Sumqayıtı Azərbaycanın Antalyasına necə çevirmək olar?

Sumqayıtı Azərbaycanın Antalyasına necə çevirmək olar?
print
Əslində Sumqayıtın çimərlik turizmində əsaslı payı olan şəhərlər siyahısına daxil olma şansları çox böyükdür. Məlumdur ki, bu şəhərin dəniz sahili boyu təkrarsız relyefi var. Bu unikal sahil zolağını təmiz saxlamaq və şəhər çimərliklərini bərpa etmək lazımdır. Bu məqsədlə ilk növbədə sahilboyu çimərlik ərazilərdə suyun nisbi təmizliyi üçün Sumqayıt aerasiya stansiyasını tam gücü ilə işlətmək, kanalizasiya sularının şəhər çimərliyi zolağı boyunca dənizə axıdılmasının qarşısını tam almaq lazımdır.

Biz orta və aşağı dəyərli turist paketləri sahəsində ixtisaslaşıb xeyli yeni iş yerləri aça bilərik. Bu heç də utopiya deyil, sadəcə bu yöndə əsaslı-planlı şəkildə işləmək lazımdır. Hər xırda detalı nəzərə alıb, bu sahədə-yeni turist məhsullarının təklifi sahəsində vətəndaş təşəbbüslərini də düzgün qiymətləndirmək vacibdir. Vaxtilə Türkiyənin Antaliya, Misirin Xurqada və Gürcüstanın Batumi şəhərləri də məhz bu yolla gedib. Sadəcə münbit şərait yaradıb kommunikasiyaları müvafiq səviyyəyə çatdırmaq, münasib qiymətlər təklif etmək lazımdır. Sahilə yaxın ərazilərdəki 2-3 mərtəbəli şəxsi evlərin əksəriyyətini aşağı büdcəli mehmanxanalara çevirmək mümkündür. Hazırda Rusiya Ukrayna, Gürcüstan bu təcrübədən aktiv istifadə edir.

Bu məqsədlə təklif edirəm ki, Sumqayıtın brend-menecer postu yaradılsın! Əslində Brend menecer turizm infrastrukturuna malik olan hər bir şəhərimiz üçün lazımdır.

Bu gün Sumqayıtın müasir-tullantısız sənayə mərkəzi kimi inkişafı çox sevindiricidir. Amma bu şəhərin çimərlik turizmi üçün böyük cəlbedici potensialı, həmçinin müalicəvi turizm imkanları da var. Stabil inkişaf edən turizm sənayesi xidmət sahəsini inkişaf etdirməklə paralel olaraq yeni investorlar üçün münbit mühit də yaradır. Bu eyni zamanda şəhər sakinlərinin doğma məkana məhəbbət hissinin daha dərindən formalaşmasına və Sumqayıtın müsbət imicini formalaşdıracaq! Öz şəhərləri ilə fəxr edən, öz şəhərlərinə bağlılıqlarını dərk edən və nəhayət, özlərini bu şəhərin tərkib hissəsi sayan sakinlər isə hər uğura imza atmağa qadirdirlər. Eyni zamanda turist axınının sürətləndirilməsi üçün sakinlərimiz arasında müasir düşüncə və ünsiyyət tərzini də formalaşdırmaq lazımdır.

Bu gün Sumqayıt üçün həlli vacib məsələlər mövcuddur və onları bu cür qruplaşdırmaq olar:

Təbliğati sahədəki işlər:
• Xarici ölkələrdə, ələlxüsus, Rusiya, Belorus və Qazaxıstanın böyük sənaye mərkəzlərindəki yerli KİV-lərdə və internet resurslarında, disput saytlarında çimərlik və müalicə turizmi mərkəzi kimi Sumqayıtın təbliğatını aparmaq. Bu işdə yerli diasporun əlaqələrindən istifadə etmək;
• Rusiya, Belorus və Qazaxıstanın böyük zavod və fabriklərinin, həmçinin dövlət müəssisələrinin həmkarlar ittifaqları ilə məqsədyönlü danışıqların aparılması;
• Yerli və xarici turist şirkətlərilə danışıqların aparılması və Sumqayıtın çimərlik turizmi paketinə salınmasını təşkil etmək;
• Sumqayıt haqqında xırda bələdçi-tanıtım çarxlarının çəkilməsi, internet və sosial şəbəkələrdə çarxların – məlumatların yerləşdirilməsi və geniş paylaşım edilməsi;
• Ərəb ölkələrinin, Rusiya, Belorus və Qazaxıstanın ümumölkə telekanallarında Sumqayıt haqda süjetlərin verilməsi;
• Xarici və ölkədaxili turistlərin cəlb edilməsi üçün şəhər turist portalının yaradılması;
• Şəhərdə müxtəlif dillərdə sosial plakat reklamını gücləndirmək (“Təşəbbüslər paytaxtı”, “Gənclər şəhəri”, “Xəzərin mirvarisi” , “Xoşbəxt insanlar məkanı” və s).

Şəhərdaxili infrastruktur sahəsindəki işlər: (güzəştli şərtlərlə investisiya vəsaitinin cəlb edilməsi yolu ilə cəsarətli addımların atılması):
• Xəzər dənizinin sahil zolağında lazımı çimərlik infrastrukturunun yaradılması və yaxın məsafədə dəniz dibinin daşlardan, dəmir qalıqlarından təmizlənməsi;
• Sahilə yaxın ərazilərdə 3-4 mərtəbəli, aşağı büdcəli mehmanxanaların tikməsi;
• Vaxtilə mövcud olmuş müalicəvi yod-brom və kükürdlü su mənbələrini bərpa etmək və bu mineral mənbələr üzərində tam pansiyon olmayan kiçik vannalarla müalıcə mərkəzi və tam pansiyaon olan bir-neçə sanatoriya açmaq;
• Dənizkənarı bulvarda Sumqayıt botanika bağını bərpa etmək;
• Partnyor layihəsi əsasında Yapon bağının salınması;
• Müasir attraksion məkanının qurulması;
• Yüngül konstruksiyalı suvenir-hədiyyə köşklərinin və iaşə obyektlərinin sahilboyu qurulması;
• Sumqayıtda–Corat qəsəbəsində tarixi gözətçi qülləsinin tikilməsi. Əslində bu tarix fiksiyadır. Çox ölkələr bu üsuldan istifadə edir. Bu qüllə X-XI əsrdə yaşamış xəzərlərə aid edilə bilər və qəsəbə üçün yeni tarixi obraz yaradıla bilər. Eyni zamanda Coratdakı qədim hamamlar, məscid və xan evinin turist marşrutuna salması;
• Sumqayıtın dənizkənarı bulvarında və sahil bulvarında yeni gül bağının salınması (Soçi və Kislovodskdakı “dalina roz” vadisi kimi);
• Sumqayıt-Novxanı katerlə dəniz gəzintisi turlarının təşkil edilməsi;
• Sumqayıtda müxtəlif ölçülü balıqlar üçün “Akvarium” məkanının qurulması;
• Sumqayıtda lövbər salmış gəmidə balıq restoranının təşkili;
• Yeniləşən Sumqayıtın bürüncdən yeni simvolu sayılacaq monument-abidənin yaradılması;
• Sumqayıtda şəhərdaxili informasiya–məlumat nişanlarının yenilənməsi (küçə adları, istiqamətlər və s.)
• Dənizkənarı parkda velosiped yollarının təşkil edilməsi

Şəhər daxilində yay mövsümündə əyləncə sahəsindəki işlər:

• İyun ayının ilk günlərində çimərlik mövsümünün başlanması ilə əlaqədar Sumqayıtda “Neptun” bayramının keçirilməsi;
• İyul ayında Sumqayıtda mahnı festivalının keçİrilməsi;
• Avqust ayında Sumqayıtda əncir və üzüm meyvələrilə bağlı 2 günlük satış festivalının keçirilməsi;
• Sentyabr ayında Sumqayıtda şirniyyatla bağlı 2 günlük satış festivalının keçirilməsi;
• Sumqayıtla bağlı selfi müsabiqəsinin elan olunması və həftədə bir dəfə (və yaxud 10 gündən bir) müsabiqənin qalibi olan turistin qiymətli hədiyyə ilə mükafatlandırılması;
• Sumqayıtla bağlı turistlər arasında sosial-şəbəkələrdə ən yaxşı video-hesabat müsabiqəsinin və turist təəssüratı yazısı qalibinin həftədə bir dəfə (və yaxud 10 gündən bir) hədiyyə ilə mükafatlandırılması;
• Sumqayıt haqqında təbliğat materiallarının-kitab, foto-albom, broşur, marka, açıqca, suvenir, köynək, beysbolka və s. istehsalı və satışı;
• Dənizkənarı bulvarda yay mövsümü boyu özfəaliyyət kollektivlərinin konsertlərinin təşkili;
• Sumqayıtla rəssamların şənbə və bazar günlərində rəsm qalereyası önündə satış sərgilərinin təşkil edilməsi;
• “Made in Azərbaycan” brendli məhsulların, həmçinin şəhər sakinlərinin əl işlərindən ibarət “Sənətkarlar” adlı satış yarmarkalarının təşkili və prosesə şəhər sakinlərinin daha çox cəlb olunması;

İlkin mərhələdə ən ehtiyatlı proqnozlarda orta hesabla bir aya ən azı 10 000 (on min) turistin Sumqayıt çimərliklərinə cəlb edilməsi mümkündür ki, ancaq yay mövsümündə ümumilikdə 30 000 (otuz min) turist deməkdir. Bir həftə müddətində orta hesabla turistin ümumi xərclədiyi vəsaitin təqribən 500 dollar həcmində olduğunu nəzərə alsaq bu vəsaitin mövsüm ərzində 15 mln. dollar olduğunu görərik.

2015-ci ildə qardaş Türkiyədə təkcə Rusiyadan dörd milyon yarım insan istirahət etmişdi. Biz bu yay mövsümünə aktiv hazırlaşsaq, rusiyalı turistlərin ən azı bir faizini təkcə Sumqayıt və Lənkarana cəlb edə bilərik. Bu isə 45 min turist deməkdir.

Kiçik bir haşiyə: Rusiyanın Yaroslavl vilayətində əhalisi 5 000(beş min) olan Mışkin qəsəbəsini ildə 140 000 (yüz qırx min) turist gəzir. Əsas məqsəd şəhərdəki siçan muzeyini görməkdir.
Adətən turizmdən gələn gəlirlər kiçik şəhərlərin ümumdaxili məhsulunun 3-5% təşkil edir. Amma yeni iş yerləri , aidiyyatı sahədə əmək məşğulluğu və yerli məhsulların, həmçinin xidmət sahəsinin çalışması baxımından % göstəricisi yüksəkdir.

Sadəcə münbit şərait yaratmaq və bu işə ciddi yanaşmaq lazımdır. Nəticə isə özünü çox gözlətməyəcək!

Faiq HÜSİYEVƏməkdar jurnalist