOTO

Aprel döyüşlərində sağ gözünü itirən Qarabağ qazisi ziyarət edildi – FOTO

Azərbaycan Alpaqut Federasiyasının nizam-intizam komitəsinin sədri Natiq Eminov və Federasiyanın regional məsələlər üzrə vitse prezidenti Ruslan Quliyev hal-hazırda hərbi hospitalda müalicə alan Qarabağ qazisi, gizir Qoşqar Hacıyevi ziyarət ediblər.

Bu haqda məlumatı ASSA-ya jurnalist Cəmilə Vasifqızı verib. Onun sözlərinə görə, 2016-cı ilin aprel ayında qəhrəmancasına vuruşaraq sağ gözünü və yerimək qabiliyyətini itirən Qoşqar Hacıyev artıq ikinci ildir ki, Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın birbaşa qayğısı ilə müalicə alır.

Həkimlər gizirin müalicəsinin yaxşılığa doğru getdiyini və yaxın aylarda yerimə ehtimalının artacağını bildiriblər.

Azərbaycan Alpaqut Federasiyasının rəsmisi Natiq Eminov isə müsahibəsində ölkəmizdə Qoşqar kimi igid oğlanların Ali Baş Komandanın əmriylə hər an döyüşə hazır olduqlarını deyib: “Azərbaycan qəhrəmanlar diyarıdır, xalqımız hər zaman belə oğulları ilə fəxr edib. Vətən uğrunda canından keçməyə hazır olan övladlarımıza bir vətəndaş kimi dəstək verməyə borcluyuq”.

Natiq Eminov Federasiyanın təşkilatçılığı ilə keçirilən müxtəlif tədbirlər və yarışların hər birinə Qarabağ qazilərini dəvət etdiklərini və onların iştirakından məmnunluq duyduqlarını qeyd edib: “Yeri gəlmişkən, dəvətimizi qəbul edən qazilərə sonsuz təşəkkürümüzü bildiririk”.