Ərdoğan Trampla telefonla danışdı

Ərdoğan Trampla telefonla danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefonla danışıb.

Türkiyə mediasına istinadən xəbər verilir ki, liderlər ikitərəfli məsələlərlə yanaşı, Camal Qaşıqçı cinayəti, ABŞ-da davam edən FETÖ araşdırmaları, Suriyada terrorla mübarizə fəaliyyətləri və ikitərəfli iqtisadi əlaqələr haqqında fikir mübadiləsi aparıblar.

Ərdoğan və Tramp Camal Qaşıqçı cinayətinin bütün detallarının açıqlanması və hadisənin ört-basdır edilməsinə yol verilməməsi barədə razılıq əldə edib.

Hər iki lider Münbiç yol xəritəsi çərçivəsində birgə patrul fəaliyyətlərinə görə məmnunluq duyduqlarını ifadə edib.

Prezidentlər bütün terror təşkilatları ilə mübarizə məsələsində daha yaxın iş birliyi çərçivəsində çalışacaqlarını vurğulayıblar.

Ərdoğan Trampla danışığında ABŞ-ın PKK terror təşkilatının Suriya qoluna yardımlarının sona çatdırılması işində gözləntilərini də dilə gətirib.

Türkiyə prezidenti Trampa Kaliforniyadakı meşə yanğınlarında həyatlarını itirənlərə görə başsağlığı verib.

Fransada keçirdikləri görüşdə müzakirə olunan məsələlərin təqibinin əhəmiyyətinə toxunan iki lider ölkələri arasında əməkdaşlığın hər sahədə daha da inkişaf etdirilməsi məsələsində qətiyyət göstərəcəklərini bir daha təsdiq ediblər. (AzNews.az)