İTV-də ciddi vəsait pozuntuları aşkarlandı – Cəmil Quliyev və onun havadarları cəzalandırılacaqmı?

İTV-də ciddi vəsait pozuntuları aşkarlandı – Cəmil Quliyev və onun havadarları cəzalandırılacaqmı?

Hesablama Palatasının kollegiyası dövlət büdcəsindən İctimai Televiziya və Radio Yayımları Şirkətinə 2017-ci il və 2018-ci ilin I yarımilində ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Palataya istinadən verilən xəbərə görə, audit tədbiri İctimai Televiziya və Radio Yayımları Şirkəti üzrə ümumilikdə 17 milyon 229 min manat vəsaiti əhatə edib.

Auditlə işçilərə artıq ezamiyyə xərcinin, elmi dərəcələrə görə artıq əlavə əmək haqqının, istifadə olunmayan məzuniyyət günlərinə və işdə olmadığı günlərə görə əmək haqqının ödənilməsi halları müəyyən edilib. Həmçinin, işçilərə fəxri adlara görə verilmiş aylıq təqaüdlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməli olduğu halda, İctimai Yayımçının vəsaiti hesabına ödənilib.

Şirkət profilaktika işlərinin yerinə yetirilməsi ilə əlaqədar bağlanılmış müqavilə şərtlərinə əməl edilməyərək müqavilədə nəzərdə tutulmayan müxtəlif adda mal-materialların alışına yol verilib.

İctimai Yayım xidmətinin digər mənbələr hesabına, sponsor yardımı, fiziki və hüquqi şəxslərin ianələri, reklamdan əldə olunan gəlirlər, audiovizual proqramların satışından daxilolmalar, öz məhsulu olan serialların, tamaşaların, bədii, sənədli, cizgi və digər filmlərin satışından əldə edilən vəsaitlər, konsertlər və şouların təşkilindən daxilolmalar hesabına maliyyələşdirilməsi məqsədilə görülən tədbirlər yetərli olmayıb.

Maliyyə hesabatları “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə uyğun tərtib edilsə də, bəzi hallarda maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri maliyyə hesabatlarında düzgün əks etdirilməyib, Şirkətin balansında olan müxtəlif avadanlıqlara quraşdırılmış ehtiyat hissələri, yerinə yetirilmiş tikinti işlərinin dəyəri aktivlərin ilkin dəyərində uçota alınmayaraq birbaşa xərcə silinib.

Hesablama Palatasının kollegiyası auditin nəticələrini müzakirə edərək qərar qəbul edib, müəyyən edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərə dair qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlərin görülməsi və görülmüş bütün tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti İctimai Televiziya və Radio Yayımları Şirkətinə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Qeyd edək ki, İctimai televiziyaya 2013-cü ildən 2018-ci ilədək Azərbaycan Dövlət Film Fondunun direktoru, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi,  Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni laureatı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Cəmil Quliyev rəhbərlik edib. O, bundan öncə isə (2011-2013-cü illərdə) AzTV-nin kurasiyasında olan “Mədəniyyət” kanalının baş direktoru vəzifəsində çalışıb.