Natiq Əliyev: Şəxsi heyət tibb təminatına aid tapşırıqları yerinə yetirib

Yanvarın 15-də Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin,  tibb hərbi hissə və müəssisələrinin komandirləri (rəisləri), birlik və birləşmələrin tibb xidməti rəislərinin iştirakı ilə 2018-ci tədris ilinin yekununa həsr olunmuş təlim-metodiki toplanış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verilir ki, tədbirdə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Toplantıda çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev bildirib ki, ötən il ərzində ordu quruculuğunun bütün istiqamətlərində olduğu kimi, hərbi tibb sahəsində də qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib. Azərbaycan Respublikasının prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin günü-gündən yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər davam etdirilir.
Nazir müavini görülən tədbirlərin Ordumuzda şəxsi heyətin sağlamlığının qorunmasında müstəsna rol oynadığını, eyni zamanda xəstəliklərin vaxtında aşkar olunması və profilaktik işlərin aparılması üçün həkimlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
General-leytenant K.Vəliyev hərbi həkimlərin bundan sonra da vəzifələrinin öhdəsindən bacarıqla gələcəklərinə əminliyini ifadə edərək, 2019-cu ildə tibb sahəsində görüləcək işlərlə bağlı Müdafiə nazirinin müvafiq tapşırıqlarını vəzifəli şəxslərə çatdırıb.
Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev çıxışında 2018-ci ilin hazırlıq planına uyğun olaraq şəxsi heyətin tibb təminatına aid nəzərdə tutulmuş tapşırıqların bütövlükdə yerinə yetirildiyini, tibb hərbi hissə və müəssisələrin müasir diaqnostik cihazlarla komplektləşdirilərək xəstələrin tam müayinə olunmasına imkan yaradıldığını vurğulayıb.
Sonra tədbirdə 2018-ci tədris ilinin yekununa əsasən müalicə-profilaktika işinin vəziyyəti, bu sahədə görülən işlər və həyata keçirilən tədbirlərin nəticələri barədə məruzələr dinlənilib, 2019-cu ildə qarşıda duran vəzifələr müzakirə edilib.

Paylaşın:
Share