Biz Azərbaycanın çox güclü 100-minlik ordusu ilə üz-üzə qalacağıq – Vigen Sarkisyan

Biz Azərbaycanın çox güclü 100-minlik ordusu ilə üz-üzə qalacağıq – Vigen Sarkisyan

Ermənistanın sabiq müdafiə naziri, qarşıdakı parlament seçkilərində Ermənistan Respublika Partiyasının siyahısına başçılıq edən Vigen Sarkisyan Nikol Paşinyanı və onun tərəfdarlarını Qarabağ mövzusunda fikir bildirərkən son dərəcə ehtiyatlı olmağa çağırıb.

“Mənim addımım” blokundan deputatlığa namizəd, Qarabağ müharibəsi veteranı Sasun Mikaelyanın qalmaqallı fikrini şərh edərkən Sarkisyan bildirib ki, çox inanmaq istəyir ki, bu, düzəliş idi.

Xatırladaq ki, S.Mikaelyan 26 noyabrda Talin şəhərində keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı bu ilin yazında Ermənistanda Paşinyanın hakimiyyətə gəlişi ilə nəticələnən məxməri inqilabı Qarabağ müharibəsindəki “qələbə” ilə müqayisə edib. Bildirib ki, məxməri inqilab Qarabağ müharibəsindəki “qələbədən” daha mühüm hadisədir. “Bizim xalqımız anlamadı ki, insanlar öz həyatlarını nə üçün qurban verdilər”, – deyə deputatlığa namizəd xüsusi vurğulamışdı.

“Əgər bu, Paşinyanla qabaqcadan razılaşdırılmış bəyanat idisə, onda bunun uzağa gedəcək nəticələri olacaq. Mənim üçün ən dərin problem bu gün baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısının Qarabağın hərbi-siyasi rəhbərliyi ilə əlaqələrdə ictimai bəyanatlar verərək yaratdığı bu böhrandır, hansı ki, çox təhlükəli nəticələrə aparıb çıxara bilər.

Mən hamını bir an dayanmağa və onu unutmağa çağırmaq istəyirəm ki, indi seçkiqabağı mübarizə gedir. 12 gün sonra o qurtaracaq və biz rəqibimizlə, çox yaxşı silahlanmış ordu ilə üz-üzə qalacağıq. Cavab verməyə hazır olmaq lazımdır. Əks halda bizi daxili qurdumuz özü yeyəcək”, – deyə news.am saytının rusdilli versiyası Vigen Sarkisyandan sitat gətirir.

Maraqlıdır ki, news.am saytının erməni dilli versiyasında sabiq müdafiə nazirinin fikri bir qədər başqa cür səslənir: “Mən hamını– baş naziri, bizim Qarabağdakı qardaşlarımızı və ordu rəhbərliyini seçkiqabağı mübarizəni bir anlıq unutmağa çağırıram. O, 12 gün sonra bitəcək və biz rəqibimizlə, onun çox güclü 100-minlik ordusu ilə üz-üzə qalacağıq. Biz cavab vermək üçün hazır olmalıyıq. Bizim daxili qurdumuz bizi yeyəcək”.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 9 dekabrda keçiriləcək. (Virtualaz.org)