22 yaşlı biznesmen: “İşə başlayanda anamın ilk sözü “kül başına” oldu”- Müsahibə

22 yaşlı biznesmen: “İşə başlayanda anamın ilk sözü “kül başına” oldu”- Müsahibə

“Xeyirli olsun” layihəsinin bu dəfəki müsahibi “Saat store” mağazalar şəbəkəsinin təsisçisi Hüseyn Hümbətovdur.

Hüseyn Hümbətovla müsahibəni sizə təqdim edirik:

– Özünüzü təqdim edə bilərsiniz?

– Mən Hüseyn Hümbətov 1996-cı ildə anadan olmuşam, 22 yaşım var. Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsini bitirmişəm.

– Neçə yaşınızdan işləməyə başlamısınız?

– Mən çox balaca yaşdan işləməyə başlamışam. İlk dəfə işə düzələndə 11 yaşım var idi. Yay ayları idi, vaxtımı səmərəli keçirmək həm də pul qazanmaq istəyirdim. Bu, tək istək deyildi, tələbat idi. Çünki maddi vəziyyətimiz o qədər də yaxşı deyildi. İlk iş yerim avtoyuma məntəqəsi idi. Mənə gündəlik 5 manat əmək haqqı verirdilər. O vaxtlar həyatda ən böyük məqsədim, bu işi daha yaxşı öyrənib, o biri işçilər kimi daha çox pul almaq idi. Daha sonra bir çox yerdə işlədim. Həm məktəbə gedirdim, həm işləyirdim.

– “Saat store” brendini yaratmaq necə ağlınıza gəldi?

– Qəbul imtahanında gözlədiyim nəticəni əldə etməmişdim, sınaqlarda 500-600 bal yığsam da, qəbul imtahanında 1 saat yatdığım üçün 376 bal yığdım. Ailəmizin maddi vəziyyəti yaxşı deyildi və mən ödənişli əsaslarla təhsil alırdım. Buna görə də, fəhlə bazarında işləyib, həm xərclərimi, həm təhsil haqqımı qazanmağa çalışırdım. O vaxt çox bahalı bir saatım var idi, saatım qırıldığı üçün onun hissələrini axtarmağa başladım. Əvvəldən də saatlara marağım böyük idi. Həmin saatın hissəsini tapmaq üçün mağazalar gəzdikcə bu qərara gəldim ki, saat satım.

– Ailənizin ilk reaksiyası nə oldu?

– İlk dəfə saat satmağı qərara alanda cəmi 6 manat pulum var idi. 6 manata üç saat alıb evə gəlmişdim. Anam saatları görəndə “əvvəl bir-bir alırdın, indi üç-üç almağa başlayıbsan?” dedi. Cavab verdim ki, saatları satmaq üçün almışam. Anamın ilk sözü “kül başına” oldu. Həmin 6 manatı bir həftə içində 83 manat etdim. Daha sonra ailəm həmişə dəstək oldu mənə, hələ də hər işimdə arxamda dayanırlar.

– Hazırda neçə mağazanız var?

– İlk mağazamı 3 il əvvəl açdım. Hazırda Bakıda 4 mağazam var. Daxili bazarla, yanaşı xarici bazara da çıxırıq, bu yaxınlarda Gürcüstanda böyük bir mağaza açdıq. Həmçinin Türkiyədə də bir mağazamız fəaliyyətdədir.

– Digər saat mağazalarından fərqiniz nədir?

– Bizim əsas fərqimiz bundadır ki, müştəri məmnuniyyətinə daha çox əhəmiyyət veririk. Saatlarımızı iki il zəmanətlə müştərilərimizə satırıq. Həmin iki il müddətində saata nəsə olsa, tam ödənişsiz dəyişib, ya da təmir edirik. Hətta müştəri saatı özü qırsa belə, biz onu təmir edirik.

– Hazırda hansı planlarınız var?

– Əsas fikrimiz Azərbaycan brendi istehsal etməkdir. Bunun üçün danışıqlar aparılır. Çinə səfərim zamanı orda saatların istehsalı prosesi ilə tanış olmuşam. Fikriləşirəm ki, nəyə görə “Made in Azerbaijan” brendi olmasın. Artıq danışıqlar gedir, hələ ki, tam məlumat verə bilmirəm. Amma bunu deyə bilərəm ki, ilk istehsal etdiyimiz saat ümummilli liderimiz Heydər Əliyevin adına olacaq. Bunu ona görə edirik ki, hamı görsün, biz liderimizi unutmamışıq.

– Saatlar Azərbaycanda istehsal olunacaq?

– İki fikrimiz var, ya saatın hissələrini xaricdən alıb burda öz ustalarımıza yığdıracağıq, ya da hissələri istehsal edən aparatları alıb, Azərbaycana gətirəcəyik. Hər iki halda saat Azərbaycanda istehsal olunacaq.

– Həmin saatların qiyməti necə olacaq? Satış hər kəsə açıq olacaq?

– Qiyməti dəqiq deyə bilmərəm, amma əmin olun ki, hamıya münasib olacaq. Hər kəs alıb istifadə edə biləcək. Satış da hər kəsə açıq olacaq, bir çox ölkədə satışa çıxarılacaq. Həmin saatı müxtəlif internet satış portallarından və ya elə bizim mağazalarımızdan əldə etmək mümkün olacaq. (AzNews.az)