Xameneyinin “Qarabağ İslam torpağıdır” fitvasının açması

Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri və bu ölkənin rəhbərliyi ilə görüşməsi, daha sonra erməni icması qarşısında çıxışının doğurduğu etirazlar davam edir. İran XİN isə Paşinyanın Ararat idman kompleksində Dağlıq Qarabağ münaqişəsinə dair erməni dilində bir neçə plakatın asılmasını “özbaşına atılmış bir addım, qəbuledilməz” adlandırıb.

Bu hadisə İranın özündə də narazılıqla qarşılanıb, xüsusən də İran azərbaycanlıları bu səfəri tənqid edirlər. Və qeyd olunur ki, İranın ali dini lideri Qarabağ münaqişəsi barədə hələ bir neçə il əvvəl fitva verib, bu torpaqları İslam torpaqları adlandırıb. Yeri gəlmişkən, ötən həftə Təbrizdə Cümə namazı sonrası “Qarabağ İslam torpağıdır” yazılmış plakatlarla aksiya keçiriblər. Cümə günü axşam isə Təbrizdə keçirilən futbol yarışında azərbaycanlı azarkeşlər Azərbaycana dəstək şüarları səsləndirib.

Ancaq bu şüarlar da Azərbaycanda irad doğurub. Bir çoxları şüarda “Qarabağ İslam torpağıdır” yazılmasına irad bildirərək, bunu bir mənada İranın Azərbaycana münasibətinin təzahürü kimi qiymətləndirib. Yəni Tehran hələ də Azərbaycanı müstəqil dövlət kimi qəbul etmədiyi üçün Qarabağı Azərbaycan ərazisi kimi deyil, müsəlman torpağı kimi təqdim edir.

İranın Azərbaycandakı səfirliyi ile ilgili görsel sonucu

Qeyd edək ki, mövzu yeni olmadığı və bəzi dəqiqləşdirmələrə ehtiyacı olduğu üçün məsələni araşdırmağa çalışdıq. Qeyd edək ki, “Qarabağ İslam torpağıdır” cümləsi yalnız bir şüar deyil, İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyinin fitvasıdır. Eyni zamanda mərcəyi-təqlid müctəhid olan Əli Xameneyi dini məsələ kimi bu mövzuda fitva verib.

Hələ 2010-cu ildə Ali dini liderin dəftərxanası, SalamNews İnformasiya Agentliyinin Qarabağ münaqişəsi ilə bağlı mövqeyi öyrənmək üçün göndərdiyi sorğusuna cavab verib. Cavabda qeyd olunur ki, “Ayətullah Xameneyinin Qarabağ məsələsində mövqeyi ilk gündən çox açıq və konkret olub. Qarabağ – müsəlman torpaqlarıdır. Onun azadlığı uğrunda ölənlər – şəhiddirlər. Qarabağı işğal etmiş separatçı rejimlə hər cür əlaqə qurmaq – haramdır və qanunla qadağandır. Bu, ilk növbədə bir fəqih kimi onun fətvasıdır. Bu fətva – şəriətin hökmüdür və bütün müsəlmanların mövqeyi belə olmalıdır”.

Eyni zamanda açıqlamada qeyd olunur ki, “bu, həm də ölkə rəhbəri kimi onun siyasi mövqeyidir. Belə ki, separatçı rejimlə hər hansı əlaqə sübut olunarsa, bu barədə cinayət işi qaldırılmalıdır. Onu da bilmək lazımdır ki, bu mövqe heç vaxt dəyişməyəcək”.

Bundan bir qədər sonra, 2012-ci ildə İran parlamentinin Ərdəbil şəhərindən seçilmiş deputatı Mənsur Həqiqətpur dini lider Xameneyinin işğal olunmuş Qarabağla bağlı fitva verdiyini bəyan edib. Modern.az bildirir ki, deputat bu barədə “Səhər” TV-yə müsahibəsi zamanı deyib ki, “Ermənistanla Azərbaycan arasında savaşla bağlı biz Ayətullah Xameneyiyə müraciət etdik ki, ermənilər Qarabağı tutublar. Vəzifə nədir? O Həzrət isə buyurmuşdur ki, Qarabağ İslam torpağıdır və hər kəs oranın azadlığı uğrunda və qeyri-müsəlmanların ora hökmran olmağına qarşı hərəkətdə canını itirsə, şəhid hesab olunur”.

Xameneyi ile ilgili görsel sonucu

Bu fitvalarda Qarabağın Azərbaycan deyil, İslam torpağı kimi tanıdılması fitvanın dini sənəd olması ilə bağlıdır. Müctəhid hökmünü siyasi və ya sosial, tarixi səbəblər üzərində deyil, dini əsaslar üzərinə kökləyir. Bir fitvanın əhəmiyyəti də onun dini baxımdan şərtlərə, ölçülərə uyğun gəlməsidir. Bu mənada fitvada siyasi mənsubiyyət deyil, dini mənsubiyyət əsas gətirilib. Çünki Qarabağda savaşıb ölən insanın şəhid olması üçün onun müsəlman, yəni İslam ölkəsi, torpağı olması şərtdir. Eyni formada Fələstin münaqişəsi Mərakeşdən İndoneziyaya qədər bütün müsəlman ölkələrində dini məsələ kimi qəbul olunur. Əlbəttə, Azərbaycan Qarabağ münaqişəsinin dinlər arasında münaqişə kimi tanıdılmasında maraqlı deyil. Lakin istənilən halda məsələyə dini kontekstdən yanaşdıqda yozum məhz bu formada ortaya çıxır.

Yeri gəlmişkən, 1990-cı illərin əvvəllərində Ayətullah Xameneyi ilə yanaşı, müctəhidlər Ayətullah Qulpayiqani, Fazil Lənkərani kimi şəxslər də Qarabağla bağlı oxşar fitva veriblər.

Ancaq o da məlumdur ki, İran hakimiyyəti həm 1990-cı illərdə, həm də sonrakı dövrdə Ermənistanla münasibətlər qurub və qonşuluq əlaqələrinə vurğu etməklə bu əlaqələrini davam etdirib. Bu isə Bakı ilə Tehran arasında zaman-zaman soyuqluqlara səbəb olub. Xüsusən də atəşkəsdən sonrakı illərdə Azərbaycan və İran münasibətləri müxtəlif səbəblərdən heç də həmişə isti olmayıb, Ermənistan isə mümkün qədər Tehranla yaxınlaşmağa çalışıb. Xəzərin statusu, Azərbaycanın qərbyönlü kursu, eləcə də tarixi mövzulardan doğan mübahisələr Bakı ilə Tehran arasında hər zaman məsafəli davranışa səbəb olub. Ancaq bunun əvəzində İrəvan Tehranla hər hansı ərazi mübahisəsi və ya fikir ayrılığı yaşamayıb və ya bunu üzə çıxarmayıb.

Qeyd edək ki, ötən gün İran İslam Respublikasının Azərbaycandakı səfirliyi son hadisələrlə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, baş nazir Paşinyanın ermənilərlə görüşdə səsləndirilmiş şüar və plakatlar özbaşına hərəkət olub: “İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi bəyan edir ki, İran İslam Respublikasının dövlət rəsmiləri Ermənistanın baş naziri ilə Tehranda yaşayan bir qrup erməninin Ararat klubunda baş tutmuş özəl görüşünə heç bir müdaxilə etməmiş, bu görüşdə asılmış plakat və səsləndirilmiş şüarları, İran XİN-in hörmətli sözçüsünün də dediyi kimi, özbaşına atılmış və qəbuledilməz bir addım kimi qiymətləndirir və bunu pisləyir. Vurğulamaq istərdik ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk və çətin günlərində həmişə Azərbaycan dövləti və millətinin yanında olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləmiş və bu siyasətini dəyişməyəcəkdir. Həmçinin düşünürük ki, Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət prinsipi əsasında və sülh danışıqları yolu ilə iki tərəf arasında həllini tapacaqdır”. (Musavat.com)

Paylaşın:
Share