Kiyev Moskvaya etiraz etdi – “Gəmiləri və dənizçiləri geri qaytarın”

Kiyev Moskvaya etiraz etdi – “Gəmiləri və dənizçiləri geri qaytarın”

Xəbər verildiyi kimi, Ukraynanın “Berdyansk”, “Nikopol” və “Yanı Kapu” gəmiləri dünən Krımda saxlanılıb. Məlumata görə, gəmilər Rusiya dənizçilərinin dərhal dayanma tələbinə məhəl qoymayıblar və bununla yanaşı, təhlükəli manevr ediblər. Onların saxlanılması üçün silahdan istifadə edilib. Əməliyyat zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Yaralıların həyatı üçün təhlükənin olmadığı deyilir.

Bu insidentdən sonra Ukrayna prezidenti Petro Poroşenko ölkədə 60 günlük hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı məsələni Ali Radaya göndərib. Bu haqda o, Milli Təhlükəsizlik Şurasının iclasının gedişatında bildirib. Poroşenko Ali Baş Komandan kimi hərbi vəziyyəti bəyənmək xahişi ilə deputatlara müraciət edib. Prezident söz verib ki, bu rejim əhalinin təcili səfərbərliyini bildirmir, yalnız hərbi mükəlləfiyyətlilərin hazırlığına aiddir.

Ötən gecə Kiyevdə Rusiya səfirliyinin avtomobili yandırılıb. Ağ rəngli, “DP-001-019” dövlət seriya nömrəli “Volkswagen Jetta” diplomatik missiyanın yaxınlığında yandırılıb. Kiyev polisi hadisədə əli olanları müəyyənləşdirməyə çalışır.

Ukraynanın xarici işlər nazirliyi isə Rusiya Federasiyasına bu olaylarla bağlı eriraz məktubu göndərib.

Ukrayna mediasına istinadən xəbər verilir ki, məktubda deyilir ki, Rusiya faktiki olaraq dənizdə Ukraynaya qarşı hərbi müdaxiləsini genişləndirib.

Ukraynanın xarici işlər nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda ələ keçirilən Ukrayna gəmilərinin, yaralanan və əsir götürülən dənizçilərin geri qaytarılması tələbi də qoyulub. (AzNews.az)