Xalq artisti Amaliya Pənahova dəfn olundu – Yenilənib

Xalq artisti Amaliya Pənahova dəfn olundu – Yenilənib

Azərbaycanın xalq artisti Amaliya Pənahova “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, tanınmış mədəniyyət və incəsənət xadimləri, dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

11:34

Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, xalq artisti Amaliya Pənahova ilə vida mərasimi başa çatıb.

Vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, tanınmış mədəniyyət və incəsənət xadimləri, rəsmi şəxslər iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan mədəniyyətinə ağır itki üz verib: “Amaliya Pənahova Azərbaycan teatrı üçün bəlkə də əvəzolunmaz şəxslərdən biridir. Bu hadisəyə cəmiyyətimiz tərəfindən olan reaksiya bir daha onu göstərir ki, teatr sənəti çox vacib bir sənətdir. Teatr Azərbaycan xalqının ayrılmaz bir hissəsidir”. Sonra nazir Amaliya Pənahovanın həyat və yaradıcılığından danışıb.

A.Pənahovanın cənazəsi vəsiyyətinə əsasən həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında dəfn olunması üçün “Qurd qapısı” qəbiristanlığına aparılıb.

Qeyd edək ki, A.Pənahova ötən gün xərçəng xəstəliyindən 73 yaşında vəfat edib.

Xatırladaq ki, Amaliya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1962-1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. 1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən Amaliya Pənahova burada 1992-ci ilədək səhnə fəaliyyətini davam etdirib. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və ömrünün sonunadək həmin teatra rəhbərlik edib. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ikinci çağırış Milli Məclisinə deputat seçilib. “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.(report.az)

image description

image description
image description