Təyyarə qəzaya uğradı: 189 nəfər öldü – VİDEO

Təyyarə qəzaya uğradı: 189 nəfər öldü – VİDEO

İndoneziyada “Boinq 737” sərnişin təyyarəsi qəzaya düşüb.

“Lion Eyr” aviaşirkətinə məxsus təyyarə Cakarta aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra radarlardan itib.

Hadisə şahidləri təyyarənin dənizə düşdüyünü bildiriblər. İddialara görə, təyyarənin göyərtəsində, ekipaj da daxil olmaqla, 189 nəfər olub.

***

Təyyarə Yava adasının qərb sahillərinə düşüb. Axtarış-xilasetmə tədbirləri başlayıb.

“Sinxua” agentliyi təyyarənin qəzadan əvvəl aeroporta geri qayıtmaq barədə xəbərdarlıq etdiyini yazıb.

***

Bakı vaxtı ilə saat 03:20-də JT-610 reysi ilə Cakartadan Pankalpianq şəhərinə uçan Boinq 737-800 təyyarəsi cəmi 13 dəqiqə sonra radarlardan yoxa çıxıb.

“Lion Eyr” şirkəti təyyarənin 2018-ci ilin avqustunda istifadəyə verildiyini bildirib.

Şirkət təyyarədə olanların sayını da açıqlayıb. Bildirilib ki, təyyarədə 181 sərnişin və 4 heyət üzvü olub.

İndoneziya nəqliyyat təhlükəsizliyi üzrə komitənin sədri təyyarənin qalıqlarının dənizin 30-40 metrliyində olduğunu bildirib.

Təyyarədə 181-189 sərnişin olduğu bildirilib.

***

İndoneziya Fövqəladə Halların Aradan Qaldırılması Komissiyasının nümayəndəsi təyyarədə olanların hamısının öldüyünü deyib.

Onun sözlərinə görə, artıq 1 nəfərin meyiti sudan çıxarılıb.

“Cakarta Post” qəzeti isə İndoneziya Maliyyə Nazirliyinin 20 əməkdaşının da qəza zamanı təyyarədə olduğunu yazıb. (Axar.az)