“Şər qüvvələrin vətənimizdə çaxnaşma salmasına imkan verməyəcəyik” – Prezidentə dəstək çağırışı

“Şər qüvvələrin vətənimizdə çaxnaşma salmasına imkan verməyəcəyik” – Prezidentə dəstək çağırışı
print
Xəbər verildiyi kimi, iyulun 3-də və 10-da Gəncə şəhərində qanlı cinayətlər törədilib. Öncə Rusiya vətəndaşı Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və onun mühafizəçisi, polis əməkdaşı Qasım Aşbazovu yaralayıb, sonra isə ictimai asayişi pozan şəxslər 2 polis zabitini qətlə yetirib.

Təbii ki, bu qanlı olaylar elə həmin gündən başlayaraq ölkə ictimaiyyəti tərəfindən qınanılıb və bildirilib ki, bütün bu əməllər yalnız sabitliyi pozmağa xidmət edir.

Azərbaycan prezidenti İlham Əliyev də  hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi iclasda  həm Elmar Vəliyevin vurulmasına, həm də  2 polis zabitinin qətlə yetirməsinə sərt mövqeyini ortaya qoydu və bildirdi ki, bu terror aktlarının əsas məqsədi cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaqdır: “Onlar heç vaxt öz məkrli planlarına çata bilməyəcəklər, çünki dövlətimiz və xalqımız buna imkan verməyəcək”.

Təmsil olunduğum Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin ziyalıları adından deyə bilərəm ki, bu yolda biz də prezidentə dəstək olacağıq və çalışacağıq ki, şər qüvvələr vətənimizdə çaxnaşma salmasınlar.

Düzdür, müstəqillik qazandığımız dövrdən bəri Azərbaycan belə şər qüvvələrin əməlləri üçün sanki bir sınaq meydanı olub.

Nə yaxşı ki, ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində o qüvvələrin Azərbaycanımızı parçalamalarına imkan verilmədi. Əksinə, inkişaf etdik, həmrəy olduq, xalqımız istər siyasi müstəvidə, istərsə də digər sahələrdə uğurlar qazanmağa başladı. İndi heç kəsə sirr deyil ki, Azərbaycan bölgənin lider dövlətinə çevrilib, torpağımızı işğal edən Ermənistanı bütün iqtisadi layihələrdən kənarda qoyub.

Ən ümdə məqsədimiz isə Xankəndidə, Şuşada, Kəlbəcərdə, Laçında bayrağımızı göylərə qaldırmaqdır. Artıq bu yolun başlanğıcında ordumuz bir sıra uğurlar əldə edib. İnanırıq ki, o uğurların davamı Xankəndidə tamamlanacaq.

Təəssüf ki, ölkə əhalisinin bəzi radikal qüvvələri prezidentə və xalqımıza kömək etmək əvəzinə digər əməllərə əl atırlar. Ancaq onların bu məkrli işi əvvəlki illərdə olduğu kimi yenə də iflasa uğrayacaq. Unudurlar ki, bu çirkin “siyasətlərilə” onlar ermənilərə və Əlikram Hümbətov kimi vətən xainlərinə informasiya müharibəsində köməklik göstərirlər.

Belə dırnaqarası insanlara yenə də ən tutarlı cavabı dövlətimizin başçısı verdi: “Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan döndərə bilməzlər. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq”.

Qaraqoyunlu dərəsinin ziyalıları həmişə olduğu kimi yenə də İlham Əliyevə dəstəyini nümayiş etdirir və bəyan edir ki, ölkəmizdə sabitliyin pozulmasına imkan verməyəcəyik.

Azərbaycan yenə də dünya miqyasında ən təhlükəsiz ölkələrdən biri kimi yaşayıb inkişaf edəcək.

Şakir Göyüşov, www.qaraqoyunlu.com saytının Baş direktoru