Poroşenko Avropa Parlamentinin müzakirəsindən “qaçıb” – ukraynalı diplomat

Ukrayna prezidenti Petr Poroşenko tənqiddən qorxduğuna görə Avropa Parlamentinin müzakirəsindən “qaçıb”.

Rusiya mediasına istinadən xəbər verilir ki, bu sözləri Ukraynanın sabiq diplomatı Oleq Voloşin “CapitalTV”nin onlayn studiyasında “Səhvlər üzərində iş” proqramında deyib.

Onun sözlərinə görə, Avropa Parlamentinin deputatları ənənəvi olaraq Ukraynaya dəstək haqda öz fikirlərini səsləndirir və sərt şəkildə Ukrayna hakimiyyətindən uğursuzluqların səbəbini soruşurlar: “Çünki Avropa Birliyi rəsmi Kiyevə lazımı maddi kömək göstərir və onlar istəyir ki, bu ölkədə dəyişiklik baş versin”.

Voloşin bildirib ki, Poroşenkonun müzakirədən “qaçması” dekabrın 11-də Avropa Parlamentinin Strasburqda keçirilən iclasında baş verib: “Həmin gün almaniyalı deputat Mixael Qalerin Avropa Birliyi ilə Kiyev arasında bağlanan razılaşmanın həyata keçirilməsinin nəticələri haqqında təqdim etdiyi hesabat dinləniləcəkdi. Bu zaman müzakirə keçirilməli və həmin müzakirədə Ukrayna prezidenti Petr Poroşenko iştirak etməliydi. Ancaq o, bura gəlmək əvəzinə Brüsselə yollandı”.

Diplomat əlavə edib ki, Avropa Parlamentinin bəzi deputatları Kiyev administrasiyanın Avropa Birliyi standartlarına keçidi dövründə atdığı addımları sərt tənqid etdilər: “Xüsusilə, Avropa Parlamenti ukraynalı fəal Yekaterina Qandzyukun öldürülməsi mövzusu gündəmə gətirildi, Ukraynada korrupsiyanın mövcudluğu haqda suallar verildi, rəsmilərin elektron bəyannamələri ilə bağlı problemlər qeyd edildi. Əgər Poroşenko o müzakirələrdə iştirak etsəydi, bu xoşagəlməz bəyanatlar şəxsən ona ünvanlanacaqdı. Onsuz da o, bu tənqidlərə cavab verə bilməyəcəkdi, çünki fəxri qonaqlar üçün nəzərdə tutulan yerdə əyləşəcəkdi və cavab vermək imkanı olmayacaqdı”. (AzNews.az)

Paylaşın:
Share