TANAP istifadəyə verildi – Yenilənib

TANAP istifadəyə verildi – Yenilənib

Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi keçirilir.

Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Pyotr Poroşenko, Bolqarıstanın baş naziri Boyko Borisov, BP şirkətinin baş icraçı direktoru Robert Dadli də iştirak edir.

Tədbirə bir çox rəsmi qonaqlar, həmçinin enerji şirkətlərinin rəhbərləri də dəvət olunub.

***

Mərasimdə açılış nitqini Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Berat Albayraq edib. O, bu layihənin Avropanın enerji sektorunda yeni canlanma yaradacağını bildirib.

“Bu layihə Azərbaycanın tədarükçü ölkə mövqeyini daha da gücləndirəcək, yeni bazarlara çıxışını təmin edəcək.

TANAP başqa ölkələrin iştirakı ilə inkişaf edən bir layihə olacaq. Türkiyə və Azərbaycanın yandırdığı çıraq, müxtəlif mədəniyyətlər arasındakı əlaqəni möhkəmləndirəcəkdir”.

***

Daha sonra prezident İlham Əliyev mərasimdə çıxış edib. O bildirib ki, TANAP Türkiyə-Azərbaycan qardaşlığının zəfəridir:

“Bu gün enerji tarixini birlikdə yazırıq. Bizim layihələr bölgəyə stabillik, inkişaf gətirir, xalqlar da faydasını görür. Bu, ilk layihəmiz deyil. Qardaşım Ərdoğanla 2006 və 2007-ci illərdə də açılışlar etdik. Əminəm ki, növbəti iki il ərzində TAP layihəsini də istifadəyə verəcəyik”.

***

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı da çıxış edərək Xəzər dənizindəki qaynaqların uyğun yollarla Türkiyə və Avropaya daşınmasının iqtisadi inkişafa və təhlükəsizliyə  töhfə verəcəyini söyləyib:

“Bu coğrafiya insanlığa xidmət edən işbirliyi qovşağına çevrilir. Orta Şərq enerji qaynaqları səbəbindən başı bəladan qurtarmayan bölgədir. Bu qaynaqları işbirliyi və sülh ortamına töhfə verməyə çevirmək ağıllı addımdır.

Azərbaycan prezidenti Türkiyə və Azərbaycan qardaşlığından danışdı. Demək istəyirəm ki, bir qardaşınız da var. Türkiyə və Azərbaycanın bir acısı olduğunda biz də bunu üzərimizdə hiss edirik. Sevinciniz olanda isə sizinlə bərabər sevinirik”.

***

Serbiya prezidenti Aleksandr Vuçiç bu layihənin Avropanın enerji təhlükəsizliyini sığortaladığını söyləyib:

“Serbiya bu kimi layihələrə qatılmağa böyük maraq göstərən ölkədir. Enerji axınının davamlılığı tək Serbiya üçün deyil, bu bölgənin enerji təhlükəsizliyi baxımından da çox önəmlidir”.

***

Ukrayna prezidenti Petro Poroşenko TANAP-ın Ukraynanın enerji təhlükəsizliyi üçün önəmli rol oynadığını söyləyib:

“Mən Ukrayna xalqı adından Azərbaycan və Türkiyə prezidentlərinə təşəkkür etmək istəyirəm. Ukrayna bu layihəyə tam dəstək verir.

Yaxın gələcəkdə Xəzər dənizindən təbii qazın tək Ukraynaya deyil, bütün Avropaya ixrac ediləcəyinə inanıram”.

***

Sonda səhnəyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəvət olunub. O, çıxışında qeyd edib ki, TANAP qarşıdakı illərdə həyata keçiriləcək birgə layihələrin də müjdəçisidir:

“TANAP Avropanın ən uzun təbii qaz boru kəməridir. İllik ötürücülük həcmi 16 milyon kub metrdir. Bunun 6 milyonu Türkiyəyə, 10 milyonu isə Avropaya ötürüləcək. Gələcəkdə tələb olarsa illik həcmi 22 və ya 31 milyona çıxarmaq mümkün olacaq”.

Ərdoğan sözlərinə əlavə edib ki, belə bir layihənin qısa zamanda həyata keçirilməsində Türkiyənin son 16 ildə təmin etdiyi siyasi və iqtisadi sabitliyin önəmli rolu var.

***

Çıxışlardan sonra prezidentlərin və nazirlərin iştirakı ilə TANAP layihəsinin açılışı baş tutub. (Qafqazinfo)