Yanıxpəyəli gənc şahmatçı dünya çempionatında qızıl medal qazandı – Albaniyada

Yanıxpəyəli gənc şahmatçı dünya çempionatında qızıl medal qazandı – Albaniyada
print
17 yaşlı gənc şahmatçı Murad İbrahimli Sultanəli oğlu aprel ayının 20-29-da Albaniyanın Durres şəhərində keçirilən şahmat üzrə məktəblilərin dünya çempionatında 1-ci yerə layiq görülüb.

Bu haqda məlumatı Qaraqoyunlu.com saytına şahmatçının atası Sultanəli İbrahimli deyib. Onun sözlərinə görə, Murad 9 turda 7,5 xal toplayaraq hamıdan öndə olub.

“Bu, Muradın beynəlxalq yarışlarda 2-ci qızıl medalıdır. İlk qızıl medalını o, 13 yaşı olanda Tailandda əldə edib. Rusiyanın Soçi şəhərində keçirilən turnirdə isə gümüş medal qazanıb. Murad, ümumiyyətlə Azərbaycanda keçirilən şahmat yarışlarında da həmişə ilk yerləri tutur” – deyə Sultanəli İbrahimli bildirib.

Xatırladaq ki, 40 ölkədən 387 şahmatçının mübarizə apardığı çempionatda 6 yaş qrupu üzrə 12 nəfər şahmatçı ilə təmsil olunan “Təhsil” Respublika İdman Mərkəzinin komandası uğurlu nəticə əldə edib. 17 yaşına qədər şahmatçıların qrupunda daha bir şahmatçımız – Aydan Xocatova fərqlənərək gümüş medala sahib olub. Yusif Kərimli 7 yaşına qədər şahmatçılar arasında ikinci yeri tutub, İsmayıl Süleymanlı isə 9 yaşına qədər şahmatçılar arasında bürünc mükafatçı olub.

Dünya çempionatında iştirak edən komandanın formalaşması üçün “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən müvafiq yaş qrupları üzrə respublika çempionatının zona və final mərhələləri keçirilib və hər yaş qrupu üzrə birinci yeri tutan şahmatçılar komandanın tərkibinə daxil edilib. Çempionatdan əvvəl mərkəzin yığma komandasının üzvlərinin dünya çempionatına hazırlığı ilə əlaqədar “Zuğulba” Tədris İdman Bazasında təlim-məşq toplanışı keçirilib, onların yüksək nəticələr əldə etməsinə həvəsləndirilməsi üçün beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov və Rauf Məmmədov tərəfindən ustad dərsləri təşkil edilib.

Qeyd edək ki, Murad Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Yapıxpəyə kəndinin yetirməsidir.

Qaraqoyunlu.com saytı adından yanıxpəyəli şahmatçını təbrik edir, ona “Uğurları bol olsun!” deyirik.