77 nəfəri öldürən terrorçunun kitabı satışa çıxarıldı

2011-ci ildə 77 nəfərin ölümündə, daha 97 nəfərin yaralanmasında təqsirli bilinən terrorçu Anders Berinq Breyvikin “2083 Avropa İstiqlal Bəyannaməsi” adlı irqçi  manifesti Norveçin ən böyük onlayn kitab mağazalarından birində satışa çıxarılıb.

Bu barədə yerli dövlət kanalı olan “NRK” məlumat yayıb.

Telekanalın qeyd etdiyinə görə, Breyvikin keçən il yazdığı radikal-irqçi məzmunlu mətnlər tərəfdaşları tərəfindən çap edilərək, adıçəkilən onlayn mağazaya yerləşdirilib.

Qalmaqalın ortaya çıxmasından sonra kitab mağazasının satış meneceri Sakari Luovio telekanala açıqlama verərək, bu faktı “çox qorxunc bir hal” adlandırıb və kitabın satışının dərhal dayandırıldığını bildirib.

“Kitabın bizim saytımız vasitəsilə satıldığını biləndə dərhal məsələyə müdaxilə etdik. Bu vaxta qədər satılmış kitabların gəlirlərini də xeyriyyəçilik məqsədlərinə istifadə edəcəyik”, – Luovio belə deyib.

Sözügedən kitabın başqa internet saytları tərəfindən onların onlayn mağazasına yerləşdirildiyini bildirən Luovio, “15 milyondan çox istifadəçimiz var və hər biri saytımızda elan yerləşdirə bilir, bu qədər insanın yerləşdirdiyi kitabları tək-tək nəzərdən keçirməyimiz çətin olsa da, şikayət əsasında şübhəli kitabları satışdan kənarlaşdırırıq”, – deyə əlavə edib. (ONA)

Paylaşın:
Share