Mübariz İbrahimovu təhqir edən ünsürü yetişdirən şəbəkə

Böyük proje, böyük pullar var…

O ünsürün adını çəkməyəcəm.

Bu cür ünsürlər olub və olacaq da.

Birinci dəfə deyil, sonuncu kərə də rastımıza çıxmır.

Sözümün lap başında Azərbaycanın irili-xırdalı bütün xəbər resurslarının rəhbərlərinə müraciət edirəm.

Bu, bir həmkar çağırışıdır.

Dərhal o ünsürün bütün foto və açıqlamalarını öz qaynağınızdan yığışdırın, lütfən!

Mübariz İbrahimovun timsalında milli qəhrəmanlarımızın əleyhinə hədyanlar yağdıranların, ağzına yiyəlik edə bilməyənlərin adını, fotosunu, videosunu tirajlamaq bəlkə beş-on oxucu artıq gətirəcək, ancaq bu cür ünsürlərə mediatik libas geyindirmək haradan baxsaq ictimai və milli maraqlara ziddir.

AzNews.az olaraq bu fitnəyə şərik olmadıq, bu barədə bircə məlumat da olsun yerləşdirmədik.

Azərbaycanda ictimai qıcıq yaratmaq, bunun üçün “sülhpərvər”, “humanist” don geyinərək erməni propoqondası aparmaq sıradan bir ünsürün ağlı və həmləsi deyil.

Əkrəm Əylisli kimi, Rüstəm İbrahimbəyov kimi kaftarların başını çəkdiyi bir trenddir.

Azərbaycanın tarixi şəxsiyyətlərini, görkəmli ziyalılarını, dövlət adamlarını aşağılamaq, gözdən salmaq, milləti millət edən simaları və dəyərləri deqredasiyaya uğratmaq nəhəng bir projedir.

Bu projenin tarix və ədəbiyyat bölümü var, sosial kateqoriyası var, dövlət təşkilatımızdakı, siyasi mühitdəki nüfuzlu, milli heysiyyatı güclü adamlara qarşı kampaniya qolu var, ictimai rəyin formalaşmasına təsir gücü yüksək olan imzalara qarşı qarayaxma aparan alətləri var.

Orduxanın söyüş çətəsini, Xədicənin aralarında bir sabiq deputat da olan qardaş-bacılarını, əsl adı “Allahverdi” olan Aslan İsmayılovun şantaj makinasını xatırlasanız yetər, hamısının adını bir-bir çəkməyə lüzum yox.

İllərdir Azərbaycanı sevən, milli maraqlarımızı hər şeydən üstün tutan adamlar bu projenin icraçılarının hədəfindədir.

Bir az dərinə gedən kimi bəlli olur ki, arxalarında pul var, qrant var, xüsusi şəbəkələr var.

Adını çəkmək istəmədiyim o ünsürlə bağlı qısaca bir araşdırma apardım.

Məlum oldu ki, Azərbaycanda Demokratik Təşəbbüslər İnstitutu adlı bir QHT var, – qeydiyyatdan keçib-keçmədiyini bilmirəm- onun silsilə şəklində təşkil etdiyi “Gənc Liderlər” adlı təlimində yetişibmiş.

Həmin təlimin təşkilatçısına telefon açdım, tədbirin maliyyəsi, o cümlədən qrant sektorunun ünlü isimlərinin məqalə yazdığı, 500 nüsxə ilə kitab şəklində çap olunan vəsaitin mənbəyi ilə maraqlandım.

Demədilər!!!

Onlar deməsə də, hər kəs bilir: bu cür gizli qrantların donorlarından biri məşhur NED təşkilatıdır.

2017-ci ildə “Gəncliyin iştirakçılığı” proqramı üzrə Azərbaycana 43.530 USD, “Gənclərin Mülki İştirakçılığı” proqramı üzrə 28.440 USD, Vətəndaşların siyasi proseslərdə iştirakının gücləndirilməsi layihəsi çərçivəsində Azərbaycandakı tərəfdaşların dəstəklənməsi üçün isə 165.000 USD pul ayırıb.

Həmin pullar Azərbaycana gizli yollarla, müxtəlif adlar altında keçirilib.

Çox güman, Mübariz İbrahimovu təhqir edən ünsürün təlim aldığı “Gənc liderlər” məktəbi də məhz o qaçaq pullarla təşkil olunub.

Ünsürün fərdi məqsədi bəllidir.

Ajiotaj yaratmaq, məşhur olmaq, “mən ermənilərlə sülh istəyirdim, amma ksenofob Azərbaycan cəmiyyətində təzyiqlər üzündən yaşaya bilmədim” deyə Avropaya qaçmaq istəyir.

Heç şübhəsiz, bu məqsədlə haqqında yayılan materialları, statusları “screen” etməklə, toplamaqla məşğuldur.

Azərbaycandan mühacirətə yollanmaq istəyənlər zaman-zaman ən müxtəlif bəhanələr uydurublar, son vaxtlar isə “biz ermənilərlə barış tərəfdarıyıq, bu düşüncəmizə görə bizi sıxışdırırlar” deyə Qərbdəki qaçqın düşərgələrində göz yaşı tökürlər.

Ancaq məsələnin bir başqa tərəfi də var, diqqətinizi ora çəkmək istəyirəm.

Azərbaycanda “Milli qəhrəmanların statusu” haqqında ayrıca qanun yoxdur. Bu barədə 2013-cü ildən bəri dəfələrlə təşəbbüs irəli sürülsə də, Milli Məclisin gündəliyinə daxil ola bilməyib.

Cinayət Məcəlləsində milli qəhrəmanlarımıza həqarət edənlərə qarşı xüsusi bir cəza maddəsi yoxdur.

Sual olunur: Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasında xüsusi rəşadət göstərmiş mülki və ya hərbiçi şəxslərin şərəf və ləyaqəti hansı şəkildə qorunmalıdır?

Əlbəttə, ailə üzvləri məhkəmədə iddia qaldıra bilər, ancaq Azərbaycan uğrunda canından keçmiş Mübariz kimi oğullar bir ailənin qəhrəmanı deyil axı…

Zənnimcə, çox hörmətli Müdafiə nazirimiz, Azərbaycan əsgərinin, zabitinin və generalının ictimai nüfuzunun güclənməsində bir nazir kimi xüsusi əməyi olan Zakir Həsənov bu məsələyə də diqqət yetirəcək.

Bəli, Azərbaycan ictimai şüurunun modifikasiyası dəyişdirilir, GMO-laşdırılır.

İndi isə Azərbaycan əsgərinin döyüş əzmi, Azərbaycan oğlunun vətən uğrunda canından keçmək ləyaqəti, Azərbaycan hərbiçisinin işğalçı ordunun şəxsi heyətini məhv etmək iradəsi hədəfə alınıb.

Burada dayanmaları, dayandırılmaları lazım!

Картинки по запросу taleh şahsuvarlı

Taleh Şahsuvarlı,

AzNews.az xəbər portalının baş redaktoru

Paylaşın:
Share