Senator Con Makkeyn vəfat etdi – Tramp onun dəfninə dəvət edilmədi

Senator Con Makkeyn vəfat etdi – Tramp onun dəfninə dəvət edilmədi

ABŞ Senatının ən nüfuzlu üzvlərindən biri Con Makkeyn vəfat edib.

Son bir ildə beyin xərçəngi ilə mübarizə aparan Makkeyn avqustun 25-də dünyasını dəyişib.

Senator Makkeyn avqustun 24-də apardığı müalicəsini dayandırmağa qərar vermişdi. Con Makkeyn uzun illər ABŞ Konqresində Arizona ştatını təmsil edib. O, Vaşinqtonda Respublikaçılar Partiyasının ən nüfuzlu nümayəndələrindən biri idi.

Qeyd edək ki, Makkeyn Vyetnamda döyüşüb, onun təyyarəsi vurulandan sonra beş ildən çox əsirlikdə qalıb. Kapitoliya təpəsində xidmət etdiyi 35 il ərzində altı dəfə Senata seçilib.

2000-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədlərdən biri olub, lakin ilkin seçkilərdə qubernator Corc Buşa uduzub və Buş ABŞ Prezidenti seçilib.

2008-ci ildə Makkeyn Respublikaçılar Partiyasından prezidentliyə əsas namizəd olub, lakin demokrat Barak Obamaya uduzub. Son üç ildə Makkeyn Donald Trampın ən qatı tənqidçilərindən biri olub.

Qeyd edək ki, prezident Donald Tramp Con Makkeynin dəfn mərasiminə dəvət edilməyəcək.

Bu barədə Makkeynin 1 ay öncə etdiyi vəsiyyətdə bildirilib.

Sabiq prezident Barak Obama isə dəfn mərasiminə dəvət ediləcək.

Trump isə sadəcə başsağlığı verməklə kifayətlənib:

“Senator Makkeynin ailəsinə başsağlığı verirəm və ehtiramımı bildirirəm. Qəlblərimiz və dualarımız səninlədir!”

Sabiq prezidentlər Barak Obama, Corc Buş və Bill Klinton da başsağlığı veriblər.