İnternetdə səsi ilə məşhurlaşan çoban – “Məni bu səhnədə qoyunlarım tanıdıb”

İnternetdə səsi ilə məşhurlaşan çoban – “Məni bu səhnədə qoyunlarım tanıdıb”

İnternetdə səsi ilə məşhurlaşan çoban Pərvin Səfərov AzNews.az-a müsahibə verib.

Həmin müsahibəni sizə təqdim edirik: 

– Pərvin, artıq 3 aydır ki, Azərbaycan Milli Konservatoriyasının tələbəsiniz. Tələbəlik həyatının sevinci kimi qayğıları, problemləri də var…

– Tələbəlik illəri maraqlı olduğu kimi həm də darıxdırıcıdır. Kurs yoldaşlarımın əksəriyyəti məktəbi bu il bitirib. Dərsdə şuluqluq edirlər. Bu da xoşuma gəlmir, ağsaqqal kişiyəm. Birinci kurs tələbələri çox nadincdirlər, səs-küy salırlar. Hamısı 17 yaşda olan uşaqlardır. Problemsiz tələbə həyatı olar? Qarşıdan imtahanlar, seminarlar gəlir, bir yandan da kirayə xərcləri, bilmirsən hansının qayğısını çəkəsən. Hədindən artıq qayğılı günlərdir. Sağ olsunlar, müəllimlərim məni başa düşürlər, sayırlar və hörmət edirlər. Amma bütün hallarda məsuliyyət də var. Mənim üzərimə isə yalnız oxumaq düşür.

– Sadaladığın bu problemlərin maliyyə xərclərini özün həll edirsən, yoxsa dostlar da kömək edir?

– Tələbəyəm, dostlar kömək edir, axı heç yerdə işləmirəm. Amma müəyyən işlər, toylar, tədbirlər olur, ordan az-maz qazanıram. Həm də öhdəmdə anam, bacım, bir sözlə ailəm var. Onlara da baxmalıyam. Çətinliyi aşıram, özüm də qənaət edirəm. Toylara dəvət alıram, amma çox da tez-tez getmirəm. Ayda hardasa 3 toya gedirəm, onu da yarım saatlıq. Repertuar proqramım var, onu oxuyuram. Onsuz da heç bir müğənni bir saatlıq oxumur, cəmi 15-20 dəqiqə çıxış edirlər. Hiss edirəm ki, səsimə, sənətimə ehtiyacı olan dinləyicilər var. Zənglər də edirlər. Deyirlər səni toyda görmək istəyirik. İmkanı olmayanlar da var. Gücüm çatandan onların arzularını yerinə yetirirəm, amma uzaq olanda gedə bilmirəm. Çünki o yolu getməyə imkanım yoxdur. Bəzən də deyirlər ki, gəl, sənin bütün xərclərini qarşılayacağıq.

– Heyranların daha çox haradadır, şəhərdə yoxsa rayonlarda?

– Hər iki məkanda var. Amma daha çox rayonlardadır. Onlar bəzən çox aşağı qiymət deyirlər, o da açığı mənə sərf eləmir.

– Sirr deyilsə, toy qiymətiniz nə qədərdir?

– Standart qiymət yoxdur. Kim nə verir, onu da götürürəm.

– Bütün müğənnilərin toy qiymətləri var. Siz niyə standart toy qiyməti təyin etmirsiniz?

– Düzdür, toy qiyməti təyin eləməyim daha yaxşı olar. Zəng edənlər toy qiymətimi soruşur. Deyəndə ki, qiymət yoxdur, təəccüblənir. Çoxları zəng etmir, çəkinir, düşünür ki, birdən baha qiymət deyərəm. Az rəqəm deyəndə də inanmırlar, deyirlər niyə belə ucuz qiymətə oxuyursunuz. Düşünürəm ki, kimsə mənimlə işləməlidir. Köməkçim olmalıdır. Rayonda ordan-burdan eşidirlər ki, mən toylara gedirəm. Deyirlər, “Pərvin artıq qiymət oxuyur”. Elə oxuyanlar var ki, nə sənəti var, nə də səsi. Bir dəfə efirə çıxır, toy düşəndə də deyir ki, filan televiziyada olmuşam. Beləcə pulunu artırır. Ötən dəfə biri qonşu kənddən zəng vurub, toylarında iştirak etməyimi xahiş edib. Qiymət deyən kimi dedi ki, sən özünü tutmusan, qiymət oxuyursan. Bakıda hər hansı bir tədbirə gedirsən, iki qat artıq pulunu alırsan. Gərək özünə, sənətinə dəyər verəsən.

– Həyat tərziniz gözləmədiyiniz halda dəyişib. Bir zamanlar çoban idiniz, gününüz çöllərdə qoyun-quzularla keçirdi, indisə geniş səhnədəsiniz…

– İnsanlar var ki, səmimi deyillər, arxamça danışırlar. Qabağa gedirəm deyə bəziləri mənə qısqançlıq, paxıllıq edirlər. Deyirlər, Pərvin özünü tutdu, bəxti gətirdi… Saxta münasibət nümayiş etdirirlər. “O Səs Türkiyə” yarışmasına qatılanda qohumlarım təbrik etdi. Amma mənim tanımadığım musiqiçilər, insanlar vardı ki, sevincini gizlədə bilmirdi. Mədəniyyət Nazirliyi məni kəndə mədəniyyət evinə işə götürəndə orada paxıllıq edənlər daha çox idi. Başıma açmadıqları oyun qalmadı, “işə gəlmir, pambığa getmir”, “burda niyə işləyir” deyə komissiya təşkil etdirdilər. Axırda istəklərinə nail oldular. Məktəbə qəbul olunan kimi ərizə yazıb oradan çıxdım. İnsan uğur qazananda ayağının altını qazanlar da çox olur. Heç vaxt gözləmirdim ki, həyatım belə dəyişər. Elə bilirdim ki, çoban gəldim, çoban da gedəcəm. İllər öncə yol şirkətində işləyəndə işə girmək üçün mədəniyyət evinə müraciət elədim. Dedim, məni götürün bura, mədəniyyət tədbirlərində iştirak edim. Cavab verdilər ki, burda işləyə bilməzsən, gərək diplomun olsun. Sonra eşitdim ki, 2-3 min manat istəyirlər, onu versəydim, işə götürərdilər. Mən də o adamlara dedim ki, ayda 100 manat maaş alacam, 3 mini 3 ilə zorla qazanaram. Həmin vaxt müsabiqə keçirilirdi. Kənddən bu haqda mənə heç nə deməmişdilər, gizlətmişdilər. Neftçala rayonundan zəng etdilər ki, müsabiqə keçirilir, sən də gəl oxu. Şirkətdən icazə alıb müsabiqəyə qatıldım. Ünvanıma alqışlar yağdırıldı… Zaman geçdi, həmin məmurların xəbəri olmadan işə təyin olundum.

– Qoyunlarına kim baxır?

– Qoyunlarım mənim çörək ağacımdır. Nə qədər ucalsam, nə qədər qazansam da onları satmaram. Məni bu səhnədə qoyunlarım tanıdıb. Sıradan bir çoban idim, gedib çöldə onları otaranda oxumasaydım, indi bu zirvədə də deyildim. Qoyunlarıma anam baxır. Ancaq indi bacım baxır, çünki anam əməliyyat olunub, səhhəti imkan vermir.

– Deyirlər ki, ilk sevginiz daşa dəyib. Qızın ailəsi çoban olduğunuzdan onu sənə verməyiblər…

– Artıq onlarla münasibət bitib. Tələbə olanda yazıb təbrik eləmişdilər. İndi başqa yoldayam. Başqasını sevirəm. Sevdiyim qız rayondandır. Bir az işlərimi yoluna qoyum, toy haqqında düşünəcəm. İstəyirəm ki, münasibət qurduğum xanım məni olduğum kimi qəbul etsin. Yoxsa “çobandır” deyib başqasını aşağılamasın. Kim olursansa ol, qarşında bir insan olduğunu unutma. (AzNews.az)

image description
image description
image description