Arvadı Tolstoyun əsərindən yataq səhnəsini çıxarıb – 10 maraqlı fakt

Lev Tolstoyun dünya şedevri hesab olunan “Hərb və sülh” romanı haqda 10 maraqlı faktı oxucuların nəzərinə təqdim edirik.

 

1. Bəzi oxucular elə düşünə bilər ki, 1300 səhifəlik “Hərb və sülh” romanı dünyanın ən irihəcmli əsəridir. Əslində isə ən irihəcmli roman XVII əsrdə Fransada yazılmış Jorj de Sküderinin o qədər də məşhur olmayan 13 min səhifəlik, 10 cildlik “Artamene, yaxud Böyük Kir” romanıdır.

 

“Hərb və sülh” romanının ilk iki nəşri altı cilddə nəşr olunmuşdu. Bu gün isə roman 1873-cü ildə Tolstoyun özünün müəyyənləşdirdiyi bölgü üzrə dörd cilddə nəşr olunur.

 

2. Tolstoy “Hərb və sülh”lə bağlı qeydlərini hazırlayarkən ilk əvvəl müharibə haqqında deyil, çar I Nikolayı devirməyə uğursuz cəhd etmiş və otuz illik Sibir sürgünündən sonra bəraət almış dekabristlərdən olan bir rus zabiti barəsində roman yazmağı planlaşdırıb. Amma sonra üsyandan bəhs edən əsərin senzuradan keçməyəcəyini düşünərək mövzunu dəyişib.

 

3. Yazıçı həyat yoldaşı Sofiyanın təkidi ilə bu romandan Pyer Bezuxovla onun birinci həyat yoldaşı Yelenanın zifaf gecəsinin təsvirləri olan hissəni çıxarıb. Sofiya hesab edirdi ki, bu hissə kilsə senzurasından keçməyəcək. Belə ki, o zaman əsərlər iki senzuradan keçməliydi: dövlət senzurası və kilsə senzurası.

 

Image result for voyna i mir

 

4. Rostovlar və Bolkonskilər Tolstoyun öz zadəgan şəcərəsinin prototipləridir. Qeyd edək ki, Nikolay Rostov Tolstoyun atası Nikolaydan xeyli miqdarda borc alıb. Tolstoyun atası zabit kimi 1812-ci il müharibəsinin qəhrəmanı olub. O, romanda öz adıyla xatırlanır. Mariya Bolkonskaya isə Tolstoyun anası Mariya Tolstayanın prototipidir. Bu obrazların “Lısıye Qorı”da yerləşən evi də Tolstoyun ailə malikanəsi olan “Yasnaya Polyana”nı xatırladır.

 

5. Əsərdə elə hissə var ki, Tolstoy onu 26 dəfə yenidən işləyib. Romanın yazılma müddəti beş il çəkib (1863–1869). Tolstoy bu romanı ailə qurandan bir il sonra yazmağa başlayıb. Roman yekunlaşana qədər Sofiya dünyaya dörd uşaq gətirib.

 

6. Tanınmış fransız slavyanşünası Georgi Nivat qeyd edir ki, “Hərb və sülh” romanında fransızca dialoqlar XIX yüzilin əvvəllərində Fransa aristokratiyasının danışıq dili olub. Romanın dili də XIX əsrin əvvəllərində Rusiyada işlənən dilə uyğunlaşdırılıb.

 

7. Tolstoy hesab edirdi ki, əsərə tarixi esselər daxil etdiyi üçün onu sırf roman kimi səciyyələndirmək o qədər də düzgün deyil. Müəllif özü bu əsəri tarixi xronika ilə roman arasında olan bir janr kimi təqdim edirdi.

 

8. Tolstoy bu romanı yazarkən hadisələrin cərəyan etdiyi dövrü həm rus, həm də Avropa mənbələrindən öyrənib, Borodino döyüşünün baş verdiyi yerə gedib; məsələn, romanın ikinci hissəsində fransızlar Nikolay Rostovun qulluqçusu Lavruşkanı Napoleonun qarşısında dindirirlər. Bu səhnədə Tolstoy fransız tarixçisi Tiersin yazdığı bir əhvalatı öz ironik çalarlarını əlavə etməklə nəql edir.

 

9. Bir dəfə Tolstoy Parisdə gilyotinlə icra edilən edamın şahidi olur. Bu hadisə onu sarsıdır və ölüm hökmü əleyhinə baxışlarını qətiləşdirir. Yerli hökumətə söz demək səlahiyyətinə malik olduğundan bir qraf kimi ondan xahiş edilir ki, ölüm cəzası əleyhinə məhkəmədə təbliğat işi aparsın. Amma Tolstoy çox çalışsa da, istəyinə nail ola bilmir. Odur ki, yazıçı sonralar ölüm hökmüylə bağlı baxışlarını romandakı Pyer Bezuxovun dili ilə əks etdirir.

 

10. Belə bir fərziyyə var ki, Tolstoy bu romanı “Müharibə və dünya” adlandırıb. Məlum olduğu kimi, rus dilində “sülh” və “dünya” sözləri “mir” kimi səslənir. 1917-ci il inqilabına qədərki kiril əlifbasında bu sözlər rus dilində eyni cür tələffüz olunsa da, ayrı cür yazılırdı.

 

Tolstoy öz qaralamalarında romanın adını o zamankı əlifbayla “dünya” (mir) kimi yazıb. Amma bu gün mütəxəssislər hesab edirlər ki, sadəcə, təsadüfən bir hərfdə qələmin azca sürüşməsi nəticəsində belə alınıb. (Kulis.az)

Paylaşın:
Share