Anar Nağılbaz dünyasını dəyişdi

Anar Nağılbaz dünyasını dəyişdi

Azərbaycanlı rep ifaçısı Anar Nağılbaz vəfat edib.

Bu barədə yazıçı Tural Cəfərov (Qan Turalı) özünün Facebook profilində məlumat verib.

Anar Nağılbazın anası Şərqiyyə Cəbiyeva REAL-a açıqlamasında oğlunun ölümünü təsdiqləyib. Ailə üzvləri bildiriblər ki, reperin ölümünə uzun müddətdir çəkdiyi stres səbəb olub.

Qeyd edək ki, Anar Nağılbaz 1974-cü il martın 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində dünyaya gəlib. Replə ilk dəfə 1988-ci ildən etibarən məşğul olub.

1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. 1990-1992-ci illərdə “Kirpi” jurnalının, 1993-1995-ci illərdə “Naxçıvan” qəzetinin müxbiri olub.

Böyük səhnəyə 1993-cü il fevralın 28-də “Canlı klip” teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.

44 yaşlı rep ifaçısı 2 dəfə evlənib. Onun Anjelika adlı ilk həyat yoldaşından 2 övladı var. Bu ilin iyununda isə Aytən adlı xanımla ailə qurmuşdu.

O, keçmiş deputat Rizvan Cəbiyevin oğludur.

Bu məqamda A.Nağılbazın böyük səhnədə ulduzlaşmasına kömək olan bir neçə mahnını oxucularına təqdim edir.

Məlumat üçün bildirək ki, 1988-ci ildən repə maraq göstərməyə başlayan ifaçı, 1990-cı ildə ilk dəfə Horadizdə “Beynəlxalq gənc mətbuatçılar festivalı”nda “Bivəfa” repini ifa edib.

Ona şöhrət gətirən işlərindən biri isə 1993-cü ildə “Narkodünya” mahnısı olub.

A.Nağılbaz son dövrlərdə qalmaqallı ailə həyatı və seks videoları ilə gündəmdə olmasına baxmayaraq, sənəti ilə böyük tamaşaçı kütləsinin sevimlisinə çevrilməyi bacarıb. Reper Azərbaycan musiqisinə gətirdiyi ilklərlə böyük rəğbət toplayıb. (Qafqazinfo)

Allah rəhmət eləsin!