“Laçınım mənim” Məhəbbət Kazımovun yox, mənimdir” – QALMAQAL

2001-ci ildə mərhum müğənni Məhəbbət Kazımovun “Təzadlar” qəzetində müsahibəsi dərc olunub.

Müsahibədə müxbir müğənniyə sual verib: “Laçınım mənim” mahnısı sizə şöhrət gətirib. Bu mahnının yaranma tarixi necə olub?”.

Müğənninin cavabı isə belə olub: “Tovuz rayonundan Fəxrəddin Rəhimov adlı bir yol polisi var idi. Tez-tez yazdığı şeirlərdən bizə gətirirdi. Bir gün “Laçınım” adlı şeir gətirdi. Deyəsən, 1997-ci il idi. Baxıb gördüm ki, şeir məntiqli şeirdir, ancaq bədii cəhətdən bir az zəif idi. Şeirin mətninə müəyyən dəyişiklik etdik və həmin vaxt da mahnını bəstələdik. Ancaq sonradan məlum oldu ki, “Laçınım” şeirinin müəllifi Fəxrəddin yox, başqa bir laçınlı şair imiş. Bu şeir hələ 1993-94-cü illərdə həmin şairin kitabında dərc edilib. Sən demə, Fəxrəddin qardaşımız bizi aldadıbmış”…

Fəxrəddin adlı həmin şəxs isə bu gün redaksiyamıza gəldi, həm Məhəbbət Kazımov, həm də “Laçınım” şeiri barədə maraqlı faktlar açıqladı. O, şeirin məhz ona məxsus olduğunu qətiyyətlə israr etdi. Bunu faktlarla göstərməyə çalışdı.

– Salam, Fəxrəddin müəllim. Buyurun, sizi narahat edən nədir?

– Salam. Mən Fəxrəddin Rəhimov çoxlarının marağına səbəb olacaq bir mahnının – “Laçınım mənim” mahnısının yazılma tarixi barədə danışmaq istəyirəm. Uşaqlıqdan ədəbiyyata, musiqiyə, şeir yazmağa həvəsli idim. Rəhmətlik Məhəbbət Kazımovla təxminən 1996-1997-ci illərdə tanış olmuşam. Onun səsinin vurğunu idim. Arada ona bəzi şeirlərimi oxuyurdum. Bir gün “Azəri” restoranının həyətində ikilikdə söhbət edirdik (O vaxt onlar bu restoranda məşq edirdilər). Məhəbbət mənə dedi ki, gör Laçın rayonu haqda bir şeir yaza bilirsənmi? Mən Laçın rayonunda olmamışam. Amma mənim Laçın rayonunda işləmiş polis iş yoldaşım olan Məhərrəm mənə bu rayon haqqında o qədər danışmışdı ki, mən artıq Laçının dağlarını, füsunkar meşələrini, soyuq bulaqlarını, Həkəri çayını və səmimi, açıq qəlbli insanları barədə təsəvvürə malik idim. Laçını olduğu kimi görürdüm…

Mən müharibə veteranıyam. Azərbaycanın hər qarış torpağını sevdiyim üçün elə həmin axşam bu şeiri yazmaq mənim üçün çətin olmadı. Yazdığım dörd bəndlik bu şeiri ertəsi günü Məhəbbətə oxudum. O, çox kövrəldi və mənə bir söz demədən çıxıb getdi. (Hətta bir neçə gün sonra həmin şeiri xalq şairimiz rəhmətlik Bəxtiyar Vahabzadəyə göstərmişdilər. Bəxtiyar müəllim bu şeiri yüksək qiymətləndirmişdi).

– Bəs sonra nə oldu?

3-4 gün sonra tanışım, Məhəbbətin qonşusu və dostu, istedadlı aktyorumuz Yasin Qarayevi gördüm. Yasin müəllim dedi ki, “Fəxrəddin, “Laçınım mənim” şeiri çox bəyənilib və neçə gündür ki, məşqi gedir. Vaxtın olsa, sən də gəl, qulaq as”. Mən məşqə gələndə gördüm ki, ansamblın müşayiəti ilə Könül Kərimova həmin mahnını oxuyur. Məhəbbət də lap arxada oturub qulaq asırdı.

Mən bu şeirin özəyini “Qurani Kərim”dən götürmüşəm: “Allahım, sınaqsa, bəs eylə daha”. Yəni hamımızın, bütün insanların Allahın sınağında olduğunu demək istəmişəm. Bu mahnını bir müddət efirə buraxmadılar. Bəstəkarlar İttifaqından musiqinin fars musiqisi olduğunu bildirmişdilər. Bunu mənə rəhmətlik Məmmədbağır Bağırzadə və bir neçə tanınmış müğənnilər də dedi.

Nəhayət, mahnı Novruz bayramı günü Horadizdə əsgərlərlə görüşdə efirə getdi. Mahnı şöhrət tapanda, hətta polis əməkdaşının belə bir şeir yazması çoxlarına maraqlı görünmüşdü. Bir neçə gündən sonra qəzetlərin birində rəhmətlik Məhəbbət Kazımov yazdırmışdı ki, sözləri və musiqisi özümə məxsus olan… Təbii ki, mən etirazımı bildirdim. Şeirin 1-ci bəndinin 2-ci sətrində mən yazmışam ki, “duman olub torpağında sürünnəm”. Ancaq Məhəbbət “Bulaq olub torpağında sürünnəm” kimi oxuyurdu.

– Bu iradınızdan sonra münasibətiniz necə oldu?

– Mənim haqlı iradımdan sonra münasibətlərimiz pozuldu. O, haqqımda qəzetlərdə düzgün olmayan sözlər yazdırdı. Daha sonra Osman Alıyev adlı əslən Laçın rayonundan olan bir şair tapdılar. (Osman Qaradağ rayonunda coğrafiya müəllimi işləyirdi). Guya, 1993-1994-cü illərdə bu şeir həmin müəllimin kitabında nəşr olunub və mən də bu şeiri o kitabdan köçürmüşəm.

O vaxtlar mənim əleyhimə kampaniya başladı. Hətta, Məhəbbət Kazımovun “Təzadlar” qəzetində bir müsahibəsi də çıxdı. Müsahibədə deyib ki, şeiri ona Fəxrəddin, yəni mən təqdim etmişəm. Ancaq sonradan məlum olub ki, guya bu şeiri 1993-cü ildə laçınlı bir şair yazıb və mən Məhəbbəti aldatmışam.

– Osman müəllimi tapıb məsələni araşdırmadınızmı?

– Sonradan çətinliklə də olsa Osman müəllimi tapdım. Onunla çox səmimi söhbət etdik. Yazılanlar barədə bir daha Osman müəllimi məlumatlandırdım. Osman müəllim mənə dedi ki, mən deməmişəm ki, Məhəbbət Kazımovun oxuduğu mahnının sözlərini mən yazmışam. Mən demişəm ki, mənim də Laçın haqqında belə bir şeirim var.

Amma bir yazı eynilə iki beyinin məhsulu ola bilməz axı…

Mən Osman müəllimin bu sözlərini Məhəbbət müəllimə deyəndə cavab verdi ki, “qoy Osman müəllim gəlib mənim yanımda bunu etiraf etsin, onda mən onun qaşqasından bir yumruq vuraram…”.

Beləliklə, bəzi maraqlı adamların sifarişi ilə bu kitaba səmimilikdən uzaq olan Tacir Səmimi adlı biri saxta ön söz yazıb. Onu oxuyanda nə qədər mənasız və saxta olduğunu görmək mümkündür.

Baxın, Osman müəllim “Laçınım sevincim kədərim mənim” kitabında özü haqda məlumat verir, bildirir ki, bu onun ilk kitabıdır. Kitab da 2000-ci ildə nəşr olunub. Deməli, bu müəllifin 1993-cü ildə heç bir kitabı olmayıb…

– Bəs, bu vaxtadək susmağınızın səbəbi nədir, niyə vaxtında üstünə düşmədiniz?

– Bu haqsızlığa uzun müddət idi ki, öz içimdə dözürdüm. Amma bu yaxınlarda oxuduğum “Min bir mahnı” kitabı diqqətimi çəkdi. Sözügedən Osman müəllim həmin kitabda yazdırıb ki, “Laçınım mənim” mahnısının sözləri ona məxsusdur. Bu, məni çox təəsirləndirdi və mətbuata müraciət etmək qərarına gəldim.

Həyatda ən çox qorxduğum şey kiminsə haqqına girmək, kiməsə haqsızlıq etməkdir. Görünür, Osman müəllim, kiməsə və nəyəsə görə səmimilik hissindən uzaq düşüb. Mən özüm reklamdan uzaq oluram. Əslində, mənim sözlərimə 40-dan çox mahnı bəstələnib. Kitablarım nəşr olunub. Yazıçılar Birliyinin üzvüyəm. Bunları ilk dəfədir ki, açıqlayıram.

Mediaya ona görə çıxdım ki, illərlə hamımızın axtardığı bu suala və içimdəki narahatlığa, haqsızlığa son qoyum.

Mən Tovuz rayonunda doğulsam da, “Laçınım mənim” şeirini ürəyimin hökmü ilə yazmışam. Hörmətli oxucular, indi məsələnin hüquqi qiymətini siz verin, söz sizindir!

***

Məsələ aydındır. Bununla belə, qaranlıq məqamlar hələ də qalmaqdadır. Bu səbəbdən mövzunu diqqətdə saxlayacağıq. Yaşayırsa, söhbətdə adı keçən Osman müəllimi də tapmağa çalışacağıq. (AzNews.az)

Paylaşın:
Share