Rusiya türklərinin Azadlıq mübarizəsinin iki mərhələsi

Rusiya türklərinin Azadlıq mübarizəsinin iki mərhələsi

Ə.B.Topçubaşov və M.Ə.Rəsulzadə liderliyində Rusiya türklərinin Azadlıq mübarizəsinin iki mərhələsi:

Rusiya Müsəlmanları İttifaqından Azərbaycan Cümhuriyyətinə  keçid

Bu məqaləni Azərbaycan Cümhuriyyətinin 100 illiyinə və Osmanlı Hərbiyyə naziri Ənvər Paşanın, Qafqaz İslam Ordusu komutanı Nuru Paşanın və Azərbaycanın İstiqlalı uğrunda şəhid olmuş Qafqaz İslam Ordusunun Mehmetçiklərinin əziz xatirəsinə həsr edirəm.

Yasəmən Qaraqoyunlu, AMEA Fəlsəfə İnstitutu

“Zaqafqaziya bir əsr bundan əvvəl ruslar tərəfindən işgal edilmişdir. Bu əsr ərzində biz müsəlmanlar əsir kimi həyat sürmüşük, təqiblərə məruz qalmışıq, bizə heç bir haqq və hüquq verilməmiş, kölə halına salınmışıq… Yüz il ərzində biz hökumətin şiddətli hücumlarına məruz qalmışıq… Ölkəmiz istila edilən kimi dərhal milli varlıgımıza təcavüz edildi… Biz anaların qucağından alınıb havaya atılan südəmər uşaqların havada ikən xəncərə keçirildiklərini görmüşük, biz hamilə qadınların qarnına saplanan xəncərlərin açdıgı yaralardan uşaq əllərinin bayıra sallandıgının şahidi olmuşuq. Qoy… dəlik-deşik edilən cəsədlərdən, anaların, uşaqların fəryadından, iniltisindən həzz alanlar  rədd olsunlar”.

1905-ci il iyunun 12-də Rusiya Dövlət Dumasında Azərbaycan millət vəkili İsmayıl xan Ziyadxanovun çıxışından.

 

“…Biz bir əsildən, bir nəsildən gələn, bir dinə iman gətirən türklərik. Məgribdən məşriqə qədər bizim babalarımızın yurdu olub. Babalarımızın qəhrəman xalq olmasına baxmayaraq, bu gün Qafqaz daglarında, Krım baglarında, Kazan çöllərində, babalarımızın yurdunda, öz vətənimizdə, öz torpağımızda ehtiyac və tələbatımızı azad şəkildə müzkirə etməyə ixtiyarımız qalmadı…”

Ə.B.Topçubaşovun Rusiya Müsəlmanlarının I  Qurultayında etdiyi çıxışından.

 

“Azərbaycan bir məşalədir. Bu məşalənin  sönməməsi üçün əl birliyi edib mütəmadiyən çalışalım əfəndilər!  Mən sizi böylə bir ittihada dəvət edirəm”.

M.Ə.Rəsulzadənin Azərbaycan Parlamentinin açılış toplantısındakı çıxışından.

Giriş

Sadəcə Qafqaz tarixi baxımından deyil, Türk və İslam xalqları tarixi baxımından da Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Türk və Şərq xalqlarının tarixi prosesində millət kimliyinə və cümhuriyyət rejiminə əsaslanaraq qurulmuş ilk siyasi və sosial quruluşdur. Azərbaycan Xalq Cümhuriyyəti 1870-ci illərdən etibrən Qafqaz  türklərinin keçdikləri millətləşmə prosesinin çatdığı zirvə idi [22.s.586-587]. Bu millətləşmə prosesi milli bir dövlətin ortaya çıxması ilə nəticələnmişdir. XIX  yüzillikdə Rusiya tərəfindən işğal edilən xanlıqlar  formasında yaşayan Qafqaz  Azərbaycanı, əgər 1918-1920-ci illərdə müstəqil dövlət kimliyinə qovuşmasaydı, 27 aprel 1920-ci ildən sonra yaranmış Azərbaycan sovet sosialist cümhuriyyəti və 1991-ci ildə müstəqilliyinə qovuşmuş Azərbaycan Cümhuriyyəti olmayacaqdı. Yəni Azərbaycanın Rusiyaya  necə bir kimlik altında qatılacağı müəyyənləşməmiş qalsaydı və qurulmuş dövlət kimliyi olmsaydı 1991-ci ildə Azərbaycanın müstəqilliyi bir problemə çevriləcəkdi [22.s.587]. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi ömrü sadəcə 23 ay (18 may 1918- 27/ 28 aprel 1920) sürməsinə baxmayaraq, Qafqaz türklərinin bütün milli, dini, mədəni, sosial və siyasi dəyərlərini dövlət yaratmaqla bütünləşdirilməsinə imza atmış, Rəsulzadənin 29 noyabr 1918-ci il tarixində “Bütün Azərbaycan əhalisinə” ünvanladığı mürciətində  bildirdiyi kimi, Azərbaycanın müsəlman-türkləri millətləşmə prosesini tamamlamaqla, milli bir varlıqdan dövlət sisteminə yüksəlmişdir.

Altı maddəlik Azərbaycanın müstəqilliyini elan edən deklarasiyada dövlət və ölkənin adı “Azərbaycan Xalq Cümhuriyyəti” olaraq elan edilmişdir. Yeni dövlət və qəbul edilən siyasi rejim modernizmin təməl prinsiplərindən biri olan milliyyət varlığı üzərində formalaşmışdır.  Bu 1870-ci illərdən etibarən böyük və əzablı bir millətləşmə prosesi keçirən Azərbaycan türklərinin bir millət kimi formalaşmasının və kültürəl millətçilikdən siyasi millətçiliyə keçidinin ifadəsi idi.  Milli Şura Sədri M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 1-ci ildönümü ilə bağlı Azərbaycan qəzetinin 28 may 1919-cu il xüsusi buraxılışında yaydığı bəyanatda “Cümhuriyyətin milli mədəniyyət təməlinə dayanması və milli demokratik türk dövlətçiliyi əsasları üzərində qurulması səbəbiylə, Azərbaycan ilk Türk millət dövləti və müsəlman cümhuriyyətidir” fikrini açıq bir şəkildə dilə gətirmişdir. Məşhur bəstəkar Üzeyir Hacıbəyli isə Azərbaycan qəzetinin 28 may 1919-cu il 190-cı sayında yazdığı  məqalədə “rejimin sağlam bir millət düşüncəsi, Türklük idealı üzərində qurulduğunu” vurğulamışdır.  Müsavat partiyasının ideoloqlarından biri olan Mirzə Bala Məmmədzadə “Cümhuriyyət” anlayışını yeni bir prosesin başlanğıcı sayaraq, bu anlayışı “xanlıq və dərəbəylik dövründən sonra demokratik bir hərəkat kimi doğulub inkişaf edən Azərbaycan türk millətçiliyinin məntiqli bir nəticəsi” kimi qiymətləndirmişdir. [22.s.587-588] Türk kimliyini özünü sadəcə müsəlman kimi tanıyan bir cəmiyyətə mənimsətməklə ümmət dövründən millət dövrünə keçid  1870-ci illərdən etibarən Türk Qafqazında başlayan maarifçilik hərəkatının əsas uğuru idi və Azərbaycan Xalq Cümhuriyyəti bu təməl ideya üzərində yüksəlmiş,   modernizmin millət-dövlət konsepsiyasına əsaslanmışdır. 1925-ci ildə M.Ə.Rəsulzadə yazırdı. “Rusiya idarəsindəki müsəlmanlara “Türk” dedirtmək bu gün qazanılmış bir davadır. Yalnız türk kəlməsi deyil, Azərbaycan  adı da qazanılmışdır”[22.s.590]. Avropa modernizm ideyaları ilə (rasionalizm, pozitivizm, empirizm, seintizm, praqmatizm, humanizm, liberalizm, demokratiya, kapitalizm, sosializm, sekulyarizm, milli dövlət) Şərqin humanizm, kollektivizm, irfan və tövhid inanclarının sintezindən doğulmuş  Azərbaycan Cümhuriyyəti 1870-ci illərdən etibarən Türk Qafqazlarında başlanan maarifçilik ideyalarının Türk-Osmanlı, Türk-Qacar və Qızıl Orda (Rusiya) torpaqlarındakı (İdil-Ural Türkləri) Cədidizm, Tənzimat, Məşrutə hərəkatlarında yoğrulması nəticəsində  Türklük, İslam, Çağdaşlıq ideyaları  ilə tarixə qədəm qoymuşdur. Azərbaycan Cümhuriyyət düşüncəsi iki parlaq liderlə−Rusiya müsəlmanları İttifaqının sədri və Rusiya Dövlət Dumasında Müsəlman Fraksiyasının lideri  Ə.B.Topçubaşovun və Müsavat partiyası lideri M.Ə.Rəsulzadənin siyasi fəaliyyətləri nəticəsində iki tarixi mərhələ və siyasi,  hüquqi   təkamül prosesindən keçərək  qurulmuşdur.   Ə. M.Topçubaşov  Rusiya Dövlət Dumasının “Müsəlman fraksiyası”na və Rusiya müsəlmanları İttifaqına sədrliyi dövründə Azərbaycan Cümhuriyyətinin qurulmasına siyasi-hüquqi zəmin hazırlamış, M.Ə.Rəsulzadə bu zəmin üzərində Azərbaycan Cümhuriyyətini yüksəltmişdir.

 

1.Çar despotizminin böhranı 

 

XVI əsrdən etibarən Avropada yüksəlməkdə olan  Renessans və Maarifçilik ideyaları əsasında formalaşmış yeni bir inkişaf mərhələsi olan Modernizm çağı feodalizmə, aqrar iqtisadiyyata, sxolastik təfəkkürə, despotizmə, imperatorluq dövlət modelinə son vermək məqsədilə yeni- rasyonalizm, sekulyarizm, empirizm, sientizm, pozitivizm, humanizm, liberalism, demokratiya, kapitalizm, sosializm, Millət dövləti  kimi universal paradiqmalarını yaratdı. Bu ideyalar universal ideyalar kimi yayılaraq Rusiyada, Uzaq Şərqdə, Orta Şərq Türk-Müsəlman coğrafiyasında yeni bir sosyo-kültürəl, sosyal-siyasi reform və inqilab hərəkatlarının başlanmasına zəmin yaratdı. Yeni modernizm çağının bu  tələbləri əsasında  XIX əsrin sonu – XX əsrin əvvəli dünya tarixində dərin dəyişikliklər prosesi başlandı.

Sosial-iqtisadi həyatdakı dəyişikliklər, sənaye çevrilişinin başa çatması və dünya iqtisadiyyatının inkişafında sənaye mərhələsinə keçid burjuaziya cəmiyyətinin formalaşması, siyasi partiyaların yaranması, proletariatın – fəhlələrin adından çıxış edən  ictimai qüvvə və qruplar tərəfındən siyasi partiya təşkilatların yaranması – bu dövrün başlıca xüsusiyyətlərini təşkil edir.  [11.s.337]  XX əsrin ilk illəri Rusiya tarixində xüsusi yer tutur. Rusiyanı idarə edən çar hökümətinin Panslavyanist ideyası əsasında həyata keçirdiyi müstəmləkəçilik və ekspansiya siyasəti nəticəsində XIX əsrin sonlarında  Rusiya güclü imperiyaya çevrildi. Qafqaz və Mərkəzi Asiya Türk-İslam ölkələrini işğal edərək hakimiyyəti altına alan Rusiya uzaq şərq ölkələrinə qarşı da işğal siyasəti həyata keçirməyə başladı. Rusiya Avropa imperialist güclərin Çində əldə etdiyi böyük qazancların yaratdığı üstünlüyü   Yaponiyanı işğal edərək dəngələmək siyasəti yürütməyə başladı [9. s. 227].  Lakin bu dövrdə dünya iqtisadiyyatında baş vermiş böyük böhran öz təsirini Rusiyada da hiss etdirdi. 1900-1903-cü illər böhranı Rusiya iqtisadiyyatının dünya kapitalist təsərrüfatı ilə qırılmaz əlaqələrinin mövcudluğunu göstərdi. Böhran  müvəqqəti olaraq Rusiya sənayesinə xarici kapital axınını dayandırdı. 1904-cü ildə Yaponiya Rusiyaya müharibə elan etdi. Çar hökuməti bu müharibənin Rusiyanın siyasi mövqeyini möhkəmləndirməkdə və inqilabın qarşısını almaqda ona kömək edəcəyini düşünürdü. Lakin uzaq Şərqin yeni gücü olan Yaponiya avropalaşma prosesinə başlamaqla iqtisadiyyatını, texnologiyasını və ordusunu modernləşdirməklə Rusiyanın  Uzaq şərqdəki işğal siyasətini iflasa uğratmış, Rusiyanı məğlub etmişdi [9. s.227].   Müharibədəki məğlubiyyətdən sonra Rus cəmiyyətindəki böhran daha da dərinləşdi. Bu məğlubiyyət Rusiya içində mütləqiyyətin doğurduğu bir çox problemlərin Rusiyanı geri atdığı düşüncəsini doğurmuşdur və Rus ziyalıları Rusiyanı modernləşdirmək məqsədilə mütləqiyyətin devrilməsi, daha ədalətli və demokratik siyasi idarəetmənin yaradılması  məqsədilə siyasi inqilabi mübarizəyə başlamışlar. Bu dövrdə Rusiya siyasi elitası  Rusiyada konstitusiyalı monarxiya, parlamentarizm, demokratik idarəetmə istəyən burjaziya və ziyalılar təbəqəsi (Kadetçilik) və  kollektivizm,   ateizm, fəhlə sinfinin diktatorluğuna əsaslanan bolşevik Kommunistlər olaraq iki hissəyə parçalanmışdı. Hər iki siyasi cinahın yeni   Rusiya qurmaq ideyaları və  fəaliyyətləri sürətlə Rusiyanın bütün bölgələrinə yayılmağa  başlamışdı. 1905-ci il sentyabrın 19-da (2 oktyabr) Moskvada başlayaraq 1.700.000 nəfərin iştirakı ilə bütün Rusiyanı bürüyən tətil hərəkatı artıq 1907–ci ilə qədər inqilaba çevrildi.  [11.s.338]

 

  1. Azadlıq Manifesti

 

Rusiyanı bürüyən bu inqilabi hərəkat və bu iki sosial-siyasi təzyiqlər nəticəsində Çar  II Nikolay nazirlərindən qraf Vittenin tövsiyəsilə 1905-ci ildə “17 oktyabr manifesti” imzaladı. [9. s.227-228]. II Nikolayın elan etdiyi  “Azadlıq manifesti”ndə  Çar,  şəxsiyyətin toxunulmazlığı, fikir, söz azadlığı,  sərbəst toplaşmaq haqqı, azad cəmiyyətlər və  təşkilatlar  yaratmaq haqqı prinsiplərinin qorunmasına əsaslanaraq vətəndaşlıq azadlığının ayrılmaz hissələrini xalqa bağışlamağı;  indiyə qədər seçki hüququ olmayan xalqa, qanunun təyin etdiyi çərçivədə, ümumi seçki hüququnun verilməsi, “1905-ci il 6 avqust qanunu” ilə Dövlət Duması və Dövlət Şurası seçkilərinin aparılmasını;  heç bir qanunun Dövlət Dumasının razılığı olmadan qüvvəyə minməməsi üsulunun pozulmaz bir əsas olaraq qəbul edilməsi və Çar tərəfindən təyin olunan hökumətlərin fəaliyyətinə nəzarət edilməsinə seçki yolu ilə xalqın da iştirak etməsinin mümkün olması… kimi  hüquqların verilməsini bəyan etdi [12. s, 1-2]. Manifest məhkum xalqlara (130 milyonluq əhaliyə) o cümlədən, türklərə, ukraynalılara, beloruslara, gürcülərə, yəhudilərə və başqa xalqlara heç bir yenilik vəd etmirdi. 1899-cu il qanununa əsasən Türklərin dövlət idarələrində çalışmasının qadağan edilməsi, manifestdə yenə də olduğu kimi qalırdı. 1899-cu il qanununa əsasən başqa millətlərin (Sibirdə yaşayan bir neçə xalq;  Arxangelsk vilayətindəki eskimoslar; Stavropol vilayətindəki köçərilər; Kalmıklar; Qırğızlar;  Kazan və Türkistan xalqları; Azərbaycan Türkləri və Qafqazda yaşayan müsəlmanlar; yəhudilər)  dövlət idarələrində çalışması və əsgəri xidmətə çagrılması qadağan olunmuşdu [7.s.104]. 1905-ci ilə qədər Rus çarının məhkum Türk xalqlarına qarşı apardığı siyasət bu qanunla tənzimlənirdi [10.s.132]. 17 oktyabr manifesti Rusiyada siyasi partiyaların yaranmasının və bir sıra azadlıqların alınmasının rəsmi şəkildə təsbiti olduğu üçün Rusiya müsəlmanları bu manifestin imkan verdiyi bütün siyasi hüquqlardan yararlanmaq fürsəti əldə etdilər. Bununla bərabər çar II Nikolay 1905-ci ilin dekabr ayının 11-də Dövlət Dumasının çağrılması haqqında fərman elan etdi. Bu fərmanla Qafqaz müsəlmanları da Dumada iştirak etmək haqqı qazandı. Bundan istifadə edən Rusiya  türkləri milli haqlarını müdafiə etmək, müstəmləkəçiliyin gətirdiyi əsarətin, köləliyin vurduğu zərbələrin qarşısını almaq məqsədilə təşkilatlanmaga başladılar. Bu zaman Azərbaycan  mətbuatında xalqı oyanışa, birləşməyə çağıran yazılar dərc olunur, bu inqilabdan  haqq və hüquq  mübarizəsində mümkün qədər çox şey əldə etmək lazım olduğu fikri irəli sürülürdü. Əli Bəy Hüseynzadənin nəşr etdiyi “Həyat” qəzeti yazırdı: “Əgər biz irəliləmək və həyati varlığa sahib bir millət olmaq istəyiriksə, hər şeydən öncə müsəlman olaraq qalmalıyıq. Bizim mütərəqqi idealımız, həyatımızın yaxşılaşması istiqamətində olan arzumuz İslam qanunlarına bağlı olaraq əldə edilə bilər”[5]. “Kaspi” qəzetində isə Əhməd Bəy Ağayev yazırdı: “Bütün bu cəmiyyət yalnız dini cəmiyyət olmayıb, eyni zamanda etnik bir varlıqdır. Çünki bizim Rusiya müsəlmanları çox az istisna ilə böyük türk-tatar irqinə mənsubdurlar, tək dildə danışırlar və eyni dini inancı daşıyırlar” [8].

 

  1. Ə.B.Topçubaşov liderliyində Azərbaycan Milli Hərəkatının birinci mərhələsi

 

1905-ci ilin yazı və yayında, ölkədə inqilabi mübarizənin gücləndiyi bir dövrdə milli burjuaziya və ziyalılar burjua-liberal hərəkatının sülhpərvər, leqal üsullarından – kollektiv müraciətlərin verilməsi, çar üsul-idarəsi nümayəndələrilə görüşlərdən istifadə edirdilər. Azərbaycan aydınlanma hərəkatının ən böyük liderlərindən biri, Peterburq universitetinin Şərqşünaslıq bölümü professoru Mirzə Cəfər Topçubaşovun  nəvəsi və H.Z.Tağıyevin sahibi olduğu “Kaspi” qəzetinin  redaktoru Ə.Topçubaşovun  rəhbərliyi ilə Azərbaycan  burjaziyasının və ziyalılarının  bütün  təmsilçiləri Rus inqilabından bəhrələnmək məqsədilə geniş təbliğat, təşviqat işi başlatdılar  və H.Z.Tağıyevin sarayına toplaşaraq , Qafqazın Rusiya tərəfindən işğalından sonra ilk dəfə Türk-müsəlman əhali adından  Rusiya rəhbərliyindən siyasi, sosial və mədəni haqların verilməsini tələb etdilər.  Şəmsi Əsədullayevin, A.Topçubaşovun, Ə.Ağaoğlunun, A.Ziyadxanovun, Q.Zülqədirovun, R.Şirvanskinin imzası ilə “İmperatorluq daxilində yaşayan  müsəlmanların  icraedici, qanunverici orqanlarda təmsil olunması, özünü idarəetmə qurumlarının yaradılması, söz və mətbuat azadlığı, ictimai və şəxsi toxunulmazlığın qorunması, ana dilində təhsil və s. kimi  sosial, mədəni, siyasi haqların verilməsi  tələb edildi.

Bu təşəbbüslərdən  sonra  H.Z.Tağıyevin  maliyyə dəstəyi ilə çıxan “Həyat” qəzetinin ilk sayında Topçubaşov və Ə.Ağaoğlu  Türk-müsəlman aləminə müraciət edərək yazırdılar. “ …Biz müsəlmanıq və bu üzdən bütün din qardaşlarımızın tərəqqi etməsini istəyirik. Biz Türkük və buna görə də hər yerdə və hər sahədə  bütün Türklərdən tərəqqi və yüksəliş gözləyirik”.   [22.s.527]. Beləcə Türk burjaziyası ilə ziyalıların birgə fəaliyyyətləri nəticəsində sadəcə dini kimliyi ilə müsəlman kimi  tanınan Qafqaz Türkləri etnik-millət kimliyi olaraq “Türk dili, kimliyi, mədəniyyəti, ədəbiyyatı və haqlarını” dilə gətirməyə başladılar. Bu ideyalar  qısa zamanda geniş bir ziyalı kütləsinin fəaliyyətinə çevrilərək cəmiyyətdə təbliğ olunmağa başladı. H.Zərdabi, C.Məmmədquluzadə, M.Ə.Sabir, Abbas Səhhət, M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, A.M.Topçubaşov, M.S.Ordubadi, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, Ə.Haqverdiyev, Firudun Bəy Köçərli, Əliqulu Qəmküsar, Ömər Faiq Nemanzadə, və bir çox ziyalılar Rus imperiyasından  milli haqlarını tələb etməyə başladılar. Çar hökümətinin imzaladığı 17 oktyabr 1905 tarixli manifesti Söz, mətbuat və vicdan azadlığı kimi bir sıra haqlar vəd edirdi və Rusiyada və Qafqazda yaşayan türk-müsəlman xalqlarının millətləşməsi prosesinə əngəl olan maneələri aradan qaldırırdı. [22.s.528].

 

4.Ümum Milli haqq istəyi

 

Rusiya müsəlmanlarının  hüquqlarının  müdafiəsi, təşkilatlanması  iki istiqamətdə – Rusiya Dövlət Dumasının  Müsəlman Fraksiyasının fəaliyyəti əsasında və Rusiya müsəlmanları İttifaqının rəhbərliyi altında getmişdir. 1905-ci ilin yazı və yayında, ölkədə inqilabi mübarizənin gücləndiyi bir dövrdə milli burjuaziya və ziyalılar burjua-liberal hərəkatının sülhpərvər, leqal üsullarından – kollektiv müraciətlərin verilməsi, çar üsul-idarəsi nümayəndələrilə görüşlərdən istifadə edirdilər.

Martın 15-də H.Z.Tağıyevin sarayında burjuaziya və ziyalıların nümayəndələrinin iştirakı ilə keçirilən  Müşavirədə Qafqazda islahatların keçirilməsi zərurəti  müzakirə edildi. Müsəlmanlara qoyulan qadağaların göstərildiyi kollektiv müraciət tərtib edildi. Bu müraciət çar hökumətinə Azərbaycan tərəfındən verilən ilk proqram sənəd idi.  Bu müraciət sadəcə tələblərdən ibarət olmayıb “Ümumi milli haqq istəyi” şəklində əsaslandırılmış memorandum mahiyyətində yazılmışdır. [11.s.340]. Layihənin hazırlanmasında Fərrux bəy Vəzirov, Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayevin çox böyük rolu olmuşdur. Müraciətdə əksini tapmış tələblər: Müsəlmanlara da ruslarla eyni siyasi, mədəni, dini hüquq verilməli, müsəlmanlar üçün qanunla və fərmanlarla təsdiq olunan bütün məhdudiyyətlər aradan qaldırılmalıdır. Rusiyada seçkilər əsasında təsis olunacaq qanunverici məclislərin, idarə müəssisələrinin hamısında azad şəkildə seçilmiş müsəlman nümayəndələri ruslarla eyni hüquqa malik olmalıdırlar; müsəlmanlara öz problemlərini həll etmək ixtiyarı verilməlidir; dövlət və ya ictimai idarələrdə öz istəklərinə uyğun olaraq çalışmaq və ölkənin müxtəlif yerlərində istədikləri sənətlərə yiyələnmək hüququ əldə etməlidirlər. Onlara ölkənin hər yerində azad yaşamaq hüququ verilməli; mülkə hər yerdə malik ola bilmək; hər yerdə ticarətin bütün növü ilə məşğul olmaq; nigah və miras kimi ailə məsələlərində İslam şəriətinin qanunlarına hər zaman əməl etmək hüququ müsəlmanların ixtiyarına verilməlidir. Azad din hüququ ilə bərabər, hər yerdə, hər zaman bütün dini vergiləri azad ala bilmək hüququ; bütün ruhanilərin, müftilərin, şeyxülislamların, məhəllə ruhanilərinin xalq tərəfindən təyin edilməsi, seçilməsi hüququ müsəlmanlara verilməlidir; ruhani idarələrinə daxili işlər nazirliyi deyil, xalq özü nəzarət etməlidir; xarici ölkələrdə ilahiyyat təhsili almış şəxslərə də ruhani idarələrində işləmək hüququ verilməlidir; ruhaniçilik üçün rus dilini bilmək məcburiyyəti aradan qaldırılmalıdır; Qafqazın bütün vilayətlərində, nahiyələrində dini məclislər təşkil edilməli və bu məclislər Tiflis ruhani idarəsinə tabe olmalıdır. Məscidlərin və müqəddəs yerlərin qəsb edilmiş vəqfləri (keçmişdə məscidlərə və dini idarələrə bağışlanan, verilən yer və ya əmlak) geri qaytarılmalı, onların idarəsi, bütün təsərrüfatı müsəlmanlardan seçilmiş müdirlərin ixtiyarına verilməlidir. İbtidai tərbiyə ümumi, məcburi, pulsuz olmalıdır. Qafqaz müsəlmanlarına bütün məktəblərdə, mədrəsələrdə xalqın təlim-tərbiyəsinə nəzarət etmək hüququ verilməlidir; məktəblərdə, mədrəsələrdə ilahiyyat, ana dili, milli ədəbiyyat, milli tarix dərsinin tədris edilməsinə icazə verilməlidir; bütün dərsləri milli dildə olmaq şərti ilə hər növ məktəbi təsis etmək işində müsəlmanlar tam azadlığa yanaşı böyük hüquqlar əldə etməlidirlər; mədrəsələr, dini və ya ali məktəblər təsis edib öz istəklərinə əsasən müəllimlərini dəvət edə bilmə hüququ, mətbuat azadlığı əsasında bütün dillərdə kitab, qəzet, jurnal nəşr etmək, bunların hər biri ilə ticarət etmək hüququ, kitabxanalar açmaq, xalq auditoriyaları təsis etmək hüququ, ümumiyyətlə, həm xeyriyyəçilik, həm maarif müəssisələri təsis etmək hüququ hər yerdə, hər zaman müsəlmanlara həvalə olunmalıdır. Təhkimçilik rejiminin bugünkü qalıqlarını ləğv edib, torpaqların kəndlilərə satılması hökumətin qərarları ilə həyata keçirilməlidir, kənd təsərrüfatı bankları təsis edilməli, istifadəsiz qalan dövlət torpaqları torpaqsız və ya az torpaqlı əkinçilərə verilməli, Qafqaza Rus kəndlilərinin köçürülməsinin qarşısı tamamilə alınmalı, Qafqaz müsəlmanlarının qışlaq, yaylaq yerləri, meşə və su kimi ehtiyacları təmin edilməlidir. Dağıstan və Şimali Qafqaz dağlı xalqları üçün 1900-cü il iyulun 12-də çıxarılan və bu xalqların bütün torpaqlarının xəzinə malı sayılmasına dair qanun ləğv olunmalıdır. Bugünkü ağır vergiləri mümkün qədər yüngülləşdirmək; hər növ vergiləri yerin xüsusiyyətlərinə, xalqın imkanına görə almaq; vergilərin miqdarını, məsrəflərini təyin edərkən müsəlman vəkilləri də hər zaman dəvət olunmalıdır. Fabriklərdə, zavodlarda, emalatxanalarda işləyən işçilərin güzəranlarını, həyat şəraitlərini yaxşılaşdırmaq üçün həyata keçirilən tədbirlər və bütün qanunlar müsəlman işçilərinə də şamil edilməlidir. Bütün işçilərin hüquqlarını himayə edə biləcək qanunları yerinə yetirmək, həyatlarını qorumaq üçün dövlət sığortası təşkilatı yaradılmalıdır. Qafqazda andlı hakimlər məhkəməsi, seçilmiş sülh hakimləri təsis edilib, sülh məhkəmələrinin prosesini xalqın dili ilə (türkcə) icra etmək ixtiyarı verilməlidir. Dövlətin daxili vilayətlərində “zemstva” (məhəlli idarə) idarələri hansı üsulda təsis ediləcəksə, Qafqaz müsəlmanlarına da o üsulda tam səlahiyyətli “zemstva” idarələri təsis edilməlidir. Şəhər idarələrində islahat aparılaraq bu idarələr dövlət inzibati idarəsinin müdaxiləsindən azad edilməlidir. Din, söz, mətbuat, yığıncaq, şirkət azadlığı, ərazi, şəxsiyyət toxunulmazlığını himayə məqsədilə həyata keçirilmiş və ya keçiriləcək bütün tədbirlər və qanunlar müsəlmanlara da şamil edilməlidir. Qafqaz müsəlmanlarının ərazi ehtiyaclarına dair həyata keçiriləcək bütün qanunlar və bütün tədbirlər Tiflisdə müsəlman vəkillərinin iştirakı ilə müzakirə edilib, həll olunmalıdır. Bu il 18 fevral fərmanı ilə keçiriləcək müzakirə məclisinə Qafqaz müsəlmanlarından da vəkillər dəvət edilməlidir [2.s.159-166].  Beləliklə  Layihədə göstərilirdi ki, müsəlmanların həyatı cəmiyyətdə olduğu kimi iqtisadiyyatda da sıxışdırılmışdır. Şəhər məclisinə nümayəndələr seçkisinə məhdudiyyətlər qoyulmuşdur. Mülki və hərbi idarələrdə yüksək vəzifələrdə çaşılmalarına, orta və ya ali təhsilli müsəlmanların arzu etdikləri sənəti seçmələrinə, pedaqoji sahədə çalışmalarına, müsəlman olan tələbələrin dövlət təqaüdündən istifadə edə bilmələrinə icazə verilmir. Rus tacirlərinə verilən hüquqlar türk tacirlərinə verilməmişdir. Uşaqların ana dilində təhsil almalarına izn verilmir. Ana dilində qəzet, jurnal, kitab nəşr etdirmək hüququndan məhrum olmaq və başqa bu kimi istəklər öz əksini tapmışdır. Müraciətdə 1864-cü ildə Qafqaz üçün hazırlanan məhkəmə quruluşu nizamnaməsinin artıq zamanın tələblərinə cavab vermədiyi göstərilirdi. Qeyd olunurdu ki, müsəlmanların adət və ənənələrini yaxşı bilən hakimlər, o cümlədən mülki işlər üzrə hakimlər yerli adamlardan seçki yolu ilə seçilsin. Müraciətdə Qafqazda yerli idarələrin yaradılması və bu idarələrin tam mənasında inzibati idarənin müdaxiləsi olmadan müstəqil olması, müsəlman xalqı üçün yerli idarədə heç bir məhdudiyyət qoyulmaması, Qafqaz müsəlmanlarına şəxsiyyət və ərazi toxunulmazlığı, fikir, söz, mətbuat azadlığı verilməsi və bunlara qarşı duran bütün qanunların ləğv edilməsi tələb olunurdu. Layihədə kəndli məsələsinə də toxunulurdu. Torpaqsız və az torpaqları kəndlilərə torpaq verilməsi və vergilərin yerli şəraitə görə ədalətli olaraq təyin edilməsini istəyən azərbaycan ziyalılar hansı torpaqların paylanması və nə miqdarda verilməsini də göstərirdilər. Kəndlilərin həyat şəraitinin yaxşılaşdırılması və yüksəldilməsi məsələsi üzərində israrla dururdular.  Müraciətdə Qafqazda zemstvoların (tərkibində çox hissəsi zadəganlardan ibarət olan seçkili yerli idarə) tətbiqinin, andlı iclasçılar məhkəməsinin yaradılmasının, müsəlmanların hüquqlarının rus zadəgan və tacirləri ilə eyniləşdirilməsinin, aztorpaqlı və torpaqsız kəndlilərə torpaq verilməsinin vacibliyi və s. məsələlər mühüm yer tuturdu. Müraciətdə çarizmin müstəmləkə siyasətinə qarşı qəti etiraz ifadə olunurdu. “Ümumi milli haqq istəyi”ni Peterburqa Çar hökümətinə təqdim etmək məqsədilə Fərrux Bəy Vəzirov, Əlimərdan Bəy Topçubaşov, Əhməd Bəy Ağaoğlu, Şəmsi Əsədullayev,  Ağakişi Əliyev və Nəcəf Qulu Sadıqovdan ibarət  bir heyət seçildi və müraciət  2 apreldə 1905-ci ildə Rusiya Daxili  işlər nazirliyinə təqdim edildi. [9. s.229].

 

  1. Rusiya Müsəlmanları ittifaqı

 

Azərbaycan ziyalılarının Qafqaz  müsəlmanları adı ilə tərtib etdikləri bu tələblər tezliklə Əlimərdan Bəy Topçubaşovun liderliyi ilə Rusiya müsəlmanlarının Rusiya müstəmləkəçilik hərəkatına qarşı mübarizəsinin ideyalarına və Rusiya Müsəlmanları İttifaqının  əsas proqram müddəalarına çevrilmişdir.   Bu məqsədlə Rusiya imperiyasında yaşayan əsir türk ellərinin, müsəlman xalqlarının sosial-iqtisadi və mədəni tərəqqisi problemlərinin birlikdə həll edilməsi və onların siyasi cəhətdən təşkilatlanması ideyası da Bakı müşavirəsində müzakirə olunmuş,Çar höküməti qarşısında qüvvətli bir cəbhə almaq və bu məqsədlə Kazan, Kırım,Türküstan, Dağıstan və Şimali Qafqaz xalqları ilə birlikdə azadlıq mübarizəsi aparmaq qərara alınmışdır.  [9.s.231] Bu məqsədlə  həmin ilin aprel ayında Peterburqda Rəşid Əfəndi İbrahimovun evində toplanan Azərbaycan və Tatar  ziyalılarından Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Alim Əfəndi Maksud, Binyəmin Əfəndi Ədhəm, İsmayıl bəy Qaspralı “İttifaqi-Müslimin” (Ümumrusiya Müsəlmanlar İttifaqı) adlı bir təşkilatın yaradılmasına qərar vermişlər.

 

 

  1. Rusiya Müsəlmanlarının I qurultayı

 

Cəmi 4 aydan sonra, 1905-ci il 15 avqustda Nijni-Novqorod  şəhərində 150 nəfər nümayəndənin iştirakı ilə Ümumrusiya Müsəlmanlarının I Qurultayı keçirildi. Qurultayda Rusiyanın müsəlman əhalisinin müxtəlif zümrələri (əsasən burjuaziya və ziyalılar) təmsil olunmuşdu. Çıxışlarda, əsasən, «Rusiyanın bütün müsəlmanlarını birləşməyə», müsəlman burjuaziyasının hüquqlarının Rus buıjuaziyasının hüququları ilə eyniləşdirilməyə, müsəlmanlara münasibətdə sıxışdırmaları və hüquq bərabərsizliyini aradan qaldırmağa səsləyən, «müsəlmanların doğma dillərində məktəblərin açılmasını, kitab və qəzetlərin buraxılmasını tələb edən» çağırışlar səslənirdi. Qurultayda türk xalqlarının türkçülük və müsəlmançılıq əsasında birləşdirilməsinin vacibliyi qeyd olundu. Bununla yanaşı “Müsəlman İttifaqı” adlanan qurumun yaradılması qərara alındı.  Bir sıra  müəlliflər qurultay təşəbbüsünün İ.B.Qaspralı və Q.İbrahimova məxsus oldugunu yazır. [4.s.117]. Əlimərdan bəy  isə öz tərcümeyi-halında Rusiya müsəlmanları qurultayının keçirilməsi ideyasının ona məxsus oldugunu, 1905-ci ilin aprel–may aylarında keçirilmiş Peterburq görüşündə razılıq əldə edildikdən sonra bu qurultayın keçirilməsi məqsədilə müsəlman xadimlərinə məktublar göndərdiyini yazır. [4.s.117]. Avqustun 10-dan başlayaraq Rusiya müsəlmanlarının birinci qurultayına dəvət almış Qafqaz, Krım, Kazan,Volqaboyu,Türküstan və İdil-Uralın türk aydınları, milli burjaziya təmsilçiləri və dini xadimləri Nijni-Novqoroda gəlirdilər. Qurultayın bütün hazırlıq işlərinə Əlimərdan bəy Topçubaşov, İsmayıl  bəy Qaspralı, Yusif Akçura, Rəşid Əfəndi İbrahimov, Musa Biqiyev rəhbərlik edirdi. [4.s.117]. Tədbirin keçirilməsi ilə baglı təşkilati  işlərdə Fatih Kərimi, Səid-Girey Alkın, Abdulla Apanay fəal iştirak edirdilər. Rusiya hökuməti müsəlmanlarının birləşməsindən qorxaraq Nijni-Novqorodda qurultay keçirilməsinin qarşısının alınması haqqında qubernatora təlimat göndərmişdi. Avqustun 15-də Rusiya müsəlmanlarının ilk qurultayı Oka çayı üzərində “Gustav Struve” gəmisində işə başladı. Rusiya  müsəlmanlarının birinci qurultayı Vladiqafqaz imamı Şakir Sadıq Əfəndi Rəhimqulun oxudugu Qurani–Kərim sədaları altında açıldı. Çünki Qurani-Kərim qurultaya toplanmış bütün nümayəndələri birləşdirən başlıca istinad nöqtəsi idi. Bu qurultayın əhəmiyyətindən biri də o idi ki, ilk dəfə məzhəb ayrılıqlarına baxmayaraq sünni və şiə müsəlman türklər bir arada problemlərini müzakirə edirdilər. Qurultay iştirakçılarını ilk giriş sözü ilə “Tərcüman” qəzetinin redaktoru İsmayıl bəy Qaspralı salamladı və onun təklifi əsasında Əlimərdan bəy Topçubaşov və Yusif Akçura  qurultayın sədarətinə, Ufa quberniyasından olan Səlim-Girey Canturin isə katibliyə seçildilər. Qurultayda Əlimərdan bəy Topçubaşov Rusiya müsəlmanlarının siyasi, iqtisadi, mədəni, milli və dini problemlərinə həsr olunmuş məruzə ilə çıxış etdi. Məruzədə deyilirdi: “…Biz bir əsildən, bir nəsildən gələn, bir dinə iman gətirən türklərik. Məgribdən məşriqə qədər bizim babalarımızın yurdu olub. Babalarımızın qəhrəman xalq olmasına baxmayaraq, bu gün Qafqaz daglarında, Krım baglarında, Kazan çöllərində, babalarımızın yurdunda, öz vətənimizdə, öz torpağımızda ehtiyac və tələbatımızı azad şəkildə müzkirə etməyə ixtiyarımız qalmadı…” Qurultayda İsmayıl Qaspıralı, Abussud Axtyamov, Səid-Girey Alkın, Qabdulla Apanayev, Əhməd bəy Agayev, Qaliəsgər Sırtlanov, Qabdrəşid İbrahimov, Musa Cərullah Biqiyev, Ayaz İshakov, Fatih Kərimov, Mühəmməd-Zakir Ramiyev, Kutluq-Mühəmməd Tevkelev, Fuad Tuktarov, Molla Əli Yauşev və digərləri Topçubaşovun məruzəsində təklif etdiyi Rusiya müsəlmanlarını birləşdirəcək bir firqənin qurulması fikrini dəstəklədilər. Qurultayda Topçubaşovun məruzəsi əsasında beş maddədən ibarət qərar qəbul edildi. Qərarda göstərilirdi ki, Rusiyanın bütün vilayətlərindəki müsəlmanlar ictimai-mədəni və siyasi tələblərə uygun olaraq birləşməli, ölkədə xalq nümayəndələrinin azad seçilməsi zəminində yaradılan qanunvericilik və dövlət idarə orqanları formalaşdırılmalı, hüquqi qaydalar bərqərar olmalı, müsəlmn əhalinin hüquqları rus əhalinin bütün siyasi, vətəndaş və dini hüquqları ilə bərabərləşdirilməli, müsəlman vilayətlərində məktəblər, mətbuat orqanları, xalq kursları, qiraət evləri, maarifçilik müəssisələri açılmalı, bu məqsədlərə nail olmaq üçün mütəmadi toplanacaq müsəlman qurultaylarının rəhbərliyi altında yerli məclislər yaradılmalıdır [28.s.2-3;s.108]. Rusiya müsəlmanlarının birinci qurultayı milli kimliyin əsasını təşkil edən dini və milli ideyalar əsasında imperiyanın ruslaşma siyasətinə qarşı, Rusiya türklərinin təşkilatlanmasına və mübarizəsinə nail oldu.

Qurultayın qərarında, xüsusilə ikinci bənddə yer alan bəzi siyasi məsələlərin qoyuluşu 17 oktyabr manifesti ərəfəsində türk liderlərinin ölkədə cərəyan edən proseslərdən düzgün nəticələr çıxarmalarının aydın təzahürü idi. 17 oktyabr manifestindən əvvəl müsəlman liderlərinin siyasi partiya yaratmağa qərar verməsi onların siyasi yetkinliyindən xəbər verirdi [4.s.117]. Qurultayın qərarına əsasən Rusiyanın müsəlmanlar yaşayan vilayətləri 16 dairəyə bölündü və Bakı şəhəri Rusiya müsəlmanlarının müvəqqəti mərkəzi müəyyən edildi. Qurultayın qərarı ilə avqust ayının 15-i bütün Rusiya  müsəlmanları üçün bayram günü elan edildi.  Nijni-Novqorod toplantısında Rusiya müsəlmanlarının ikinci qurultayının çagırılması Ə.Topçubaşova tapşırıldı. Qurultay Rusiya türklərinin bir araya gələrək təşkilatlanmasında və müstəqil vahid siyasi qüvvə kimi formalaşmasında həlledici addım oldu [4.s.121]. 1906-cı ilin yanvar ayının ortalarında İttifaqın ikinci qurultayını keçirmək və onun təşkilati baxımdan formalaşdırılmasını başa çatdırmaq məqsədilə Əlimərdan Bəy Topçubaşov və Əhməd Bəy Agayev 1905-ci ilin dekabrında Peterburqa yola düşdülər. Peterburqda Rusiya Türklərinin siyasi həyatında aktiv iştirak edən Qabdrəşid İbrahimovla birlikdə Rusiya Müsəlmanları İttifaqının nizamnamə və proqram layihələrini, təşkilatın quruluşu və fəaliyyəti ilə baglı məsələləri müzakirə etdilər. 1906-cı il yanvar ayının 10-dan başlayaraq Peterburqa gələn qurultay işrirakçılarına qurultayın təşkilatçılrı Yusif Akçura və Musa Cərullahi Biqiyev ziyafət verdilər. Ziyafətdə Azərbaycan  nümayəndə heyəti Ə.Topçubaşov, Ə.Hüseynzadə, Ə.Agayev, Q.Qarabəyov, A.Axundov da iştirak edirdilər. Qurultaydan əvvəl Rusiya Müsəlmanları İttifaqının rəhbərləri Ə.Topçubaşov, .Akçura və S.Alkin 17 oktyabr manifestindən sonra yaranmış Konstitusiyalı Demokrat Partiyasının 1906-cı ildə yanvarın 5-11-də Peterburqda keçirilən qurultayında iştirak edərək, bu partiya nümayəndələri ilə birgə seçki bloku yaradılması haqqında müzakirələr etdilər. Qazaxıstandan gəlmiş Sultan Hacı Qubaydulla Çingizxan və Ə.Topçubaşovun Rusiya müsəlmanlarının II qurultayının keçirilməsi ilə baglı müraciətinə Rusiya daxili işlər naziri Pyotr Durnov tərəfindən rədd cavabı verdikdən sonra 100 nəfərə yaxın qurultay iştirakçıları II qurultayı Peterburqun müsəlman zənginlərindən biri olan Həsən Həbibullahın evində keçirməyi qərara aldılar.

 

  1. Rusiya Müsəlmanlarının II qurultayı

 

1906-cı il yanvar ayında Peterburqda Ümumrusiya müsəlmanlarının II qurultayı keçirildi. İlk iclasa İsmayıl Bəy Qaspıralı və Q.İbrahimov, sonrakı iclaslara isə Əlimərdan Bəy Topçubaşov  sədrlik etdilər. Qurultayda Ə.Agayevin, Q.İbrahimovun yaxından iştirakı ilə Ə.Topçubaşovun hazırladıgı “Müsəlman İttifaqı” Partiyasının  nizamnaməsi və proqramı müzakirə edildi və Ə.Topçubaşovun hazırladıgı 23 maddədən ibarət “Müsəlman İttifaqı” Partiyasının nizamnaməsi qəbul edildi. Rusiya Müsəlmanları İttifaqının Proqramının qəbulu III qurultaya saxlanıldı. Qəbul edilmiş yeni nizamnaməyə görə İttifaqın Mərkəzi komitəsinin Bakıda yerləşməsi nəzərdə tutulmuşdu və həmin dövrdə Bakı Rusiya müsəlmanlarının siyasi mərkəzi kimi tanınırdı. Qurultayın sənədlərindən aydın olurdu ki… Bakının siyasi mərkəz kimi seçilməsi Rusiya müsəlmanlarının rəğbətlə yanaşdığı “Kaspi” qəzetinin nüfuzlu redaktoru Əlimərdan bəyə və onun şəxsində müsəlman dünyasının ən zəngin neft milyonçusu olan Hacı Zeynalabdin Tağıyevə olan hörmətlərindən irəli gəlmişdi [4.s.130]. Nizamnaməyə əsasən Rusiyanın müsəlmanlar yaşayan  quberniya mərkəzləri 16 rayona bölünmüşdü. Bütün bu məntəqələrdə yerli məclislərin yaradılması və bu məclislərin Ümumrusiya müsəlman qurultaylarına, qurultaylararası dövrdə isə İttifaqın Ali məclisinə tabe olması nəzərdə tutulurdu.  Qurultayda Duma seçkilərində Rusiyanın Konstitusiyalı Demokratlar Partiyası (Kadet) ilə əməkdaşlıq edilməsi, bu partiya ilə bir blokda seçkilərə gedilməsi qərara alındı. Kadet partiyası ilə əməkdaşlığa qərar verilməsi bu partiyanın proqramında Rusiya imperiyasında yaşayan xalqların, “milli ucqarların” problemlərinin qismən də olsa nəzərə alınması ilə bağlı idi. 5-11 yanvar 1906-cı ildə keçirilən II qurultaylarında kadetçilər imperiya daxilində xalqlara bəzi hüquqların – ana dilindən istifadə, ana dilində məktəb, təhsil, mətbuat və s. verilməsinə tərəfdar olduqlarını nümayiş etdirimişdilər. Kadetçilər rus olmayan millətlərin assimilyasiya edilməsinin əleyhdarı kimi çıxış edirdilər. Kadet liderləri İ.V.Qessen, L.İ.Petrajitski və digərləri Duma seçkiləri ərəfəsində Müsəlman İttifaqı ilə əməkdaşlıga böyük əhəmiyyət verirdilər. Eyni zamanda Kadet mətbuatı və partiya liderləri müsəlmanların tələbləri ilə konstitusiyaçıların proqramının oxşarlığını tez-tez vurğulayırdılar. Bu oxşarlığın əsasını liberal ideyalar təşkil edirdi. Kadet Partiyasının Polşa və Finlandiya əhalisinin milli hüquqlarını tanıması müsəlman ziyalılarının “xalq azadlıgı” ideyalarına ümidlərini artırmışdı. Ə.Topçubaşovun konstitusiyaçılarla əməkdaşlığa üstünlük verməsi də məhz bununla bağlıdır. Bolşeviklər Rusiya Müsəlmanları İttifaqının konstitusiyalı demokratlara münasibətini obrazlı şəkildə “başı çalmalı və əmmaməli tatar kadetizmi” adlandırmışdılr. [29.s.150] Rusiya Müsəlmanları İttifaqının  II qurultayı  imperiyanın Türk və müsəlman  xalqlarının təşkilatlanması, Ə.Topçubaşovun Ümumrusiya  siyasi səhnəsinə çıxması baxımından əhəmiyyətli hadisə oldu. İttifaqın II qurultayının yekunları Topçubaşovun Rusiya müsəlmanları arasında artan nüfuzunu, ölkənin siyasi həyatında gündən-günə genişlənən fəal rolunu təsdiq etdi.

H.Baykaranın yazdığına görə siyasi hakimiyyət və azadlıq uğrunda mübarizədə, 20-ci əsrin əvvəllərində Azərbaycan-türk ziyalıları əsasən, üç: 1) islamçılıq və türkçülük (Ə.Ağaoğlu, Ə.Hüseynzadə və b.); 2) liberal-demokratik (Ə.Topçubaşov və b.); 3) və sosial-demokratik (marksizm) (M.Ə.Rəsulzadə və b.) cəbhədə təmsil olunmuşdular. Sonralar 1 910-cu illərdən etibarən  Türkiyədəki Türkçülük hərəkatının təsiri ilə  M.Ə.Rəsulzadə  sosial-demokratik cəbhəni tərk edərək milli-demokratik cəbhəyə keçmişdir.

H.Baykaranın fikrincə,  həmin dövrdə “panislamist” Ə.Ağaoğlu geniş və dərin, teoretik şəkildə “islam millətçiliyi”ni, “pantürkist” Ə.Hüseynzadə osmanlı türkçülüyünü təbliğ etdiyi zaman, “liberalist” Ə.Topçubaşov “Rusiya müsəlmanlarının birliyi  “ devizi altında, daha çox Azərbaycan türk xalqının milli-mədəni muxtariyyəti üçün çalışmışdır [7.s.112]. O yazır: “Ə.Topçubaşovda Ə.Ağayevin geniş və dərin teosentrik panislamizmi yox idi. Sanki o, belə bir ideyanın müvəffəqiyyətlə başa çatmayacağını qabaqcadan hiss etmiş və anlamışdı. Bu məqsədlə o, 1905-ci il inqilabının gətirdiyi azadlıq nemətlərindən Azərbaycan xalqı üçün əlindən gələn qədər daha çox pay qoparmaq istəyirdi” [7.s.112].

 

  1. Rusiya Dövlət Dumasında Türk-Müsəlman Fraksiyası

 

Azərbaycanlıların təbəələri olduqları Rusiya imperiyasının ali nümayəndəli  qanunvericilik orqanlarında iştirakı 1905-1907-ci illər Rusiya inqilabının təsiri ilə ölkənin siyasi sistemində dəyişikliklər etmək zərurətindən yaranan Dövlət Dumasından başlanır. Çar II Nikolayın 1905-ci il 17 oktyabr tarixli manifesti əsasında təsis edilən I Dövlət Dumasının 1906-cı il aprelin 27-də işə başlaması  ilə imperiyanın, o cümlədən Cənubi Qafqazın müsəlman əhalisi ilk dəfə olaraq seçki prosesinə cəlb edilmiş və Bakı, Gəncə, İrəvan, Tiflis quberniyalarını əhatə edən bu seçkilərdə Dumaya beş azərbaycanlı deputat – Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov seçilmişdilər. Azərbaycanlı deputatlar 36 nəfərdən ibarət olması nəzərdə tutulan müsəlman parlament fraksiyasına daxil idilər və maraqlıdır ki, tatarların üstünlük təşkil etdikləri bu fraksiyaya o dövrdə artıq peşəkar hüquqşünas və nüfuzlu ictimai xadim kimi tanınan Ə.Topçubaşov rəhbərlik edirdi. Azərbaycanlı deputatlar I Dumanın işində kifayət qədər fəal iştirak etmiş və müzakirə olunan məsələlərə öz münasibətlərini bildirərkən təmsil etdikləri xalqın hüquqlarının müdafiəsini əsas tutmuşlar.  1905-ci il dekabr ayının 11-də Nazirlər Kabinetinin sədri Vitte tərəfindən hazırlanmış seçki qanunu haqda çar fərmanı elan edildikdən sonra uzun müddət milli və siyasi hüquqlardan məhrum edilmiş Rusiya türklərinə də Dumada təmsil olunmaq haqqı verilmişdi. Türk-müsəlman ərazilərinin Rusiya tərəfindən işğalından sonra bu, ilk hadisə idi ki, müsəlman xalqları Rusiyanın ümumdövlət fəaliyyətinə qoşula bilərdilər.  1906-cı il  may ayının 31-də keçirilmiş seçkilərdə Rusiya I Dövlət Dumasına Bakı seçki dairəsindən seçilmiş Əlimərdan bəy Topçubaşov Bakı sakinləri qarşısındakı çıxışında “Bakı əhalisi Rusiya azadlıq  hərəkatında fəal iştiraka qədəm  qoyur. Mən Qafqazın  mümkün dərəcədə geniş və tam özünü idarəsinə tərəfdaram. “Yerli işlər yerli adamlara verilməlidir” devizi Qafqazın bütün xalqlarına eyni dərəcədə tətbiq edilməlidir” [4.s.136]. deyə bildirdi. Kaspi qəzetinin redaksiysında Kaspi və Həyat qəzeti əməkdaşları ilə görüşdə  “mən konstitusiyalı idarəçiliyin tərəfdarıyam və hesab edirəm ki,… bizim ölkəmizdə həyatın vətəndaş və siyasi azadlıqlar zəminində qurulmasının qarşısını alan bütün maneələri aradan qaldırmaq lazımdır” şüarları ilə özünün liberal –islahatçı fəaliyyət proqramını və məqsədini elan etdi [32].

Bakı quberniyasından I Dövlət Dumasına Əlimərdan bəy Topçubaşov, Məmməd Tağı Əliyev və Əsədulla bəy Muradxanov millət vəkili seçilmişdilər. Rusiya imperiyasında Bakı  müsəlmanların yaşadığı yeganə şəhər, yeganə quberniya idi ki, I Dövlət Dumasına seçkilərdə bu quberniya üçün ayrılmış hər üç millət vəkili yerinə türk-müsəlman namizədlər seçilmişdi. Əhalisinin böyük hissəsi müsəlmanlardan ibarət olan Kazan, Ufa və Orenburq kimi şəhərlərdən  Dövlət Dumasına seçkilərdə yalnız ruslar qazanmışdı [33.s.149] Bu qələbə  XIX əsrin sonu –XX əsrin əvvəllərində Bakıda getdikcə dərinləşən  milli hərəkatın uğurlu bir yekunu idi. Bu böyük uğurdan sonra Əli bəy Hüseynzadə “Həyat” qəzetində yazırdı: “Qafqaz türkləri türklərin ən hürriyyətpərvəridir… Bu məmləkətdə heç bir qüvvət hürriyyət arzusunu məhv edə bilməz… Qafqaz hürriyyət aləminin tarixində mühüm rol oynayacaqdır, bu rollardan ən böyüyü Qafqaz və Azəbaycan türklərinə aiddir” [6] I Dövlət Dumasına Azərbaycandan Ə.Topçubaşov, İ.Ziyadxanov, Ə.Muradxanov, Ə.Haqverdiyev, M.Əliyev və Ağa xan İrəvanski vəkil seçildilər. 1906-cı ilin iyun ayının 21-də Peterburqda müsəlman əyalətlərindən seçilmiş vəkillərin ilk iclası keçirildi. 22 nümayəndənin iştirak etdiyi bu iclasda Ə.Topçubaşov I Dövlət Dumasının Müsəlman fraksiyasının lideri seçildi. Fraksiya Rusiya müsəlmanlarının problemlərini müzakirə etməklə yanaşı Rusiya müəlmanlarının III qurultayına da hazırlıq işləri görürdü. Topçubaşov Müsəlman fraksiyasına rəhbərlik etməklə yanaşı, I Dövlət Dumasında Polşadan olan deputat Aleksandr Ledniçiskinin təşəbbüsü ilə yaradılmış “Muxtariyyətçilər birliyi”nin də həmsədri seçilmişdi [16.s.48]  Cəmil Həsənlinin qeyd etdiyinə görə ABŞ –ın Viskonsin Universitetinin professoru  V.Furnio Ə.B. Topçubaşovun bu dövrdəki nəhəng fəaliyyəti ilə bağlı yazır: “Bu illərdə Ə.B.Topçubaşov  Rusiyanın bütün müsəlmanlarının həyatında xüsusi yer tutan tarixin kiçik bir parçasının həqiqi yaradıcılarından biri olmuşdur”  [4.s.138].

Fraksiya Duma qarşısında Müsəlman vilayətlərində yeridilən aqrar siyasətin dəyişdirilməsi, aqrar islahatların aparılması ilə bağlı məsələlər qaldırmağa çalışırdı. Topçubaşov vəqf torpaqlarının müsəlman cəmiyyətlərinə qaytarılmasını tələb edirdi. Əlimərdan bəy fraksiya lideri kimi Rusiyada yaşayan  bütün türklərin və  müsəlmanların problemlərini həll etməyə çalışırdı. Şimali Qafqazda çeçen və inquşlara qarşı yeridilən ayrıseçkiliyə, yerli əhali ilə gəlmə ruslar arasında hökumət nümayəndələrinin nifaq salmaq siyasətinə fraksiya adından kəskin etiraz etmişdi. Terek vilayətindən seçilmiş Taştemir Eldarxanovla birlikdə o, bu məsələ ilə bağlı Dumaya sorğu vermişdi. Qırğız vilayətindəki torpaq komissiyasının qeyri-qanuni fəaliyyəti, Gəncə qəza rəisi Avelianinin zorakılığı, Türküstan türklərinin haqlarının tapdalanması Rusiya müsəlmanlarının lideri olaraq onun etirazlarını doğurmuşdu. Topçubaşov Rusiya müsəlmanlarına qarşı yeridilən şovinizm siyasəti barədə  yazırdı. “İyirmi milyonluq Rusiya müsəlmanlarının cəmi 36 deputatla təmsil olunmasının ölkədəki xalq təmsilçiliyi ideyasının özünə məhvedici zərbə vurduğunu söyləməyə ehtiyac varmı? Əyalətlər üzrə deputat yerlərinin müəyyənləşdirilməsi zamanı müsəlmanlara münasibətdə açıq–aşkar ədalətsizliyə yol verilmişdir. Bir sıra yerlərdə isə bu ədalətsizlik dəhşətli miqyas  almışdır” [30]. “Türküstan diyarının beş milyon yerli əhalisi Dumada altı vəkillə təmsil olunurdusa, 300 minlik yadelli rus əhalisi 5 vəkillə təmsil olunurdu. Yəni 834 min müsəlman əhalisindən bir deputat seçildiyi halda, 60 min rus əhalisindən bir deputat seçilmişdi” [17. s.15].

Krım türkləri öz tələblərini Dumada səsləndirməyi Əlimərdan bəyə həvalə etmişdi. Müsəlman fraksiyası Türkiyə Parlamenti və İran Məclisi ilə də əlaqə yaratmagı planlaşdırırdı. Lakin iyulun 8-də P.Stolıpin hökümətinin qərarı ilə  I Dövlət Duması qovulduğundan bu ideyalar həyata keçmədi.  Qeyd edilməlidir ki, I Dövlət Dumasının ömrü çox qısa olmuş, demokratiya qanunlarına alışmamış çar hakimiyyəti Dumadaxili və ondan kənarda ziddiyyətlərin kəskinləşməsindən narahat olaraq 1906-cı il 9 iyul manifesti ilə Dumanın buraxıldığını elan etmişdir. Burada bəzi azərbaycanlı deputatların cəmi bir sessiya fəaliyyət göstərmiş Dövlət Dumasının işində nə qədər cəsarətli və prinsipial mövqe tutduqlarını nümayiş etdirən bir məqama diqqət yetirmək maraqlı olardı. I Dumanın buraxılması ilə razılaşmayan bir qrup deputat (kadetlər, trudoviklər və sosial-demokratlar) öz iclaslarını Peterburq yaxınlığında – Vıborqda keçirməyi qərara alır. 9-10 iyulda 200 deputatın iştirakı ilə keçirilən bu iclaslarda hökumətə passiv müqaviməti nəzərdə tutan Vıborq Müraciətnaməsi qəbul olunur. Həmin müraciətnaməni imzalayanlar arasında Əlimərdan bəy Topçubaşov və İsmayıl xan Ziyadxanov da var idi. Çar hökuməti bu sənədi imzalayanları ən ciddi şəkildə cəzalandırır, onlar, o cümlədən Ə.Topçubaşov və İ.Ziyadxanov üç aylıq həbsə məhkum edilməklə növbəti seçkilərdə iştirak etmək hüququndan məhrum edilirlər. Azərbaycanın və Rusiyanın bu dövlət və ictimai xadimlərinin, xüsusilə artıq o dövr Rusiya müsəlmanlarının ən nüfuzlu lideri sayılan Əlimərdan bəyin Dumanın sonrakı heyətlərində iştirak etməməsinin səbəbi bu qadağa ilə bağlıdır.

 

  1. Rusiya Müsəlmanları İttifaqının III Qurultayı

 

Duma buraxıldıqdan sonra müsəlman duma üzvləri paytaxtdakı  müsəlman cəmiyyəti ilə birlikdə toplantı keçirdi və Rusiya müsəlmanlarının III qurultayının Nijni-Novqorodda  keçirilməsi haqqında qərar qəbul edildi. Qurultay 1906-cı ilin avqust ayının 16-da Nijni- Novqorod şəhərinin mərkəzi klubunda, yerli molla Xəlil Əfəndinin oxuduğu Quran ayəsi ilə işə başladı. Qurultayda Qafqaz, Krım, Volqaboyu, Sibir, Türküstan və Qırğızıstandan  min  nəfərə qədər nümayəndə iştirak  edirdi. Rusiya Müssəlmanlarının III qurultayının  mərkəzi siması Ə.Topçubaşov idi. Birinci Rus inqilabı dövründə baş verən siysi proseslərdə fəal iştirakı onun yetkin liderə çevrilməsinə səbəb olmuşdu .  Məhz buna görə də qurultayın sədri Topçubaşov  seçildi. [19.s.64]. Qurultayın 15 nəfərdən ibarət Rəyasət Heyətinə Əlimərdan bəy Topçubaşov, İsmayıl bəy Qaspralı, Qabdrəşid İbrahimov, Mustafa Şirvanski, Səid-Girey Alkın, Yusif Akçura, Musa Biqiyev, Şahaydar Sırtlanov, Səlim-Girey Çanturin və başqaları daxil idilər. Qurultayın avqustun 16-da keçirilən birinci iclasında Qabdrəşid İbrahimovun  məruzəsi əsasında bütün müsəlmanların birləşməsi və birlikdə hərəkət etmələrinin zəruriliyi müzakirə edilərək İttihadi-İslam fikri müdafiə edilmişdir. Q.İbrahimov məruzəsində qurultay iştirakçılarına “mən ittihadi-islamın xidmətindəyəm” deyə müraciət etmişdir. Avqustun 17-də davam edən ikinci iclasda Rusiya Müsəlmanlarının 17 oktyabr manifestindən yararlanaraq açıq siyasi fəaliyyət göstərməsinin vacibliyi, bu məqsədlə millətçilik və dini əsaslara söykənən proqrama  malik müsəlman partiyasının yaradılmasının  zəruriliyi haqqında .Akçura geniş məruzə ilə çıxış etdi və Topçubaşovun hazırladığı proqram  layihəsini qəbul etməyi təklif etdi. İ.Qaspralı, Ə.Saydaşov, Ş.Sırtlanov və Q.İbrahimov bu təklifi dəstəklədilər. Əlimərdan bəy çıxışında Rusiyada İslam dininə münasibətin kökündə siyasi və dini məqsədlərin dayandığını vurğulayaraq qeyd etdi ki, “Rusiyada İslama mane olan  nədir? Missionerlərə ianə verib onları Peterburqdan bizlərə yollayan düşmənlərimizdir. Onlara qarşı dayanmaq gərəkdir… bizim üçün ən lazım olan şey hürriyyəti-dindir… hər zaman  hürriyyəti–din məqsədimizdir… dinsiz həyatımız yoxdur, bunu anlasınlar”. Rusiyanın İslam dinini parçalaması və xristianlaşdırma, ruslaşdırma  siyasətinin qarşısının alınması üçün “hər şeydən əvvəl Rusiya müsəlmanları arasında ittifaq  lazımdır” deyə Əlimərdan bəy qurultaya müraciət etdi [19. s.64]. Dini islahatlarla bağlı qəbul olunan qərarlar  haqqında çıxış edən Əlimərdan Bəy Topçubaşov “…Mən bu q%