Azərbaycan şahmatçıları Çin yığmasına uduzdu – 1.5:2.5

Azərbaycan şahmatçıları Çin yığmasına uduzdu – 1.5:2.5

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

Oktyabrın 3-də keçirilən doqquzuncu turda Azərbaycanın kişilərdən ibarət komandasının rəqibləri çinli idmançılar olub. Azərbaycan-Çin görüşündə Şəhriyar Məmmədyarov – Dinq Liren, Teymur Rəcəbov – Yu Yanqyi, Arkadi Naydiç – Vey Yu və Eltac Səfərli – Bu Syanci cütlükləri qarşılaşıb. Komandamız rəqibinə məğlub olub – 1,5: 2,5.

Aktivində 15 xal olan ABŞ yığması hazırda Olimpiadada vahid liderdir. Onlardan bir xal geri qalan Polşa yığması ikinci yerdə qərarlaşıb. Azərbaycan komandası 13 xalla üçüncüdür.

Qadın şahmatçılarımız isə Ukrayna komandası ilə yarışıb. Azərbaycan – Ukrayna görüşündə Günay Məmmədzadə – Anna Muzıçuk, Xanım Balacayeva – Marina Muzıçuk, Gülnar Məmmədova – Anna Uşenina və Ülviyyə Fətəliyeva – Yuliya Osmak qarşılaşmaları keçirilib. Oyun heç-heçə başa çatıb – 2:2.

Qadın komandaların mübarizəsində ilk iki yerdə Çin və Ukrayna yığmaları qərarlaşıb. Aktivində 14 xal olan Azərbaycan komandası altıncı pillədədir.

Ümumdünya Şahmat Olimpiadası oktyabrın 5-də yekunlaşacaq.