Azərbaycanın yeniyetmə cüdoçusu olimpiya çempionu oldu

Azərbaycanın yeniyetmə cüdoçusu olimpiya çempionu oldu

Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.

Olimpiadanın cüdo yarışlarında 66 kiloqram çəki dərəcəsində çıxış edən 15 yaşlı təmsilçimiz Vüqar Talıbov ilk görüşündə yəmənli Əhəd Əl-Saqheeraya qalib gəlib. Tacikistanlı Camşed Sulaimoni və Antonio Tornalanı (Dominikan Respublikası) məğlub edən cüdoçumuz finala yüksəlib. Qızıl medal uğrunda görüşdə rusiyalı Abrek Naquçevə 2 dəqiqə 3 saniyə ərzində ipponla qalib gələn V.Talıbov Olimpiya çempionu olub.

O həm də yeniyetmələr arasında olimpiya çempionu olan ilk cüdoçu kimi tarixə düşüb. Daha əvvəl, 2014-cü il Nankin olimpiadasında Leyla Əliyeva (44 kq) və Natiq Qurbanlı (55 kq) gümüş medal əldə etmişdilər.

Qeyd edək ki, Olimpiadada 206 ölkədən 4 mindən artıq idmançı iştirak edir. Kosovo və Cənubi Sudan ilk dəfədir ki, Oyunlara qatılırlar.

Azərbaycan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə təmsil olunur. İdmançılarımız gimnastika, boks, atletika, güləş, cüdo, üzgüçülük, taekvondo və stolüstü tennis idman növlərində mübarizə aparacaqlar.