Putindən müsahibə alan və işdən qovulan amerikalı jurnalist – 50 milyon dollar tələb edir

Putindən müsahibə alan və işdən qovulan amerikalı jurnalist – 50 milyon dollar tələb edir

Xəbər verildiyi kimi dünən NBC News telekanalının aparıcısı Meqin Kelli efirdə işlətdiyi ifadələrinə görə işdən qovulub. Bu gün isə jurnalist kanal rəhbərliyindən 50 milyon dollar kompensasiya tələb edib.

Rusiya mediasına istinadən xəbər verilir ki, bu haqda məlumatı TMZ nəşri yayıb.

Mənbə bildirir ki, Kellinin illik qazancı 25 milyon dollar olub. Onun 3 illik müqaviləsinin bitməsinə isə 1 il 10 ay qalıb. Bu baxımdan müqaviləyə xitam verilməsi üçün o, kanal rəhbərliyindən 50 milyon dollar tələb edib.

Variety nəşri yazır ki, telejurnalistin maraqlarını “Freedman & Taitelman” şirkətindən olan tanınmış vəkil Brayan Fridman qoruyacaq.

İşdən çıxarılmasına səbəb isə oktyabr ayının 23-də efirə gedən “Today Show” proqramında Kellinin hellouin geyimləri haqda dediyi fikirlər olub. Səhərisi gün o, canlı efirdə fikirlərinin səhv olduğunu deyərək üzr istəyib. Ancaq buna baxmayaraq dünən onun verilişi efirə getməyib. Yeni proqramın yerində isə jurnalistin köhnə proqramı yayımlanıb.

Meqin Melli 2014-cü ildə Time versiyasına görə “100 ən nüfuzlu insanlar”ın siyahısına daxil olunub. O, iki dəfə Rusiya prezidenti Vladimir Putindən müsahibə alıb.

2017-ci ilin iyununda isə prezidentin iştirakı ilə keçirilən Peterburq beynəlxalq iqtisadi forumunda moderatorluq edib. (AzNews.az)