Telekanal jurnalistinin etirafı – İnsanlara yalan danışırıq

Telekanal jurnalistinin etirafı – İnsanlara yalan danışırıq

“Özbəkistan 24” telekanalının jurnalisti Mavjuda Mirzayeva kun.uz nəşrinə çalışdığı kanalın fəaliyyəti haqda müsahibə verib: “Bizim kanal operativ və tez işləməlidir, ancaq əslində bu, belə deyil”.

qaraqoyunlu.com Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, telekanalın əməkdaşı fikirlərini belə əsaslandırıb.

“Sadə bir misal çəkirəm. Daşkənd şəhər administrasiyası sərmayəçilərlə geniş bir layihəyə başlayıb. Layihəyə görə, udan iş adamlarının biznes palanları təsdiq olunmalı və onlara torpaq sahələri verilməlidir. Mən bu haqda material hazırlamaq istədim, ancaq layihə rəhbərləri administrasiyadan icazə məktubunu istədilər. İndi fikir verin. Mən kiməsə zəng etməliyəm ki, çəkiliş üçün razılıq versinlər. Bu isə doğru deyil. Həm də o məktubu şəhər administrasiyasında bir neçə nəfər imzalamalıdır. Məktub hazırlananadək isə tədbir sona çatacaq.

Biz köhnə sistemlə işləyirik, heç nə dəyişməyib. Kanalın prezidenti tələb edir ki, tez və operativ işləyək. Çəkiliş üçün icazə sənədləri olmayanda süjet hazırlaya bilmirik. Nəticədə vaxt keçir, o mövzu öz aktuallığını itirir. Biz söz azadlığından danışırıq, ancaq bizdə senzura mövcuddur.

Müsahibə zamanı sərmayəçi hər hansı bir problemlə üzləşdiyini desə də biz onun əksini efirə veririk: “Özbəkistanda aparılan islahatlardan çox razıyam”. Məgər bu yalan danışmaq deyilmi? Düşünürsünüz ki, insanlar bunu bilmir? Müasir zamanda hər kəs interneti izləyir və hər şeyi bilir. Onlar anlayır ki, biz yalan danışırıq. Hamı bizim kanala gülür.

Bu etiraflardan sonra onsuz da məni işdə saxlamayacaqlar. Qovsalar da heç nədən qorxmuram. Özümə yeni iş yeri taparam. Mənim vicdanım yalan danışmağa və köhnə sistemdə işləməyə imkan vermir”, deyə jurnalist bildirib.