Tramp Suriyadan çəkilmək üçün ABŞ əsgərlərinə 4 ay vaxt verdi

ABŞ prezidenti Donald Tramp Suriyadakı əsgərlərin geri çəkilməsi üçün 4 ay vaxtları olduğunu deyib.

Türkiyə mediasına istinadən xəbər verilir ki, bu iddia ilə New York Times qəzeti çıxış edib.

Qəzetin ABŞ rəhbərliyindən iki adama istinadən xəbərinə görə, Donald Tramp Pentaqona Suriyadakı hərbi birliklərin tamamilə çəkilməsi üçün dörd ay müddət verib.

New York Times qəzetinə müsahibə verən rəsmilər Trampın İŞİD-ə qarşı mübarizədən məsul olan komandir, general-leytenant Paul J. LaCamera ilə görüşündə bu haqda razılaşma əldə edildiyini vurğulayıb.

Tramp Twitter hesabından etdiyi şərhdə “Prezidentliyim dövründə Suriyada olmağımızın tək səbəbi İŞİD-i məğlub etmək idi, bunu da bacardıq” sözlərini yazıb.

Ağ Evin sözçüsü Sarah Sanders da paylaşdığı statusda “İŞİD-lə mübarizənin yeni mərhələsinə daxil olduğumuz ərəfədə ABŞ əsgərlərini Suriyadan geri çəkməyə başladıq” deyib.

Amerika mediası da yazdıqları xəbərlərdə ABŞ-ın Suriyadakı əsgərlərinin 100 gün içində geri çəkiləcəyini qeyd etmişdi. (AzNews.az)

Paylaşın:
Share